Məhkəmə qərarları › İş №e-2(027)-1170/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1170/2023

30.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1170/2023 30.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Cavabdeh5 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4,Cavabdeh6, Cavabdeh2, Cavabdeh7, həmçinin yetkinlik yaşına çatmayan X3 Quba şəhəri, Gənclər küçəsi, 3-cü dalanda yerləşən 4 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4,Cavabdeh6, Cavabdeh2, Cavabdeh7, həmçinin yetkinlik yaşına çatmayan X3 Quba şəhəri, Gənclər küçəsi, 3-cü dalanda yerləşən 4 saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və yasayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(027)-2478/2016 saylı icra vərəqəsinə uyğun olaraq Cavabdeh1 məxsus Quba şəhəri, Gənclər küçəsi, 3-cü dalanda yerləşən 4 saylı fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli 43/02 saylı hərracın yekunları barədə protokola və xx.xx.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən hərrac vasitəsi ilə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 59.3-cü maddəsinə əsasən “İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsiniən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürülmüş sayılırlar.” Qanundan da göründüyü kimi cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4,Cavabdeh6, Cavabdeh2, Cavabdeh7, həmçinin yetkinlik yaşına çatmayan X5 yaşayış sahəsini 1 (bir) ay ərzində boşaltmalı olduqları halda bu günədək vəzifələrini icra etməmişlər. İddiaçı ASC-nin nümayəndəsi ərizə göndərərək, məhkəmə prosesinin İddiaçı ASCnin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1-ci maddəsinə əsasən hazırki mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh5 iddianı qəbul etməyərək göstərmişdir ki, Quba şəhəri, Gənclər küçəsi, 3-cü dalanda yerləşən 4 saylı fərdi yaşayış evində həyat yoldaşı, oğlu və ailə üzvləri ilə birlikdə yaşayırlar. Cavabdeh1 həyat yoldaşıdır, xəstədir. Başqa yaşayış yerləri yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Firudin atasıdır, 2014-cü ildə evi girov qoyaraq kredit götürmüşlər. X6 adına almışlar, dolların kursu yuxarı olduğundan, ödənişləri edə bilməmişlər. Mülki işin materiallarında olan Hərracın yekunları barədə 18 may 2021-ci il tarixli 43/02 №li protokoldan görünür ki, Cavabdeh1 məxsus Quba şəhəri, Gənclər küçəsi, 3-cü dalanda yerləşən 4 saylı fərdi yaşayış evi hərracda ipoteka saxlayan İddiaçı ASC tərəfindən 47,812,50 manata alınmışdır. Mülki işin materiallarında olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 18 may 2021-ci il tarixli müqavilədən görünür ki, hərracın yekunlarına uyğun olaraq Cavabdeh1 məxsus Quba şəhəri, Gənclər küçəsi, 3-cü dalanda yerləşən 4 saylı fərdi yaşayış evinə dair Quba rayon İcra Şöbəsi ilə alıcı İddiaçı ASC arasında müqavilə bağlanmışdır. Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********94- 10301 olan Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixdə İddiaçı ASC-nin adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə görə müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmanın əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasından görünür ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etməsi üçün 3 dispozitiv şərtin olması vacibdir:1) şəxsin həmin əmlaka mülkiyyət hüququ olmalı;2) həmin əmlak başqasının sahibliyində, həmçinin istifadəsində olmalı; 3) başqasının həmin əmlaka sahibliyi və istifadəsi qeyri-qanuni olmalıdır. İşdəki sübutlardan görünür ki, Quba şəhəri, Gənclər küçəsi, 3-cü dalanda yerləşən 4 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 mülkiyyətçi olmadan, mülkiyyətçi ilə icarə və kirayə müqaviləsi bağlamadan, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslar olmadan həmin evdə yaşamaqla, evdən istifadə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər həsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Yuxarıda göstərilən qanun normalarına istinad edərək, məhkəmə hesab edir ki, ipoteka predmeti olmuş Quba şəhəri, Gənclər küçəsi, 3-cü dalanda yerləşən 4 saylı fərdi yaşayış evinə İddiaçı ASC-nin mülkiyyət hüququ olduğundan və cavabdehlər hazırda heç bir hüquqi əsas olmadan həmin evə qanunsuz sahiblik edib, evdən istifadə etdiklərindən və bununla da iddiaçının mülkiyyət hüquqlarını pozduqlarından, cavabdehlərin həmin evə istifadə hüquqlarına xitam verilərək, iddiaçının sözügedən evə pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. İş üzrə cavabdehlər Quba şəhəri, Gənclər küçəsi, 3-cü dalanda yerləşən 4 saylı fərdi yaşayış evindən qanuni əsaslarla istifadə etmələrini, həmin evin onların qanuni sahiblik və istifadəsində olmalarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdirlər. Beləliklə, məhkəmə Cavabdeh5 izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh2, Cavabdeh7, həmçinin yetkinlik yaşına çatmayan X3 Quba şəhəri, Gənclər küçəsi, 3-cü dalanda yerləşən 4 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4,Cavabdeh6, Cavabdeh2, Cavabdeh7, həmçinin yetkinlik yaşına çatmayan X2 şəhəri, Gənclər küçəsi, 3-cü dalanda yerləşən 4 saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh2, Cavabdeh7, həmçinin yetkinlik yaşına çatmayan X3 Quba şəhəri, Gənclər küçəsi, 3-cü dalanda yerləşən 4 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4,Cavabdeh6, Cavabdeh2, Cavabdeh7, həmçinin yetkinlik yaşına çatmayan X2 şəhəri, Gənclər küçəsi, 3-cü dalanda yerləşən 4 saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar