Məhkəmə qərarları › İş №2(060)-248/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-248/2022

25.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-248/2022 25.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı mənzilin naturada bölünməsi və s. tələbinə dair mülki işə Sumqayıt şəhərində 25 aprel 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlu Cavabdeh qarşı paylı mülkiyyətindəki paya kompensasiya verilməsi yolu ilə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh payının naturada ayrılması, payın naturada ayrılması mümkün olmadıqda isə, Cavabdeh 15000 manat kompensasiya verilməklə, onun ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 70,8 kv.m, yaşayış sahəsi 47.4 kv.m olan 35 saylı mənzilə mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh payının naturada ayrılması, payın naturada ayrılması mümkün olmadıqda isə, Cavabdeh razılığı olarsa, ona 15000 manat kompensasiya verilməklə, onun ünvan 1 ünvanmda yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 70,8 kv.m, yaşayış sahəsi 47.4 kv.m olan 35 saylı mənzilə mülkiyyət hüququna xitam verilməsi, cavabdehin buna razılığı olmazsa, tərəflərin ümumi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət ümumi sahəsi. 70,8, yaşayış sahəsi 47.4 kv.m olan 35 saylı mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 70,8, yaşayış sahəsi 47.4 kv.m olan 35 saylı mənzil ataları İsmayılov Dadaş Hüseynqulu oğlunun mülkiyyətində olmuşdur. Mərhum ataları İsmayılov Dadaş Hüseynqulu oğlu 28 iyun 2020-ci il tarixdə vəfat etmişdir. Atalarının vəfatından sonra ondan miras qalmış həmin əmlakı qanun üzrə birinci növbəli vərəsələr olaraq onlar notariat kontoruna müraciət edərək, qəbul etmişdirlər. Cavabdeh isə, mirasın qəbulu barədə yazılı xəbərdarlıq edilsə də, o, miras əmlakı rəsmi şəkildə qəbul etməmiş, bu səbəbdən də onun payı açıq saxlanılmışdır. Hazırda ünvan 1 ünvanında yerləşən 35 saylı mənzil hər birinin payı ¼ hissə olmaqla İddiaçı1, İddiaçı3 və İddiaçı2 mülkiyyətindədir. Cavabdeh isə, yuxarıda qeyd olunduğu kimi mirası faktiki qəbul etsə də, rəsmi şəkildə qəbul etməmiş, bu səbəbdən də onun payı (1/4 hissə) açıq saxlanılmışdır. Cavabdeh onların doğma qardaşları olsa da, onunla mübahisəni məhkəmədən kənar qaydada həll etmək mümkün deyildir. Onlar hər biri miras əmlakın satılaraq payların bərabər bölünməsinə razı olsalar da, Cavabdeh buna razı deyildir və hələ də hesab edir ki, hazırda mənzildə faktiki olaraq o yaşadığı üçün mənzil ona məxsusdur. Qeyd olunanlara əsaslanaraq, iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli mənzil ilə bağlı artıq ekspert rəyi mövcuddur, yəni evin naturada bölünməsi mümkün deyil. Cavabdeh ona 15000 manat kompensasiya verilməklə, ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət mənzilə olan mülkiyyət hüququna xitam verilməsi ilə isə razı deyil. Belə olan halda çıxış yolu ancaq həmin mənzilin hərracda satılmasıdır. Bundan başqa nümayəndə qeyd etdi ki, prosessual qənaət prinsipindən irəli gələrək bu tələbləri bir icraatda birləşdirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, mübahisəli mənzil onun atasınındır. O, hazırda həmin evdə yaşayır və iddiaçıların oraya köçüb yaşamasına razıdır. Belə ki, o, mübahisəli mənzilin bir otağında özü və ailəsinin, digər iki otaqda isə iddiaçıların yaşamasına etiraz etmir. 15000 manata ev almaq mümkün deyil. Evin satılmasına isə razı deyil. İddiaçıların ora köçürülməsinə etiraz etmir. Cavabdeh məhkəmə tərəfindən qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 35 tam mülkiyyət hüququ üzrə İsmayılov Dadaş Hüseynqulu oğlunun adına ********** qeydiyyat nömrəsi ilə 24.10.2008-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan çıxarışın surətindən görünür ki, ünvan 1, 35 saylı mənzil 1/4 hissədə İddiaçı1, 1/4 hissədə İddiaçı2, 1/4 hissədə İddiaçı3 payı müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrində 14210000 qeydiyyat nömrəsi ilə 21.01.2021-ci il tarixdə qeydə alınmışdır, mənzilə dair 1/4 hissədə pay açıq qalmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.03.2022-ci il tarixli, 110/6902 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən 35 nömrəli mənzilin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh hər birinin payı 1/4 hissə olmaqla payların naturada ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə əsasən mümkün deyildir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/22-011 nömrəli 12 yanvar 2022-ci il tarixli yaşayış binasının qiymətləndirilməsi barədə hesabatından görünür ki, İddiaçı1 (1/4 hissə), İddiaçı2 (1/4 hissə), açıq pay (1/4 hissə) və İddiaçı3 (1/4 hissə) məxsus olan ünvan 1 ünvanında yerləşən 35 nömrəli mənzilin 12.01.2022-ci il tarixə olan bazar dəyəri 67000 (altmış yeddi min) manat, likvid dəyəri 57000 (əlli yeddi min) manat məbləğində qiymətləndirilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 35 nömrəli mənzil üzərində İddiaçı1, İddiaçı2, İddiaçı3 –hər birinin ¼ hissədə payı müəyyən edilmiş, mənzilin ¼ hissəsinə dair pay açıq qalmışdır. Tərəflər arasında miras əmlakın satılaraq payların bərabər bölünməsi barədə razılıq əldə edə bilmədikləri üçün mübahisənin məhkəmədən kənar həllinə nail olmamışdırlar. Ona görə də iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh atası İsmayılov Dadaş Hüseynqulu oğlundan miras qalan ünvan 1 ünvanında yerləşən 35 nömrəli mənzilin qəbul edilməsi ilə bağlı notariusa müraciət etmədiyindən ¼ hissə pay açıq saxlanılmışdır. Lakin cavabdeh sözügedən mənzildə faktiki yaşamaqla mirası qəbul etdiyindən və onun istənilən vaxt payının rəsmiləşdirilməsi üçün müvafiq orqanlara müraciət etmək hüququ olduğundan məhkəmə hesab edir ki, cavabdeh hazırki iddiaya cavab verməli olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinin mənasına görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5). Mülki Məcəllənin 213-cü maddəsinin mənasına görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (maddə 213.1). Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (maddə 213.2). Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (maddə 213.3). Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər (maddə 213.5). Həmin Məcəllənin 220-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (maddə 220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (maddə 220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (maddə 220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (maddə 220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (maddə 220.5). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (maddə 220.6). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Qərarda həmçinin qeyd edilmişdir ki, digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Beləliklə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Mübahisə predmeti olan mənzilin naturada bölünməsinin mümkün olub-olmamasını müəyyən etmək üçün məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mübahisəli mənzilin faktiki vəziyyəti üzrə tərəflər arasında 1/4 hissədə paylara uyğun qaydada naturada bölünməsinin mümkün olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 02.03.2022-ci il tarixli, 110/6902 saylı rəy verilmişdir. Ekspert bunu onunla əsaslandırmışdır ki, tədqiq olunan mənzilin faktiki vəziyyətinə, yəni beş mərtəbəli binanın ikinci mərtəbəsində yerləşdiyinə, mənzilin yalnız bir giriş-çıxış qapısı olduğuna və mənzilin tərkibində olan kommunal xidmətli sahələrin (mətbəx, dəhliz və s.) yeganə olduğuna görə İnşaat norma və Qaydalarının 2.08.01.89*-un 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və metodik vəsaitin tələblərinə uyğun qaydada tərəflərin 1/4 hissə olmaqla payların naturada ayrılması texniki cəhətdən mümkün deyil. Məhkəmə hesab edir ki, mənzilin naturada bölünməsinin mümkün olub-olmadığının müəyyən edilməsi xüsusi bilik tələb edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 101-ci maddəsinə görə ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır (101.2). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.3). Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən 35 nömrəli mənzilin 1/4 hissədə bölgüsü mümkün olmadığından mənzilin naturada bölünməsi hissəsində iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında Cavabdeh ünvan 1 ünvanında yerləşən 35 nömrəli mənzildəki payına görə ona 15000 manat kompensasiya ödənilməsinə razı olmadığını bildirmişdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə yalnız onun öz razılığı ilə yol verildiyindən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh razılığı olarsa, ona 15000 manat kompensasiya verilməklə, onun ünvan 1 ünvanmda yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 70,8 kv.m, yaşayış sahəsi 47.4 kv.m olan 35 saylı mənzilə mülkiyyət hüququna xitam verilməsi hissəsində də təmin edilməməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması ilə bağlı növbəti mərhələ - əmlakın hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi mərhələsinə keçilə bilər. Beləliklə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan mənzilin satılması və əldə olunmuş məbləğin aralarında paylarına uyğun olaraq bölüşdürülməsi barədə tərəflər qarşılıqlı razılığa gələ bilmədikdə, həmin mənzilin satılaraq əldə olunmuş gəlirin paylara uyğun olaraq bölünməsi ilə bağlı məhkəməyə müraciət edə və ya öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi, yəni cavabdeh tərəfindən ona ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə paylı mülkiyyətdə olan mübahisəli mənzilin real bölgüsü mümkün olmadığından, iddiaçılar paylı mülkiyyətlərində olan həmin mənzildən istifadə edə bilmədiyindən, iddiaçı tərəfin kompensasiya ödənilməsi ilə bağlı təklifinə cavabdeh tərəf razı olmadığından tərəflərin ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 35 saylı mənzili açıq hərracdan satılmalı, satışdan əldə edilən pul tərəflərin paylarına mütənasib surətdə bölünməlidir. Məhkəmə onu da qeyd edir ki, ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə baxışı zamanı qiymətləndirilmə təyin edilmiş və mənzilin bazar qiymətinin 67000 manat, likvid dəyərinin 57000 manat olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehdən alınmalı və iddiaçılara ödənilməli, 15 manatı iddiaçılara aid edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 50 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza xərcinin 25 manatı cavabdehə aid edilməli, 25 manatı isə iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70,8 kv.m., yaşayış sahəsi 47.4 kv.m. olan 35 saylı mənzil açıq hərraca çıxarılaraq satılsın. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70,8 kv.m., yaşayış sahəsi 47.4 kv.m. olan 35 saylı mənzilin ilkin satış qiyməti 67000 (altmış yeddi min), likvid dəyəri 57000 (əlli yeddi min) manat müəyyən edilsin. Həmin mənzilin açıq hərracdan satışından əldə olunan vəsait tərəflərin paylarına mütənasib surətdə (1/4 hissədə) bölüşdürülsün. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsi tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının xərci olaraq Cavabdeh 25 (iyirmi beş) manat, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 müştərək qaydada 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar