Məhkəmə qərarları › İş №2(060)-2528/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2528/2021

05.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2528/2021 05.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2002-ci il təvəllüdlü X3, xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər biri üçün 175 manat olmaqla ümumilikdə 525 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2002-ci il tarixdə rəsmi dövlt nikah qeydiyyatından keçməklə ailə həyatı urmuşdur. Birgə nikahlarından xx.xx.2002-ci il təvəllüdlü X3, xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2008-ci il əvəllüdlü X2 adlı 3 övladları olmuşdur. Nikahlarını ilkin vaxtlarında münasibətləri normal olsa da, sonradan münasibətləri pisləşmişdir. Artıq bir ildən çoxdur ki, cavabdehlə ayrı ayşayırlar. Bu müddət ərzində cavabdeh nə onunla, nə də uşaqlarla maraqlanmamış, onların maddi və mənəvi tələbatlarını heç bir şəkildə ödəməmişdir. Hesab edir ki, ata da bir valideyn kimi övladına maddi və mənəvi yardım etməlidir, atalıq məsuliyyətini dərk etməlidir. Uşaqlar hər ikisi məktəblidir, getdikcə böyüyürlər, tələbatları artır. Onların ehtiyaclarını tək başına qarşılaya bilmir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, cavabdehdə Dövlət Neft Şirkətində işləyir. 6 aydır ki, cavabdehlə ayrı yaşayırlar. Həmin vaxt onu avtomobil vurmuş və xəstəxanaya düşmüşdür. Həmin vaxtdan cavabdeh onunla maraqlanmır. O, “Oba market”də çalışır. Cavabdeh ustadır və ana-atası pensiya alır. Lakin, cavabdeh uşaqlara heç bir yardım etmir. Bu qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmənin yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçınin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1983-cü ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkülərin İşləri Üzrə Dövlət Komitəsinin Sumqayıt Şəhər Sektorunun arayışından görünür ki, cavabdeh Qubadlı rayonundan məcburi köçkündür. Sumqayıt şəhəri, 26-cı məhəllə, Şəfa sanatoriyasında qeydiyyatdadır və həmin ünvanda faktiki olaraq yaşayır. Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah akt qeydindən çıxarışdan görünür ki, tərəflər xx.xx.2002-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Nikah bağlandıqdan sonra ərə Əmrahov, arvada Əmrahova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X4 xx.xx.2004-cü ildə, X3 xx.xx.2002-ci ildə, X2 xx.xx.2008-ci ildə anadan olmuşlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (100.2.). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların saxlanması və onların maddi ehtiyaclarının ödənilməsi onların hər iki valideyninin vəzifəsidir. Valideyinlər uşaqların saxlanmasında eyni dərəcədə məsuliyyət daşıyırlar. Bu məsələ ilə əlaqədar onların birinin üzərinə az digərinin üzərinə çox məsuliyyət qoyula bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, valideyinlərin maddi vəziyyətlərində əhəmiyyətli dərəcədə fərq olarsa onların üzərlərinə uşaqların maddi təminatı ilə bağlı fərqli öhdəliklər qoyula bilər. İddiaçı cavabdehdən 525 manat alimentin tutulmasını xahiş etsə də, cavabdehin daimi iş yerinin olması və ya hər hansı şəkildə müntəzəm qazanca malik olması barədə sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd edilən məbləğdə alimentin ödənilməsi öhdəliyini bunun üçün zəruri qazanca malik olmadan bir tərəfin üzərinə qoymaq olmaz. Eyni zamanda tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2002-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatmışdır. Bu səbəbdən tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi nəzərə alınmaqla uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay iki uşağn hər biri üçün 140 manat olmaqla, 280 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması məqsədə uyğundur. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər uşağa görə hər ay 140 manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx xxxxxx 2021-ci il tarixindən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar