Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2434/2020 15.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Hissəsinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiasıüzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Hissəsinə qarşı qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulan 10.000 manat maddi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 10.030 (on min otuz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, 1972-ci ildən 2010-cu il tarixədək AR Müdafiə Nazirliyinin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində fəaliyyət göstərən Hərbi mağazasında əvvəlcə satıcı, daha sonralar isə həmin mağazanın müdiri vəzifəsində işləmişdir. Hərbi mağaza mülki və hərbi qulluqçulara ərzaq və təsərrüfat mallarının satışı ilə məşğul olmuşdur. 2010-cu ildə Mənzil İstismar Hissəsinin rəisinin razılığı ilə mağazanı icarəyə götürmüş və icarə haqqı ödəmişdir. Dörd aydan sonra heç bir əsas olmadan cavabdeh tərəfindən hərbi mağazanın qapısı qaynaqla bərkidilərək onun orada işləməsinə və orada ona aid olan əşyaların çıxarılmasına imkan verilməmişdir. Həmin vaxt mağazada ona aid olan aşağıdakı adda əşya və mallar olmuşdur: 1 ədəd soyuducu, 2 ədəd soyuducu, 2 ədəd vitrin üçün soyuducu, l ədəd BK Kondisioneri, müxtəlif adda təsərrüfat malları, 1 ədəd televizor və ərzaq malları. Ümumilikdə 2010-cu ildə mağazada ona məxsus olan 10 min manatlıq müxtəlif adda mal-material olmuşdur, həmin əşyaların çoxu arxa qapıdan çıxarılaraq naməlum şəxslər tərəfindən oğurlanmışdır, onun həmin mağazada işləyərək vergi ödəyicisi olmasını AR Vergilər Nazirliyinin 2 saylı X1 180202-********** saylı məktubu təsdiq edir. Məsələ ilə əlaqədar olaraq Sumqayıt Hərbi Prokurorluğuna müraciət etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. O, vergi ödəyicisi kimi xx.xx.2004-cü ildə qeydiyyatdan keçmişdir. Hazırda ona məxsus olan VÖEN №. ********** saylıdır. Dələlərlə məsələ ilə əlaqədar olaraq cavabdehə müraciət etmişdir. Lakin cavabdeh əsassız bəhanələrlə hərbi mağazada olan əşyalarını götürməyə imkan verməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddianı qəbul etmir, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi həmçinin göstərdi ki, cavabdeh müstəqil hüquqi şəxs deyildir, Müdafiə Nazirliyinə tabe olan qurumdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilərək surəti iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirinin 55 saylı, xx xxxxxxxx 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində mənzil-istismar xidməti və mənzil təminatı haqqında» Təlimatın məzmunundan görünür ki, Müdafiə Nazirliyinin Mənzil-X3 nazirinin maddi-texniki təminat üzrə müavininə tabedir (1.1). Rayon mənzil istismar hissəsinin rəisi Müdafiə Nazirliynin Mənzil İstismar İdarəsinin rəisinə tabedir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan iddia tələbi üzrə cavabdeh qismində cəlb edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Hissəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində olmaqla müstəqil hüquqi şəxs statusu daşımır. Buna görə də hazırkı iddia üzrə cavabdeh qismində ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin (MPM) 50.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, …… iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. MPM-nin 54-cü maddəsinə əsasən iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaının razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçıözünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu nəticəyə gəlir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Hissəsinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2434/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2434/2020
15.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver