Məhkəmə qərarları › İş №2(060)-2518/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2518/2023

19.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2518/2023 19.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı Əfəndiyev İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Əfəndiyev İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Əfəndiyev İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 10 iyul 2013-cü il tarixində rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahdan 13 iyul 2014-cü il təvəllüdlü Əfəndiyev Murad İddiaçı oğlu və Əfəndiyeva Şəhla İddiaçı qızı adlı iki övladları var. Tərəflərin ailə qurduqları ilk günlər münasibətləri yaxşı olsa da, sonradan münasibətləri korlanmışdır və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan uşaqların cavabdehin yanında qalması, iddiaçıdan hər ay 136 manat sabit pul məbləğində alimentin xx.xx.2017-ci il tarixdən başlayaraq tutulub, xx.xx.2014-cü il tarixdə doğulmuş Əfəndiyev Murad İddiaçı oğlunun yetkinlik yaşına çatana kimi və hər ay 136 manat sabit pul məbləğində alimentin xx.xx.2017-ci il tarixdən başlayaraq tutulub, xx.xx.2015-ci il tarixdə doğulmuş Əfəndiyeva Şəhla İddiaçı qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh verilməsi, Əfəndiyev İddiaçı hər ay 50 manat maddi yardımın xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixədək və hər ay 50 manat miqdarında maddi yardımın xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixədək tutulub X2 verilməsi qət edilmiş, qətnamə icra edilməsi üçün Bakı şəhər, Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Tərəflər arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə rəsmi qayda da pozulsa da, onlar ayrılmamış və əvvəlki qayda da birgə yaşamağa davam etmişlər, faktiki olaraq cavabdehlə 2022-ci ilin avqust ayınadək bir yerdə yaşamaqla birgə təsərrüfat aparmışlar, evin bütün xərcləri, o cümlədən uşaqların, cavabdehin yeməkiçməyi, geyimləri və bütün sair xərcləri iddiaçı tərəfindən qarşılanırdı, yəni 2022-ci ilin avqust ayınadək birgə ailə şəklində yaşamaqla faktiki ailə münasibətlərində olmuşlar. Lakin buna baxmayaraq, xx.xx.2023-cü il tarixdə Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən iddiaçıya xəbərdarlıq məktubu göndərilərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədinin könüllü olaraq icra edilməsini, əks halda barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəyi qeyd edilmişdir. İddiaçı 2017-ci ilin aprel ayı da daxil olmaqla, 2022-ci ilin avqust ayınadək cavabdehlə birgə yaşamışlar, uşaqlara və cavabdehə iddiaçı baxmış, bütün xərclər iddiaçı tərəfindən qarşılanmışdır. Cavabdehin həmin dövr üçün uşaqların saxlanması məqsədi ilə aliment tələb etməsi iddiaçını ağır maddi duruma salır və cavabdehin əsassız varlanması ilə nəticələnməkdədir. Belə ki, iddiaçı həm faktiki olaraq həmin vaxtlar üçün övladlarının saxlanması üçün nağd şəkildə pullar xərcləmiş, həm də sonradan həmin dövr üçün aliment ödəməli olacaqdır. Göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2017-ci il tarixli, 2(060)- 3535/2017 nömrəli qətnaməsi ilə 10 fevral 2017-ci ildən 10 avqust 2022-ci ilədək olan müddətdə aliment və maddi yardım ödəməkdən azad edilməklə, yığılmış borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2017-ci il tarixli, 2(060)-3535/2017 nömrəli qətnaməsi ilə 10 fevral 2017-ci ildən 10 avqust 2022-ci ilədək olan müddətdə 17.952 manat aliment və 1100 manat maddi yardım ödəməkdən azad edilməklə, yığılmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçı Əfəndiyev İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, iddiaçı 2021-ci il tarixdə özünə məxsus 30.000-40.000 manat dəyəri olan avtomobili idarə etmək üçün cavabdehə, həmçinin onun atasına etibarnamə vermişdir. Bu hal tərəflərin bir yerdə yaşamaqlarını təsdiq edir.

5. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edərək, bildirmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən müəyyən edilmişdir ki, 2017-ci il tarixdə tərəflərin nikahları pozulmamışdan əvvəl 6 aydır ki, ayrı yaşayırdılar. Bundan əlavə, məhkəmə tərəfindən tərəflərin barışması üçün 3 ay vaxt verilsə də, yenə barışıq əldə edilməmişdir. Göründüyü kimi onların münasibətləri həmişə pis olmuşdur. Eyni zamanda, cavabdehin icra şöbəsinə müraciət etməməsinin səbəbi maddi vəziyyətinin yaxşı olması olmuşdur. Belə ki, cavabdehin atası X3 2020-ci ildə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında özünə məxsus torpaq sahəsini 125.000 manata satmışdır. Eyni zamanda, iddiaçı avtomobil alverçisidir. İddiaçı cavabdehin pulu ilə avtomobil almışdır. Bununla əlaqədar etibarnamə vermişdir. Tərəflər arasında avtomobillə əlaqədar ayrı məhkəmə mübahisəsi vardır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-3535/2017 saylı qətnaməsinə əsasən, iddia təmin edilmiş, Əfəndiyev İddiaçı və X5 arasında xx.xx.2013-cü ildə Nəsimi rayon Qeydiyyat şöbəsində bağlanılmış nikahın pozulması, nikahın pozulması ilə əlaqədar Əfəndiyev İddiaçı 15 manat dövlət rüsumunun tutulması, Cavabdeh bu rüsumdan azad edilməsi, xx.xx.2014-ci il tarixdə doğulmuş Əfəndiyev Murad İddiaçı oğlu və xx.xx.2015-ci il tarixdə doğulmuş Əfəndiyeva Şəhla İddiaçı qızının Cavabdeh yanında qalması, Əfəndiyev İddiaçı hər ay 136 manat sabit pul məbləğində alimentin xx.xx.2017-ci il tarixdən başlayaraq tutulub xx.xx.2014-ci il tarixdə doğulmuş Əfəndiyev Murad İddiaçı oğlunun yetkinlik yaşına çatana kimi və hər ay 136 manat sabit pul məbləğində alimentin xx.xx.2017-ci il tarixdən başlayaraq tutulub xx.xx.2015-ci il tarixdə doğulmuş Əfəndiyeva Şəhla İddiaçı qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh verilməsi, Əfəndiyev İddiaçı hər ay 50 manat miqdarda maddi yardımın xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixədək və hər ay 50 manat miqdarda maddi yardımın xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixədək tutulub Cavabdeh verilməsi, alimentə dair hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir.

8. İş materiallarında olan xx.xx.2017-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramiz Quliyev tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-3535/2017 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır.

9. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-3535/2017 saylı icra sənədinə əsasən borclu Əfəndiyev İddiaçı tələbi könüllü icra etmək üçün vaxt verilmişdir. Borclu Əfəndiyev İddiaçı xx.xx.2023-cü il tarixdə bildirişi rəsmi qaydada aldığını imza edərək təsdiqləmişdir.

10. İş materiallarında olan “borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramiz Quliyev tərəfindən xx.xx.2017-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir.

11. İş materiallarında olan “borclunun əmlakının üzərinə həbs qoyulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-3535/2017 saylı icra sənədinə əsasən, Əfəndiyev İddiaçı məxsus “BMW- 530” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı, “Kia Sorento” minik markalı, **-DB- *** dövlət qeydiyyat nişanlı və “Daewoo-Matiz” minik markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbsin qoyulması qərara alınmışdır.

12. İş materiallarında olan Əfəndiyev İddiaçı Nəsimi rayon İcra şöbəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatında qeyd etmişdir ki, 2022-ci ilin avqust ayınadək bir yerdə yaşamışlar, bir yerdə yaşadıqları üçün alimentə dair ödəniş etməmişdir. Yığılmış 19220 manat aliment borcu ilə razı deyil, bununla bağlı məhkəməyə müraciət edəcəkdir.

13. İş materiallarında olan Cavabdeh tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-3535/2017 saylı icra sənədi üzrə borclu Əfəndiyev İddiaçı xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay, hər iki uşaq üçün 136 manat olmaqla, cəmi 272 manat, həmçinin maddi yardıma görə 50 manat tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qərarı verilən tarixdən aliment ödənişi ilə bağlı İddiaçı Əfəndiyevlə aralarında müəyyən müddət barışıq olsa da, sonradan ayrılmışlar, bu səbəbdən İddiaçı Əfəndiyevdən aliment tələb edilməmişdir. Odur ki, alimentin verildiyi tarixdən hazırki vaxta qədər hesablanaraq ona ödənilməsi xahiş olunmuşdur.

14. İş materiallarında olan X10, X8, X4 notarial qaydada təsdiq edilmiş **********603 saylı, xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, onlar Cavabdeh uşaqları Əfəndiyev Murad İddiaçı oğlu və Əfəndiyeva Şəhla İddiaçı qızı və anası X1 ilə birlikdə ünvan 3 ünvanında 2021-ci ilin oktyabr ayına qədər qeydiyyatsız yaşadıqlarını təsdiq etmişlər.

15. İş materiallarında olan ünvan 4 ünvanında yaşayan X7 və ünvan 5 ünvanında yaşayan X11 tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, həqiqətən də Əfəndiyev İddiaçı onların qonşusudur, o, Bakı şəhəri, Nəsimi rayonu, C.M.Qaşqay küçəsi, ev 20, mənzil 14-də yaşayır. 2022-ci ilin avqust ayınadək onun mənzilində özü, həyat yoldaşı Cavabdeh, oğlu Əfəndiyev Murad İddiaçı oğlu və qızı Əfəndiyeva Şəhla İddiaçı qızı ilə birgə yaşamışlar, 2022-ci ilin avqust ayından onun ailəsi, yəni həyat yoldaşı və övladları onun mənzilindən çıxıb getmişdirlər.

16. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi 151 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 69 nömrəli arayışın surətindən görünür ki, Əfəndiyev İddiaçı ünvan 6 ünvanında Cavabdeh, Əfəndiyev Murad İddiaçı oğlu, Əfəndiyeva Şəhla İddiaçı qızı ilə birlikdə xx.xx.2022-ci ilədək yaşamışlar.

17. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1761 saylı arayışdan görünür ki, Cavabdeh Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, ev 86 ünvanında oğlu - Əfəndiyev Murad İddiaçı oğlu və qızı - Əfəndiyeva Şəhla İddiaçı qızı ilə birlikdə qeydiyyatsız yaşayırlar.

18. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt şəhəri N.Tusi adına 12 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 330 nömrəli arayışdan görünür ki, Əfəndiyev Murad İddiaçı oğlu sözügedən məktəbin 3 h sinfində oxuyur.

19. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi Sumqayıt şəhər 33 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 323 nömrəli arayışdan görünür ki, Əfəndiyeva Şəhla İddiaçı qızı həqiqətən də sözügedən məktəbin 1e sinfində oxuyur.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

20. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

22. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır.

23. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz.

24. Tərəflərin birgə nikahdan iki övladının olması, tərəflər arasında nikahın pozulması, uşaqların saxlanılmaları üçün iş üzrə iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir.

25. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-3535/2017 saylı icra sənədi üzrə borclunun xx.xx.2023-cü il tarixə 19.220 manat aliment borcu vardır.

26. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

27. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

28. Eyni Məcəllənin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər.

29. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

30. İlk növbədə məhkəmə qeyd edir ki, aliment üzrə borc dedikdə, məhkəmə qətnaməsi və ya aliment ödənilməsi barədə sazişlə faktiki ödənilmədiyi üçün yığılıb qalan borclar başa düşülür. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici aliment borcundan azad olunmanın əsaslarını müəyyən etməklə şəxsin borcdan azad olunmasını istisna etmir.

31. Göründüyü kimi, iddiaçı cavabdehlə bir evdə yaşayaraq birgə nikahdan olan uşaqların saxlanılması üçün ödənişlər etməsinə istinad edərək iddianın təmin edilməsini tələb edir.

32. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir.

33. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, İddiaçı iddiasının əsası kimi göstərdiklərini məhkəmədə sübuta yetirə bilməmişdir. İddiaçının iddia tələbinin əsası olaraq göstərdikləri, birgə nikahdan olan uşaqların tələbatlarının təmin edilməsi üçün ödənişlər etməsi yalnız özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir əsaslı sübuta əsaslanmır. Belə ki, cavabdeh tərəfin izahatından da göründüyü kimi, nikahın pozulmasına baxmayaraq, tərəflərin bir müddət bir evdə yaşamaları mübahisə olunmayan haldır. Lakin, tərəflərin birgə evdə yaşamaları onların birgə təsərrüfat idarə etmələri və uşaqların təminatının iddiaçı tərəfindən ödənilməsi anlamına gəlməyinə əsas vermir. Məhkəmə hesab edir ki, iddiaçının uşaqların maddi tələbatlarını ödəməsi və bu səbəbdən cavabdehlə ümumi razılıq əsasında aliment ödəməməsi ilə bağlı olan hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

34. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

35. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

36. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

37. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

38. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

39. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

40. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

41. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işüzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

42. Birləşmiş Millətlər Təşkilatının xx.xx.1989-cu ildə qəbul olunmuş “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsində əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində bütün tədbirlərdə uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə əsas diqqət yetirilir. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər.

43. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı Əfəndiyev İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi tələbi"nə dair iddia ərizəsi rədd edilməlidir.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

47. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Əfəndiyev İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi tələbi"nə dair iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar