Məhkəmə qərarları › İş №2(060)-27/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-27/2024

11.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-27/2024 11.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Namazova (Bayramova) Nərmin Nərmayıl qızına qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Namazova (Bayramova) Nərmin Nərmayıl qızından xx.xx.2014-cü il təvəllüdlü Bağırzadə Elnur Tural oğlunun saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü Bağırzadə Elnur Tural oğlu adlı övladı doğulmuşdur. Cavabdehlə 3 ildir ki, faktiki olaraq ayrılmışlar. Hazırda ünvan 1 ünvanında yaşayır. Övladı Elnur Bağırzadə də xx.xx.2022-ci il tarixindən onun himayəsindədir. Cavabdeh uşağına baxmır. Cavabdehlə qeyri-rəsmi yaşayan şəxs X7 övladı Elnura qarşı əxlaqsız hərəkətlər edərək cinayət törətmişdir. Hazırda bu işlə bağlı Gəncə Şəhər Məhkəməsində X5 qarşı Azərbaycan Respublikasının CM-nin 153.2-ci maddəsinə əsasən məhkəmə istintaqı aparılır. Uşaq ana himayəsində olarkən o, cavabdehə uşağın saxlanılması üçün bir dəfəlik 40000 manat aliment ödəməsinə baxmayaraq, cavabdeh həmin puldan uşağın saxlanılması üçün xərcləməmişdir. Həmin vaxtlarda da uşağın bütün ehtiyaclarını o qarşılamışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən övladı Elnur Bağırzadənin onun yanında qalması qət edilmişdir. Faktiki olaraq uşaq xx.xx.2022-ci il tarixindən etibarən onun himayəsində olmaqla onunla yaşayır. Hal-hazırda oğlu Elnur Bağırzadə Sumqayıt şəhəri, 32 saylı tam orta məktəbinin 3A sinifində təhsil alır, uşağın normal yaşaması böyüməsi üçün daimi maddi və mənəvi qayğı zəruridir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz edilməsi barədə yazılı ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində göstərilən tələbi tam əsassızdır. Belə ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə övladı Bağırzadə Elnur Tural oğlu onun himayəsində saxlanılmaqla iddiaçı ilə aralarında olan nikahları pozulmuş və cavabdehdən alimentin tutulması təmin edilmişdir. Sonradan iddiaçı onu aldadaraq onunla barışdıqları və birgə yaşadıqları müddətdə ona guya 40000 manat alimenti övladının 18 yaşına çatanadək ödənilməsi adı ilə qol çəkdirərək aliment tələbinə xitam verilməsi barədə Sumqayıt şəhər icra və probasiya idarəsinə təqdim edərək aliment tələbi üzrə icraata xitam verdirmişdir. Bundan sonra iddiaçı yenə də ondan ayrılmış və ayrı yaşadıqları müddətdə övladı Elnur Bağırzadəni qaçırmışdır. İddiaçı tərəfindən uşağın ondan alınması və uşağının yaşayış yerinin onun yanında olması barədə Gəncə Şəhər Məhkəməsi tərəfindən çıxarılmış qətnamədən apellyasiya şikayəti verilmişdir. Belə ki, övladının yaşayış yeri iddiaçının deyil, onun yanı olmuşdur. Həmçinin bildirir ki, o, yeni ailə həyatı qurduğundan iddiaçının əsassız şikayəti əsasında olan ittihamı ziddiyyətlə dolu ekspert rəylərindən ibarət olmaqla şər və böhtandan ibarətdir. Belə ki, ailə qurduğu həyat yoldaşından iddiaçı hayıf çıxmaq üçün əsassız şikayət vermişdir. O cümlədən bildirir ki, hamilə olduğundan və hamiləliyini ağır keçirdiyindən məhkəmə iclasında iştirak edə bilməyəcək. Əlavə olaraq bildirir ki, o, işləmir və həyat yoldaşının qazancı ilə yaşayır. Həmçinin bildirir ki, iddiaçı özü neft şirkətində işləməklə kifayət qədər əmək haqqı alır və qazancı, gəliri kifayət qədərdir. İddiaçının alimentə ehtiyacı yoxdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Gəncə Şəhər Məhkəməsinin 2(043)-2372/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında xx.xx.2013-cü il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2014-cü il təvəllüdlü Bağırzadə Elnur Tural oğlu X1 yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq, X2 verilməsi qət edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin e-2(125)-162/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, tərəflərin nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü Bağırzadə Elnur Tural oğlunun atası İddiaçı yanında qalması qət edilmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin cavabdeh iştirak etməmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü Bağırzadə Elnur Tural oğlu adlı övladları doğulmuşdur. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2019-cu ildə ləğv edilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 268 nömrəsi ilə qeyd edilmişdir. - Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X3 arasında xx.xx.2022-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 966 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Namazova soyadı verilmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1018/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-162/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3798/2013 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1018/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyində işləyir (böyük geoloq), aylıq əmək haqqı 2392.32 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsi ilə nikah pozulmuşdur. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-162/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü Bağırzadə Elnur Tural oğlunun atası İddiaçı yanında qalması qət edilmiş və həmin qətnamə yuxarı instansiya məhkəmələrində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı işləyir, aylıq əmək haqqısı 2392.32 manat təşkil edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadığını nəzərə alaraq hesab edir ki, iddiaçının xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə iddia təmin edilməlidir. Məhkəmə, tərəflərin birgə nikahından doğulmuş uşağın iddiaçının yanında qalması barədə məhkəmə qətnaməsini nəzərə alır. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşağın yaşını, mənafeyini, qida və digər zəruri xərclərə tələbatlarını, eləcə də diqqətəlayiq maraqlarını, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşağı saxlamağa borclu olduqlarını, iddiaçının müntəzəm gəlirinin olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü Bağırzadə Elnur Tural oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 2640 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 46.4 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2014-cü il təvəllüdlü Bağırzadə Elnur Tural oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Namazova (Bayramova) Nərmin Nərmayıl qızından tutularaq İddiaçı verilsin. İddianın verilməsinə görə 46.4 manat dövlət rüsumu cavabdeh Namazova (Bayramova) Nərmin Nərmayıl qızından tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi alimentin tutulması hissədə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar