Məhkəmə qərarları › İş №2(060)-260/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-260/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-260/2021 15.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin geriyə tələb edilməsi iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «xxxx» ASC Cavabdeh oğluna qarşı ödənilmiş sığorta ödənişinin geriyə tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8360 manat sığorta ödənişinin 3360 manat hissəsinin, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının Cavabdeh tutularaq «xxxx» ASC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «xxxx» ASC ilə X5 arasında 05.04.2019cu il tarixdə sığorta müqaviləsi bağlanaraq ** PN *** dövlət qeydiyyat nömrə nişanlı, “Ravon Nexia” markalı avtomobil, OMİ-014334 nömrəli şəhadətnamə üzrə 3 il müddətinə 16000 manat məbləğində sığortalanmışdır. Həmin avtomobil 26.06.2019-cu il tarixdə Nəsimi rayonu ərazisində hərəkət edərkən, mülkiyyət hüququ əsasında Cavabdeh tərəfindən idarə olunan ** CA *** dövlət qeydiyyat nişanlı, “Volkswagen Tiguan” markalı avtomobil ilə toqquşmuş və nəticədə sığortalanmış avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmişdir. Qüsur aktına əsasən avtomobilə dəymiş zərər 8360 manat müəyyən edilmişdir. 8360 manat sığorta ödənişi X4 ödənilmişdir. Cavabdeh tərəfindən idarə olunan ** CA *** dövlət qeydiyyat nömrə nişanlı, “Volkswagen Tiguan” markalı avtomobil “xxxx” ASC tərəfindən sığortalanmışdır. Ona görə də “xxxx” ASC tərəfindən «xxxx» ASC-ə 5000 manat ödəniş edilmişdir. Yerdə qalan 3360 manat ödənilməmişdir. Ona görə də iddianın təmin edilməsi xahiş olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh izahat verərək bildirdi ki, avtomobilə dəymiş ziyan düzgün hesablanmamış, bu səbəbdən iddia əsassızdır. Qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: -Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, «xxxx» ASC tərəfindən X4 məxsus ** PN *** dövlət qeydiyyat nömrə nişanlı, “Ravon Nexia” markalı avtomobil 05.04.2019-04.04.2022-ci ilədək sığortalanmışdır. - 16.12.2019-cu il tarixli qüsur aktının surətindən görünür ki, ** PN *** dövlət qeydiyyat nişanlı, “Ravon Nexia” markalı avtomobilə 8360 manat zərər dəymişdir. - KSK 2530/2019 saylı, 31.10.2019-cu il tarixli sığorta aktından görünür ki, X4 8360 manat sığorta ödənişi edilmişdir. - İş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. - İşdə olan AD 130883 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Volkswagen Tiguan” markalı, **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Cavabdeh oğludur. - Xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən bildiriş göndərilərək xəbərdar olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası qaydasında sığortalanmış avtomobil Cavabdeh tərəfindən idarə olunarkən sığorta hadisəsinə uğramışdır. Həmin sığorta hadisəsi nəticəsində ** PN *** dövlət qeydiyyat nömrə nişanlı, “Ravon Nexia” markalı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir. Qüsur aktına əsasən avtomobilə dəymiş zərər 8360 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən 8360 manat sığorta ödənişi X4 ödənilmişdir. Cavabdeh tərəfindən idarə olunan ** CA *** dövlət qeydiyyat nömrə nişanlı, “Volkswagen Tiguan” markalı avtomobil “xxxx” ASC tərəfindən sığortalanmışdır. Ona görə də “xxxx” ASC tərəfindən «xxxx» ASC-ə 5000 manat ödəniş edilmişdir. Yerdə qalan 3360 manat ödənilməmişdir. Cavabdeh törətdiyi əməllərə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 03 mart 2021-ci il tarixli, 9/5714 saylı rəyindən görünür ki, iş materiallarında olan 16.12.2019-cu il tarixli qüsur aktı məlumatlarına əsasən 2017-ci il buraxılışlı, mühərrik tutumu 1485 sm3 “Ravon Nexia R3” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən bu cür müəyyən edilir. O cümlədən: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 7336,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 5841,00 manat; Təmir-bərpa işlərinin qiyməti – 1495,00 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 6890,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 5395,00; Təmir-bərpa işlərinin qiyməti – 1495,00 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (883.1.). Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir (886.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (888.1.). Mülki Məcəlləyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (936.5.). Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir (936.6.). Eyni zamanda Mülki Məcəllədə göstərilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1.). Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və Cavabdeh buna gətirib çıxaran əməldə təqsiri iş materialları ilə təsdiq olunur. Dəymiş zərərin məbləği isə, ekspertin rəyi ilə müəyyən olunmuş 6890 manat təmir-bərpa xərcindən 5000 manat sığorta ödənişi çıxıldıqdan sonra qalan 1890 manat həddində müəyyən edilməlidir. Odur ki, iddia qismən təmin olunmalıdır. İddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə münasib olaraq dövlət rüsumunun 16,9 manat hissəsi və 0,40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 13,1 manat isə iddiaçıya aid edilməlidir. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq «xxxx» ASC-dən 22 manat, Cavabdeh 28 manat tutularaq X1 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-234 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1890 manat məbləğində sığorta ödənişi və ödənilmiş 16,9 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçı «xxxx» ASC-ə ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq «xxxx» ASC-dən 22 manat, Cavabdeh 28 manat tutularaq dövlət büdcəsinə X2, kod 210005, VÖEN **********, Müxbir hesab АZ41NABZ**********0000003944, SFİFT BİK - CTREAZ22 hesaba köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar