Məhkəmə qərarları › İş №2(060)-2262/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2262/2023

03.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2262/2023 03.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 2015-ci il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X5 adlı bir övladı vardır. Evliliyin ilk vaxtlarında münasibətləri normal olsa da, sonradan cavabdehlə aralarında münaqişələr yaranmışdır. Artıq iki ilə yaxındır ki, ayrı yaşayırlar. Lakin buna baxmayaraq, cavabdeh övladına maddi yardım etmir, atalıq məsuliyyətini dərk etmir. İddiaçı cavabdehdən dəfələrlə uşaq üçün maddi yardım göstərməsini xahiş etmişdir. Lakin bu xahişi nəticəsiz qalmışdır. Göstərilənlərə əsasən birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün mediasiyaya müraciət etdiyi tarix nəzərə alınmaqla, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat mediasiya rüsumunun yarısı, yəni 25 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh öz izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Halhazırda iddiaçı ilə birlikdə yaşamırlar. O, taksi fəaliyyəti ilə məşğuldur və avtomobilə görə kredit ödədəyindən bütün qazancı kredit ödənişlərinə sərf olunur. Eyni zamanda, onun başqa nikahdan iki uşağı da vardır. Onlara hər ay 272 manat aliment ödəyir. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 07 iyun 2016-cı il tarixində verilmiş AZ-İİİ № 776972 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 07 may 2016-cı il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

7. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)- 9878/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ilə X6 arasında xx.xx.2006-cı il tarixdə Sumqayıt şəhər Nikah evində bağlanmış 1585 nömrəli akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X3 anası X4 yanında qalması, Cavabdeh iddiaçı X4 xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq, hər ay, hər uşağa görə 136 manat, cəmi 272 manat məbləğində alimentin tutulması qət edilmişdir.

8. İş materiallarında olan MŞB-5-01716 saylı, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 10 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin faktiki nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X5 adlı bir övladları olmuşdur. Tərəflər ayrıldıqdan sonra uşaq ananın himayəsində saxlanılmışdır. İddiaçı birgə nikahdan olan uşağın saxlanılması üçün aliment tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

11. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

12. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

13. Məhkəmə qeyd edir ki, hazırda aliment öhdəliyi olan şəxsin rəsmi iş yeri olmadığından alimentin ödənilməsi sabit pul məbləğində müəyyən edilməlidir.

14. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

15. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

16. Hazırki vəziyyətdə iddiaçı xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay 220 manat məbləğində aliment tutulmasını tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə maddi imkanının olduğunu, eləcə də, məhz həmin məbləğdə alimentin tutulmasına zərurət olduğunu məhkəmədə sübuta yetirə bilməmişdir.

17. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

18. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

19. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

20. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93)

21. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.

22. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafeyini, cavabdehin hər ay 220 manat sabit pul məbləğində alimentin ödənilməsi üçün kifayət qədər maddi imkanının olmasına dəlalət edən sübutların iddiaçı tərəfindən təqdim edilməməsini, cavabdehin başqa aliment ödəmələrinin olmasını, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyini, habelə yetkinlik yaşına çatmayanlar üçün 2023-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, və Cavabdeh övladı xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

23. Məhkəmə iddia tələbinin “alimentin mediasiyaya müraciət etdiyi tarix nəzərə alınmaqla, yəni xx.xx.2022-ci ildən başlayaraq tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia ərizəsi məhkəməyə 07 mart 2023-cü il tarixdə daxil olduğundan aliment həmin tarixdən başlayaraq tutulmalıdır.

24. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 07 mart 2023-cü il tarixindən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

26. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

27. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

28. Məhkəmə mülki mübahisələr üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilmiş mediasiya xərcinin yarısı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

29. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

30. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

31. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

32. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

33. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 42,8 (qırx iki manat, səksən qəpik) manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yanlız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Nəticə hissəsi:

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 07 mart 2023-cü il tarixindən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin yarısı, 25 (iyirmi beş) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 42,8 (qırx iki manat, səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar