Məhkəmə qərarları › İş №2(060)-2517/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2517/2024

24.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2517/2024 24.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı «aliment və maddi yardım tələbi»nə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «nikahın pozulması tələbi»nə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı «aliment və maddi yardım tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 17 aprel 2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Hal-hazırda nikahları pozulmamışdır. Birgə nikahdan 23 aprel 2013-cü il təvəllüdlü X3, 15 may 2015-ci il təvəllüdlü X4 oğlu və 11 noyabr 2021-ci il təvəllüdlü X7 oğlu övladları anadan olmuşdur. Cavabdehlə ailə həyatı qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlməmiş, aralarında söz-söhbət yaranmış, bu səbəbdən də hazırda ayrılaraq birgə təsərrüfat idarə etmirlər. İddiaçı hal-hazırda heç bir yerdə işləmir, uşağın maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Cavabdeh isə bir valideyn kimi üzərinə düşən öhdəliyi yerinə yetirməyərək uşaqları ilə maraqlanmır, uşaqların maddi və mənəvi təlabatlarını yerinə yetirilməsində iştirak etmir. Qeyd olunan məsələlərin məhkəmədənkənar qaydada mediasiya seansında nizama salınması üçün iddiaçı tərəfindən cavabdehə mediasiyaya dəvət məktub göndərilmiş, cavabdeh məktubuna cavab vermədiyi üçün iddiaçı tərəfindən mediasiya təşkilatına müraciət olunmuş və o ilkin mediasiya sessiyasında da iştirak etməkdən imtina etdiyi üçün bu barədə iddiaçıya arayış verilmişdir. 23 aprel 2013-cü il təvəllüdlü X3, 15 may 2015-ci il təvəllüdlü X4 oğlu və 11 noyabr 2021-ci il təvəllüdlü X7 oğlunun saxlanması üçün hər uşağa ayda 235 manat sabit pul məbləği olmaqla, ümumilikdə 705 manat aliment tutulmalıdır. Göstərilənlərə əsasən 23 aprel 2013-cü il təvəllüdlü X3, 15 may 2015-ci il təvəllüdlü X4 oğlu və 11 noyabr 2021-ci il təvəllüdlü X7 oğlunun yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa 235 manat sabit pul məbləği, ümumilikdə 705 manat alimentin Cavabdeh tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək, 23 aprel 2013-cü il təvəllüdlü X3, 15 may 2015-ci il təvəllüdlü X4 oğlu və 11 noyabr 2021-ci il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa 235 manat sabit pul məbləği, ümumilikdə 705 manat alimentin və 11 noyabr 2021-ci il təvəllüdlü X7 oğlunun 3 yaşına çatanadək saxlanması üçün 100 manat maddi yardımın Cavabdeh tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Öz növbəsində, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ilə xx.xx.2012-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X3, 15 may 2015-ci il təvəllüdlü X4 oğlu, 11 noyabr 2021-ci il təvəllüdlü X7 oğlu adlı üç övladları olmuşdur. Nikahın ilk vaxtlarında münasibətləri normal olmuşdur. Sonralar bir-birilərini başa düşməmişlər, artıq uzun müddətdir ki, ayrı yaşayırlar. Bundan başqa artıq ailə formal xarakter daşıyır. Boşanmaq fikri qətidir. Ailənin bərpası mümkün deyil. Ailənin qorunub saxlanması üçün məhkəmənin keçirəcəyi tədbirlər müsbət nəticə verməyəcəkdir. Göstərilənlərə əsasən tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli rəsmi dövlət nikahının pozulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

6. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia tələbini müdafiə edərək, təmin edilməsini, qarşılıqlı iddianın təmin edilərək, nikahın pozulmasına etiraz etmədiyini bildirmişdir.

7. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia tələbini müdafiə edərək, təmin edilməsini, ilkin iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi 16 fevral 2024cü il tarixdə verilmiş 3-16-5/8-283/69 saylı arayışdan görünür ki, Cavabdeh və X2 17 aprel 2012-ci il tarixində rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında həmin tarixdə 511 №-li akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Bədəlova soyadı verilmişdir.

10. İş materiallarında olan AZE № 18471375 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 23 aprel 2013-cü il tarixində Sumqayıt şəhərində anadan olmuşdur.

11. İş materiallarında olan AZE № 18471376 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 oğlu 15 may 2015-ci il tarixində Sumqayıt şəhərində anadan olmuşdur.

12. İş materiallarında olan AA3815869 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 oğlu 11 noyabr 2021-ci il tarixində anadan olmuşdur.

13. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024-00436 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci, 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir.

14. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 31 saylı arayışdan görünür ki, Cavabdeh həqiqətən xx.xx.2023-cü il tarixdən hal-hazıra kimi Sumqayıt şəhər İcra hakimiyyəti Memarlıq və şəhərsalma idarəsində sürücü vəzifəsində çalışır. Orta aylıq əmək haqqı isə 389 manat təşkil edir.

15. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsində sürücüvəzifəsində çalışır, aylıq əmək haqqı isə 389 manatdır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər xx.xx.2012-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan üç övladları anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş, hazırda onlar birgə yaşamırlar, ər-arvad münasibətləri kəsilmişdir, birgə təsərrüfat aparmırlar, nikahları formal xarakter daşıyır, ailənin yenidən bərpası mümkün deyildir. Hazırda ilkin iddia üzrə iddiaçı uşaqların saxlanılması üçün aliment və maddi yardımın ödənilməsini tələb edir, qarşılıqlı iddia üzrə iddiaçı isə nikahın pozulmasını məhkəmədən tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

17. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

19. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

20. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

21. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

22. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

23. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafelərini, tərəflərin izahatlarını nəzərə alaraq belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilərək, Cavabdeh övladları xx.xx.2013-cü təvəllüdlü qızının, xx.xx.2015-ci il təvəllüdlü X4 oğlunun və xx.xx.2021-ci il təvəllüdlü X7 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 190 manat olmaqla, ümumilikdə 570 manat sabit pul məbləğində alimentin tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməsi məqsədəmüvafiqdir.

24. Belə ki, ilkin iddia üzrə iddiaçı hər ay sabit pul məbləğində 705 manat miqdarında alimentin tutulmasını tələb etsə də, alimentin məhz həmin məbləğdə tutulması üçün zərurətin mövcudluğunu və ilkin iddia üzrə cavabdehin zəruri imkanlara malik olmasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

25. Həmçinin, iddianın “uşaq üç yaşına çatanadək hər ay 100 manat sabit pul məbləğində vəsaitin tutulması” hissəsinə qiymət verərək məhkəmə hesab edir ki, ilkin iddia tələbi həmin hissədə də qismən təmin olunmalıdır

26. Belə ki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir.

27. Məhkəmə, hesab edir ki, ilkin iddia üzrə cavabdehdən 11 noyabr 2021-ci il təvəllüdlü X7 oğlunun üç yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq ilkin iddia üzrə iddiaçıya verilməlidir.

28. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir.

29. Həmin maddənin 2-ci hissəsinə görə kişi və qadının eyni hüquqları və azadlıqları vardır.

30. Həmçinin, Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

31. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.

32. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

33. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, ilkin iddia üzrə cavabdeh bir valideyn kimi uşaqlarını maddi cəhətdən təmin etməyə borclu olduğu kimi, ilkin iddia üzrə iddiaçı da valideyn olaraq öz uşaqlarını saxlamağa borcludur.

34. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

35. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 04 mart 2024-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

37. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməlidir.

38. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

39. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

40. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

41. Həmçinin, Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.

42. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər nikahın pozulmasını təkid etdiyindən, eyni zamanda ailənin tamlığının saxlanılması mümkün olmadığından tərəflər arasında 17 aprel 2012-ci il tarixində Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 511 № ilə qeyd edilmiş nikah pozulmalıdır.

43. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.

44. Məhkəmə hesab edir ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməlidir.

45. Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən edir.

46. Həmin Məcəllənin 60.1, 60.2 və 60.4-cü maddələrinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

47. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 11-ci bəndində göstərilmişdir ki, nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçun vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ərarvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.

48. Məhkəmə uşaqların mənafelərini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş X3, X4 oğlu və X7 oğlu anaları İddiaçı yanında qalmalıdırlar.

49. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməlidir.

50. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh 04 mart 2024-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2013-cü təvəllüdlü X1, xx.xx.2015-ci il təvəllüdlü X4 oğlunun və xx.xx.2021-ci il təvəllüdlü X7 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 190 (bir yüz doxsan) manat olmaqla, ümumilikdə 570 (beş yüz yetmiş) manat sabit pul məbləğində aliment, habelə 11 noyabr 2021-ci il təvəllüdlü X7 oğlunun üç yaşına çatanadək 50 (əlli) manat məbləğində aliment tutularaq ilkin iddia üzrə İddiaçı verilməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, ilkin iddia tələbi ilə bağlı qətnamə dərhal icra olunmalı, qarşılıqlı iddia tələbi təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında 17 aprel 2012-ci il tarixində Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 511 nömrə ilə qeydə alınmış nikah pozulmalı, tərəflərin birgə nikahlarından anadan olan xx.xx.2013-cü təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 oğlu və xx.xx.2021-ci il təvəllüdlü X7 oğlu anaları İddiaçı yanında qalmalıdırlar.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

53. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

54. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

55. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi:

56. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh 04 mart 2024-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2013-cü təvəllüdlü X1, xx.xx.2015-ci il təvəllüdlü X4 oğlunun və xx.xx.2021-ci il təvəllüdlü X7 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 190 (bir yüz doxsan) manat olmaqla, ümumilikdə 570 (beş yüz yetmiş) manat sabit pul məbləğində aliment, habelə 11 noyabr 2021-ci il təvəllüdlü X7 oğlunun üç yaşına çatanadək 50 (əlli) manat məbləğində aliment tutularaq ilkin iddia üzrə İddiaçı verilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. İlkin iddia tələbi ilə bağlı qətnamə dərhal icra olunsun. Qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 17 aprel 2012-ci il tarixində Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 511 nömrə ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahlarından anadan olan xx.xx.2013-cü təvəllüdlü X3, xx.xx.2015ci il təvəllüdlü X4 oğlu və xx.xx.2021-ci il təvəllüdlü X7 oğlu anaları İddiaçı yanında qalsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar