Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2298/2025 02.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraqaşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində sabit pul məbləğində aliment və uşağın müalicəsi üçün 200 manat maddi yardımın tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını, həmiçinin mediasiaya üçün ödədiyi 50 manat dövlət rüsumunun cavabdehə aid edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurub. Birgə nikahlarından bir övladları var: X4 - xx.xx.2015-ci il təvəllüdlü. Cavabdehlə xasiyyətləri düz gəlmir, belə ki, cavabdeh ailə qayğılarından uzaqdır. Övladı İİ qrup əlildir. Cavabdeh övladının saxlanılması üçün maddi cəhətdən yardım etmir. Ona görə hazırki ərizə ilə məhkəməyə müraciət edir. xx.xx.2019-cu il tarixli “Mediasiya haqqında” AR Qanununa əsasən, vətəndaşlar mediasiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr məhkəməyə müraciət etməmişdən əvvəl ilkin medasiya sessiyasmdan məcburi şəkildə etməlidirlər.Həmin qanun tam olaraq xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. ARMPM-nin 149.2.4-1-ci maddəsinə əsasən, vətəndaş “Mediasiya haqqında” AR Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl medasiya prosesində iştirak olunduğu halda, həmin tələbə riayət edilməsinə dair sənədi iddia ərizəsinə əlavə edilir. Məhz medasiya sessiyasında iştirakları məcburi olduğundan ilkin olaraq sessiyasında iştirak etdilər. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Ona görə məcbur olub məhkəməyə müraciət edir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı ilə faktiki olaraq ayrılsalar da, bir evdə yaşayırlar. O, uşağın tələbatlarını ödəmək üçün cavabdehə müraciət etsə də, heç bir nəticəsi olmadığından məhkəməyə hazırkı tələblə müraciət edib. Cavabdeh hətta 50-100 manat aliment ödəsəydi, yenə də razılaşardı. Hazırda özü heç bir yerdə işləmir. Övladı autizm xəstəliyinin ən ağır formasından əziyyət çəkir. Uşağı daim müalicəvi kurslara, loqopedə aparır, bu da müəyyən xərc tələb edir. Övladının 1 yaş 8 ayından etibarən övladının müalicəsi üçün bütüb yollara əl atıb, hətta həkim övladında müəyyən irəliləyiş olduğunu da deyir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddiaçının dedikləri yalandır. Təkcə o, uşağın tələbtalrını ödəməyib, o da hər zaman uşağı üçün çalışıb. Hazırda 450 manat əmək haqqı alır. Övladı üçün əlindən gələni etməyə, aliment ödəməyə hazırdır. Başqa övladı yoxdur. Aldığı pulun hamısını övladına versə, özünün yaşaması mümkün olmayacaq. Uşağının xəstəliyi peyvənddən sonra yaranıb. Hazırda uşağı müxtəlif kurslara, həkimlərə aparırlar. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. 5.Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin məcburi mediasiya sessiyası üçün 60 manat mediasiya xərci ödəmişdir. 7.İşdə olan AZ-İİ 639175 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X4 anadan olmuşdur. 8.İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X4 ümumi xəstəlik əsası ilə müddətsiz ikinci dərəcəli əlildir. 9.İşdə olan AZ İ 865728 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X2 və Cavabdeh xx.xx.2013-cü il tarixdə Sumqayıt Nikah Evində rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 604 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Bağırzadə soyadı verilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur və onların birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X4 adlı yetkinlik yaşına çatmayan bir uşaqları vardır. Hazırda iddiaçı uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün 244 manat aliment və uşağın müalicəsi üçün 200 manat maddi yardım müəyyən edilməsini istəyir. Cavabdeh iddia tələbini qismən qəbul edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə 11.Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. 12.“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. 13.Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. 14.Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 15.Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. 16.Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). 17.“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
18. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli X7 8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 19.Azərbaycan Respublikasının Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat məbləğində müəyyən edilmişdir.
20. Məhkəmə işin hallarını və uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü nəzərə alaraq hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində (hazırda 400 x 0.5=200 manat məbləğində) sabit pul məbləğində aliment tutulmalıdır. 21.Məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2015-ci il təvəllüdlü X1 müalicəsi üçün 200 manat maddi yardımın tutulub iddiaçıya verilməsi hisəsində qismən təmin olunmalıdır. 22.Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 23.Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. 24.Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. 26.Göründüyü kimi, Ailə Məcəlləsinin 81-ci maddəsində yetkinlik yaşına çatmayan uşaqların yalnız ağır xəstə və ya şikəst olduğu hallarda valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulmuşdur. 27.İş materiallarından görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X3 uşaq autizmi, Kanner sindromu diaqnozu qoyulmuşdur və o, müddətsiz 2-ci dərəcəli əlildir, bununla əlaqədar mütəmadi olaraq müalicəyə ehtiyacı vardır. Cavabdeh tərəf hazırda uşağın müalicəyə ehtiyacı olması halını mübahisələndirmir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar hər ay Cavabdeh İddiaçı xeyrinə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.125 misli həddində (hazırda 50 manat) məbləğində aliment tutulmalıdır.
28. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. 29.Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 30.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 31.“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. 32.İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 33.Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. 34.Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi: 35.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində (hazırda 400 x 0.5=200 manat məbləğində) sabit pul məbləğində aliment və hər ay əlavə olaraq xx.xx.2015-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.125 misli həddində (hazırda 400 x 0.125=50 manat) əlavə xərc tutulsun. Cavabdeh 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva