Məhkəmə qərarları › İş №2(060)-2275/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2275/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2275/2021 27.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi ilə, iddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” KB Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2292,01 ABŞ dolları əsas borc, 519,35 ABŞ dolları faiz borcu, 78,96 ABŞ dolları cərimə olmaqla, cəmi 2890,32 ABŞ dolları borc və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 13.08.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 25,5% ödəmək şərtilə 2500 ABŞ dolları məbləğində kredit limiti verilmişdir. Lakin, cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə 05.11.2016-cı il tarixinə iddiaçıya 2292,01 ABŞ dolları əsas borc, 519,35 ABŞ dolları faiz borcu, 78,96 ABŞ dolları cərimə olmaqla, cəmi 2890,32 ABŞ dolları borcu yaranmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 21.11.2016-cı il tarixli, 2(060)-20493/2016 saylı məhkəmə əmri ilə cavabdehdən 2292,01 ABŞ dolları əsas, 519,35 ABŞ dolları faiz, 78,96 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 2890,32 ABŞ dolları məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi qismində 20 manat pulun idiaçının xeyrinə tutulması əmr edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, 2(060)-20493/2016 saylı, 21.11.2016-cı il tarixli məhkəmə əmrinin ləğv edilməsi və işin iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-20493/2016 saylı, 22 yanvar 2021-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş və iş üzrə iddia icraatına keçilmişdir. İddiaçı 27.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin və ya nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1982-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 13.08.2015-ci il tarixli, 4903nkADJ/15 nömrəli kredit və bank hesabı müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 25,5% ödəmək şərtilə 2500 ABŞ dolları məbləğində kredit limiti verilmişdir. Kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh 36 ay müddətinə hər ay 101 manat, sonuncu ay isə 58,48 manat ödəniş etməli idi. İşdə olan maliyyə arayışına əsasən cavabdehin 05.11.2016-cı il tarixinə banka 2292,01 ABŞ dolları əsas borc, 519,35 ABŞ dolları faiz borcu, 78,96 ABŞ dolları cərimə olmaqla, cəmi 5042,29 manat borcu vardır. 01.08.2016-cı il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı ərizənin verilməsi üçün 20 manat dövlət rüsumu ödəmişdir. 10.05.2016-cı il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehi 3 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və 05.11.2016-cı il tarixinə banka 2292,01 ABŞ dolları əsas borc və 519,35 ABŞ dolları faiz borcu qalmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 2292,01 ABŞ dolları əsas borc məbləğinə 78,96 ABŞ dolları cərimənin hesablanaraq tələb edilməsi məqsədə müvafiqdir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 2292,01 ABŞ dolları, faiz borcu üzrə 519,35 ABŞ dolları, cərimə üzrə 78,96 ABŞ dolları olmaqla, cəmi 2890 (iki min səkkiz yüz doxsan) ABŞ dolları 32 (otuz iki) sent (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) məbləğində pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq “xxxx” X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar