Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2346/2025 15.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Cavabdeh birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində sabit pul məbləğində alimentin tutulub ona verilməsi, həmçinin mediasiya üçün ödədiyi 50 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədən Cavabdeh hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 (244) misli həddində sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından üç övladları – xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X7 vardır. Cavabdehlə xasiyyətləri uyğun gəlmir. Belə ki, cavabdeh ailə qayğılarından uzaqdır. Cavabdeh övladlarının saxlanılması üçün maddi cəhətdən yardım etmir. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, rəsmi nikahları qüvvədədir. Uşaqların üçü də onun yanındadır. 4 ildir ki, ayrı yaşayırlar. Cavabdeh işləyir, lakin rəsmi iş deyildir. İki yerdə işləyir. 700 manata yaxın əmək haqqı alır. Özü də xadimə işləyir. 200 manat əmək haqqı alır. Minimum hər uşaq üçün 200 manat miqdarında aliment ödənilməsinə razıdır. Çünki uşaqlar hazırlığa və məktəbə gedir. Onların kitabları və dəftərləri üçün pul lazım olur. Demək olar ki, heç bir köməklik göstərmir. Sadəcə uşağın bir hazırlığı üçün 100 manat miqdarında köməklik edir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 824991 seriyalı “Nikah haqqında şəhadətnamə”nin surətindən göründüyü kimi, Cavabdeh ilə X6 arasında xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Sumayıt Şəhər Qeydiyyat Şöbəsində nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 82 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Hacıyeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ 734915, AZ-İİİ 986657 və AZ-İV 531188 seriyalı “Doğum haqqında şəhadətnamə”lərin surətindən görünür ki, tərəflərin nikahından xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X7 doğulmuşdur. İş materiallarında olan ilkin Mediasiya Sessiyasından sonra prossesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024-02682 saylı arayışdan göründüyü kimi, tərəflər prossesin davam etdirilməsinə razlıq verməmişdilər. İddiaçı 50 manat mediasiya xərci və 10 manat poçt xərci ödəmişdir. Aliment tələbinin əsası kimi iddiaçının könüllü şəkildə uşağın saxlanması üçün maddi yardım göstərməməsi, uşağın həm sağlamlığının, habelə təhsil, maddi və digər tələbatlarının ödənilməsində köməklik göstərməməsi kimi hallara istinad etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı aliment təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2025-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qərarın 8.4-2-ci bəndində əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə alimentin miqdarının müəyyən edilməsi ilə bağlı ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, aliment ödəmək öhdəliyi daşıyan valideyn qismində cavabdehin aylıq qazancının və ya digər gəlirə malik olmamasının müəyyən edilməsi mümkün olmadığından ailə qanunvericiliyinin tələbinə əsasən tərəflərin rəsmi nikahdan olan övladlarının saxlanması üçün ödənilməli olan alimentin miqdarı hər ay ödənilməli olan sabit pul məbləği şəklində müəyyən olunmalıdır. Məhkəmə uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurəti nəzərə alınaraq, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün aliment sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli (180:400=0,45) həddində müəyyən edilməlidir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən uşağın təminatının qarşılanması öhdəliyinin valideynlərin hər ikisinə aid olmasını nəzərə almışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməlidir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Aliment tələbi barədə ərizə xx.xx.2025-ci iltarixdə məhkəməyə daxil olduğundan, aliment həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2346/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2346/2025
15.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver