Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1342/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Hikmət Həsənlinin iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində kredit müqaviləsi borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, əsas borc kimi 10.906,98 ABŞ dolları, faiz borcu kimi 1.485,56 ABŞ dolları, cərimə kimi 663,63 ABŞ dolları, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixə kimi öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış faiz borcu kimi 19,76 ABŞ dolları, cəmi 13.075,92 ABŞ dolları məbləğində pul, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat Cavabdeh1 iddiaçının xeyrinə tutulsun, tutma Cavabdeh1 məxsus olan ipoteka predmetinə - Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən, ümumi sahəsi 237 kv.m təşkil edən fərdi yaşayış evinə yönəldilsin, evin ilkin satış qiyməti 100.500 manat müəyyən edilsin, ev satıldıqdan 1 ay sonra cavabdehlərin evdən istifadə hüquqları itirilmiş hesab edilsin və ev boşaldılsın. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia Cavabdeh1 aid hissədə rədd edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Hikmət Həsənli apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli 02/15-USD nömrəli kredit müqaviləsi, xx.xx.2016-cı il tarixli 03/16 nömrəli əlavə saziş və xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə saziş bağlanmışdır. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəməmühasibat ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/1385 nömrəli rəyinə görə həmin müqavilə üzrə əsas borcun məbləği xx.xx.2019-cu il tarixinə (maliyyə arayışında göstərilən tarixə) 8.413,36 ABŞ dolları, faiz borcunun məbləği xx.xx.2019-cu il tarixə (müqavilə müddətinin sonuna) 1.025,56 ABŞ dolları təşkil edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi əsas və faiz borcunun məbləğini artıq müəyyən edib. Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixə kimi öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış faiz borcu, yəni 19,76 ABŞ dolları isə düzgün müəyyən edilib. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 448 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə əsas və faiz borcunun məbləğində aid hissədə dəyişdirilərək onların məbləği ekspert rəyində göstərilən məbləğdə müəyyən edilməlidir. Kredit alan kredit öhdəliyini lazımi qaydada icra etmədiyindən tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Qanunun 34-cü maddəsinin göstərişlərinə uyğundur. Birinci instansiya məhkəməsində icraat zamanı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirilib və ilkin satış qiyməti qiymətləndirmə hesabatına uyğun müəyyən olunub. Bank qətnaməni mübahisələndirməyib. Cavabdehin apellyasiya şikayətinə münasibətdə yenidən qiymətləndirmənin keçirilməsi üçün əsas yoxdur. Digər Cavabdeh2 apellyasiya şikayəti vermədiyindən qətnamənin ona aid hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsas, faiz və ümumi borcun məbləğinə aid hissədə dəyişdirilsin. Əsas borc kimi 8.413,36 ABŞ dolları, faiz borcu kimi 1.025,56 ABŞ dolları, kredit müqaviləsinin müddəti bitdikdən sonra faiz borcu kimi 19,76 ABŞ dolları, cəmi 9.458,68 (doqquz min dörd yüz əlli səkkiz tam yüzdə altmış səkkiz) ABŞ dolları tutulsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 150 manatın 75 manatı İddiaçı ASC-dən, 75 manatı Cavabdeh1 Məhkəmə Ekspertizsı Mərkəzinin nəfinə tutulsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1342/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1342/2022
29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver