Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2445/2025 01.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa minimum əmək haqqı məbləğinin (400 manatın) 0,70 misli məbləğində alimentin, tərəfindən ödənilmiş mediasiya xərcinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2008-ci ildə rəsmi nikahla ailə qurmuş və onların birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X11 oglu adında 2 övladları olmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsi ilə nikahları ləğv edilmiş və uşaqların onun öhdəsində qalması qət edilmişdir. Həmin vaxt məhkəmə qətnaməsi ilə aliment tutulmamışdır. Cavabdehlə artıq xeyli müddətdir ki, ayrılmış və müxtəlif ünvanlarda yaşayırlar. O, uşaqlarla maraqlanmır, onların maddi ehtiyaclarını qarşılamır. Mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya təşkilatında da könüllü aliment ödəmək barədə razılığa gəlməmişdir. Uşaqları məktəblidirlər. Cavabdeh fərdi fəaliyyətlə məşğuldur və o da bir ata kimi uşaqların maddi təminatında iştirak etməlidir. Buna görə də ondan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay üçün hər uşağa minimum əmək haqqı məbləginin (400 manatın) 0,70 misli məbləğində aliment tutulmasını məqsədəuyğun bilir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. AZ-T 283021 və AZ-T 283020 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X6 xx.xx.2009-cu ildə, X7 xx.xx.2012-ci ildə anadan olmuşdurlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır.
6. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6327/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, X2 ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixli, 994 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X5 anaları X1 yanında qalması qət edilmişdir.
8. AZ-İ 467563 saylı nikahın pozulması haqqında şəhadətnamənin əslindən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikah ləğv edilmiş, bu barədə Sumqayıt şəhər qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 557 nömrə ilə qeydiyyat aparılmışdır.
Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :
60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
12. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.3-cü bəndinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar.
13. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu : 2025-ci il uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 246 manat məbləğində müəyyən edilmişdir.
14. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçını dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
16. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6327/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X2 ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixli, 994 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 anaları X1 yanında qalmaları qət edilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 adlı yetkinlik yaşına çatmayan övladları vardır. Hazırda iddiaçı xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər uşağa görə minimum əmək haqqının 0,70 misli məbləğində alimentin təyin edilməsini məhkəmədən xahiş edir.
17. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir.
18. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər.
19. Alimentin miqdarına gəldikdə isə məhkəmə qeyd edir ki, Ailə məcəlləsinin 78.2ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
20. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: -tərəflərin maddi və ailə vəziyyəti; -diqqətəlayiq digər hallar; -uşağın əvvəlki təminatının səviyyəsi.
21. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı).
22. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh vergi ödəyicisi olaraq fərdi sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs kimi qeydiyyata alınmaqla gəlir əldə edir.
23. Məhkəmə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, diqqətəlayiq olan digər halları əsas tutaraq, həmçinin, yuxarıda qeyd edilən Plenum qərarı əsasında formalaşmış mövqeyi nəzərə alaraq hesab edir ki, aliment sabit pul məbləğində təyin edilməli və hər uşağa görə 2025-ci il üzrə minimum əmək haqqının 0.615 misli həddində müəyyən edilməlidir.
24. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh X6 və X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.
25. İddiaçı alimentin təyin edilməsinə dair iddia ilə məhkəməyə 25 fevral 2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə müvafiq olaraq hesab edir ki, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni 25 fevral 2025-ci ildən hesablanmalıdır.
26. Bundan əlavə məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, aliment tələbi üzrə iddiaçıları dövlət rüsumu ödəməkdən azad edilsə də, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
27. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən dövlət rüsumu qismində bir il ərzində ödənilməli olan alimentin məbləği nəzərə alınmaqla 79 (yetmiş doqquz) manat, 04 (dörd) qəpik məbləğində pul vəsaiti tutulmalıdır.
Nəticə:
28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq övladı xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqının 0,615 misli həddində (246 manat) sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumu qismində 79 (yetmiş doqquz) manat, 04 (dörd) qəpik məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva