Məhkəmə qərarları › İş №2(060)-2223/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2223/2021

26.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2223/2021 26.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair ilkin və qarşılıqlı iddiaları üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-6983/2018 saylı qətnaməsi ilə tərəflər arasında xx.xx.2006-cı il tarixli nikah qeydinin ləğv edilməsi, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 iddiaçının himayəsində saxlanmaları qət edilmişdir. Cavabdeh iddiaçıya heç bir maddi yardım göstərməmiş və iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddia ərizəsi təqdim edərək xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-6983/2018 saylı qətnaməsi ilə tərəflər arasında xx.xx.2006-cı il tarixli nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X2 cavabdehin, xx.xx.2013-cü il təvəllüdlü X1 iddiaçının yanında saxlanmaları qət edilmişdir. Cavabdeh hesab edir ki, xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq ona ödənməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, məhkəmə qətnaməsinə əsasən uşaqların birinin onun digərinin isə cavabdehin yanında saxlanmaları qət edilsə də, hal-hazırda hər iki uşaq onunla qalır. Belə ki, təxminən 4 ay əvvəl cavabdeh X3 da ona təhvil vermişdir və uşaq həmin vaxtdan onunla yaşayır. Hər iki uşaq onunla qaldığı üçün cavabdeh ona aliment ödəməlidir. Hazırda bazarda satıcı işləyir və uşaqların saxlanmalarında maddi çətinliklər yaranmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabddeh məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə edərək bildirdi ki, böyük oğlu onun yanında qalmağı seçmişdir və uşaq hazırda onun himayəsindədir. Sadəcə bir neçə ay əvvəl o, işləmək üçün Türkiyə Respublikasına gedmək istəyirdiş Bu səbəbdən uşağı müvıqqıti iddiaçıya vermişdi. İddiaçının aliment tələbi ilə razı deyildir. Qeyd edilənlərə əsasən cavabdeh ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1977-ci ildə, cavabdeh isə xx.xx.1976-cı ildə, Sumqayıt şəhərində anadan olmuşlar. İddiaçı ünvan 1 ünvanında, cavabdeh isə ünvan 2 ünvanında qeydiyyatdadır. 14 saylı Mənzil Kommunal Sahəsindən verilən xx.xx.2020-ci il tarixli, 569 saylı arayışdan görünür ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-6983/2018 saylı qətnaməsi ilə tərəflər arasında xx.xx.2006-cı il tarixli nikahın pozulması, xx.xx.2006cı il təvəllüdlü X2 Cavabdeh, xx.xx.2013-cü il təvəllüdlü X1 isə İddiaçı yanında saxlanmaları qət edilmişdir. Doğum haqqında şəhadətnamələrin notarial təsdiq olunmuş surətlərindən görünür ki, X5 xx.xx.2013-cü ildə, X4 isə xx.xx.2006-cı ildə anadan olmuşlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. xx.xx.2019-cu il tarixli, 319105 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasındakı nikahın xx.xx.2019-cu ildə pozulması 114 saylı akt qeydi ilə qeydə alınmışdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Məhkəmə qeyd edir ki, uşaqların saxlanması və onların maddi ehtiyaclarının ödənilməsi onların hər iki valideyninin vəzifəsidir. Valideyinlər uşaqların saxlanmasında eyni dərəcədə məsuliyyət daşıyırlar. Bu məsələ ilə əlaqədar onların birinin üzərinə az digərinin üzərinə çox məsuliyyət qoyula bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, valideyinlərin maddi vəziyyətlərində əhəmiyyətli dərəcədə fərq olarsa onların üzərlərinə uşaqların maddi təminatı ilə bağlı fərqli öhdəliklər qoyula bilər. İddiaçı hal-hazırda uşaqların hər ikisinin onun yanında olduqlarından onların saxlanmaları üçün cavabdehdən aliment tutulmasını tələb edir. Qeyd ediləməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının birinin iddiaçının, digərinin isə cavabdehin yanında saxlanmaları qət edilmişdir. Bu səbəbdən iddiaçı uşağın onun yanında saxlanması və aliment tələbi barədə iddia qaldıra bilərdi. Lakin, iddiaçı birbaşa aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin birgə nikahlarından olan X4 məhkəmə qətnaməsinə əsasən cavabdehin yanında saxlandığından onun saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutula bilməz. Eyni zamanda qeyd edilməlidir ki, hazırkı halda tərəflərin arasında maddi cəhətdən böyük fərq olması iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarından biri iddiaçının, biri isə cavabdehin yanında saxlandığı üçün ilkin və qarşılıqlı iddialar təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə ilkin iddiası, Cavabdeh İddiaçı qarşı xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıdan hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar