Məhkəmə qərarları › İş №2(060)-2150/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2150/2023

01.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2150/2023 01.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment və maddi yardım tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu ildə doğulmuş X1 və xx.xx.2021 -ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment və xx.xx.2021 -ci ildə doğulmuş X2 3 yaşı tamam olana kimi ayda 100 manat maddi yardım, mediasiya təşkilatına ödənilmiş 50 manat pulun tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2018-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənib ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2019cu il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü X5 doğulmuşdur. Uşaqlar iddiaçının himayəsindədirlər. Cavabdeh əvvəllər uşaqların saxlanması üçün iddiaçıya maddi yardım göstərirdi. Lakin hazırda maddi köməklik göstərmir. Uşaqlar körpə olduğundan işləmir. Hesab edir ki, respublikada minimum əmək haqqını nəzərə alaraq hər uşaq üçün ayda 220 manat, cəmi 440 manat sabit pul şəklində aliment və xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşı tamam olana kimi ayda 100 manat maddi yardım tutulmalıdır. İddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbini qismən qəbul edərək göstərdi ki, aliment məbləğinin Cavabdeh əmək haqqına yönəldilməsinə, alimentin 1/3 hissəsinin müəyyən edilməsinə və tutulmasına etiraz etmirlər. Lakin körpənin saxlanılması üçün tələb edilən maddi yarıdımın tutulmasını qəbul etmirlər. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, tərəflər xx.xx.2018-ci il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Rəsmi nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 anadan olmuşdur. İşdə olan "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən "xxxx" QSC-də mühəndis vəzifəsində çalışır. Aylıq əmək haqqısı 1200 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçının nümayəndəsi Vəkil1 Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X3 xx.xx.2022-ci il tarixində təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. Vəkil1 ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödədi. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasətinin bir hissəsi də, hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. "Uşaq hüquqları haqqında" Konvensiyasının 27-ci maddəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları va maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasında 2023-cü il üçün “X6” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırki halda xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 yaşlarını, qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, aliment barədə iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. İddia tələbinin maddi yardımla bağlı hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqların doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi maddi yardımla bağlı hissədə də qismən təmin olunmaqla, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat məbləğində maddi yardım tutularaq İddiaçı verilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilməlidir. Eyni zamanda cavabdehdən mediasiya təşkilatına ödənilmiş 50 (əlli) manat tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 02 mart 2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin, xx.xx.2021-ci il təvəllüdlü X2 3 (üç) yaşı tamam olana qədər hər ay 50 (əlli) manat maddi yardımın tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət nəfinə verilsin. İş üzrə ödənilmiş mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar