Məhkəmə qərarları › İş №2(060)-2471/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2471/2021

24.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2471/2021 24.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Onun vəkili X1, Cavabdeh2, Onun vəkili X3 iştirakı ilə İddiaçı cavabdehlər Sumqayıt şəhər 3 saylı Notariat Ofisi, Cavabdeh2 və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı «icra qeydinin ləğv edilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Sumqayıt şəhər 3 saylı Notariat Ofisi, Cavabdeh2 və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı «icra qeydinin ləğv edilməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh2 arasında Sumqayıt şəhər 3 saylı DNK-da bağlanmış 04.02,2017-ci il tarixli kredit müqaviləsinin icrası ilə bağlı verilmiş 23.11.2020-ci il tarixli, 8İ-7267 reyestr nömrəli icra qeydinin 19.000 ABŞ dolları hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsalandırdı ki, onunla Cavabdeh2 arasında Sumqayıt şəhər 3 saylı DNK-da bağlanmış 04.02.2017-ci il tarixli kredit müqaviləsində Cavabdeh2 ona 04.02.2020-ci il tarixə kimi qaytarmaq şərti ilə 115.000 ABŞ dolları məbləğində borc pul verməsi qeyd edilmiş, əslində isə o, həmin vaxt cavabdehdən pul almamış və müqavilədə 115.000 ABŞ dolları göstərilsə də, faktiki olaraq bu məbləğ 110.000 ABŞ dolları olmuşdur. Bu müqavilədən sonra o, cavabdehə hər ay 500 ABŞ dolları məbləğində ödəniş etmiş və cavabdeh tərəfindən yazılmış qəbzdə də, onun cvabdehə olan borcunun 110.000 ABŞ dolları olması etiraf edilmişdir. Bu müddətdə o, cavabdehə 2017, 2018 və 2019-cu illər ərzində ümumilikdə 14.000 ABŞ dolları məbləğində pul vermiş və onun cavabdehə 96.000ABŞ dolları məbləğində borcu qalmışdır. Cavabdeh pulu ondan birdəfəlik qaytarmağı tələb etmiş və ödəmiş olduğu pulları isə faizə çıxdığını demişdir. Halbuki aralarında bağlanmış kredit müqaviləsində həmin pulun ona faizə verilməsi barədə qeyd yoxdur. Cavabdeh bundan sonra onun qaytardığı pullar barədə həmin kredit müqaviləsini rəsmiləşdirən Sumqayıt şəhər 3 saylı DNK-na bildirmədən və o, həmin idarəyə dəvət olunmadan 23.11.2020-ci il tarixli icra qeydi Sumqayıt şəhər İcra şöbəsinə təqdim edilmişdir. O, belə bir icra qeydinin verildiyini icra məmurundan öyrənmiş və hazırda həmin sənədlərin surətini Sumqayıt şəhər İcra şöbəsindən götürməklə məhkəməyə müraciət etmişdir. Onun da fikrini öyrənmədən cavabdeh Sumqayıt şəhər 3 saylı DNK-ru kredit müqaviləsində icra qeydinin verilməsi şərtləri, qaydası və müddəti ilə bağlı heç bir şərt olmadığı halda və onu xəbərdar etmədən bu icra qeydini yazmış və sonda onun üzərinə böyük məbləğdə borc yükü qoyulmaqla yanaşı o, ağır bir öhdəliyə cəlb edilmişdir. İcra qeydi borclu kimi onun mənafeyinə uyğun deyil və faktiki olaraq tərəflər arasında borcun məbləği ilə bağlı mübahisə yaranmışdır. Ona görə də, icra qeydi üzrə verilmiş icra sənədi artıq öz əhəmiyyətini itirmişdir və icra qeydi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X2 iddia tələbini əsaslı hesab edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, iddia tələbində qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, iddiaçı iddia tələbində icra qeydi üzrə ona 19.000 ABŞ dollarını ödədiyini qeyd etmişdir. Halbuki həmin məbləğdə pul iddiaçı tərəfindən ona ödənilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkili X4 məhkəmə iclasında iddia tələbini əsassız hesab edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi və Sumqayıt şəhər 3 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin və Sumqayıt şəhər 3 saylı Notariat Ofisinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 04.02.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı 3 il müddətinə 115.000 ABŞ dolları məbləğində pulu borc vermişdir. İş materiallarında olan 23.11.2020-ci il tarixli icra qeydinin surətindən görünür ki, “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən İddiaçı 115.000 ABŞ dolları məbləğində pul və 20 manat məbləğində dövlət rüsumu Cavabdeh2 xeyrinə tutulmalıdır. İş materiallarında olan 30.10.2020-ci il tarixli bildiriş məktubunun surətindən görünür ki, borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfində icra qeydi aparılacağı bildirilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. “Notariat Haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Həmin Qanununun 76-cı maddəsində o da göstərilmişdir ki, borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İddiaçı Cavabdeh2 arasında Sumqayıt şəhər 3 saylı DNK-da bağlanmış 04.02.2017-ci il tarixli kredit müqaviləsinin icrası ilə bağlı verilmiş 23.11.2020-ci il tarixli, 8İ- 7267 reyestr nömrəli icra qeydinin 19.000 ABŞ dolları hissəsində ləğv edilməsini məhkəmədən xahiş edərək, bunu həmin məbləğdə pulu cavabdehə verməsi ilə əsaslandırmışdır. Halbuki, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, icra qeyd verilərkən, iddiaçıya bu barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəfindən Notariusa heç bir məlumat verməmiş və kredit müqaviləsi üzrə tələbi mübahisələndirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Sumqayıt şəhər 3 saylı Notariat Ofisi, Cavabdeh2 və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı «icra qeydinin ləğv edilməsi tələbinə» dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Sumqayıt şəhər 3 saylı Notariat Ofisi, Cavabdeh2 və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı «icra qeydinin ləğv edilməsi tələbinə» dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar