Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2709/2022 27.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, 11 dekabr 2013-cü il tarixdə Biləsuvar rayonu Xırmandalı kənd sakini Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nigahdan 12 dekabr 2013-cü il təvəllüdlü Nurlan adlı övladları anadan olmuşdur. Bundan əlavə onun birinci nikahdan mərhum ərindən 13.04.2006-cı il təvəllüdlü Abid adlı oğlu vardır, hal-hazırda onun yanında və himayəsindədir. Ailə həyatı qurandan sonra onlar bir müddət ərzində mehriban yaşasalar da sonradan aralarında teztez narazılıqlar, daha sonra isə münaqişələr yaranmağa başlamışdır. Cababdeh sonuncu dəfə 12 aprel 2021-ci il tarixdə evdə heç bir səbəb olmadan onu döymüş və evdən çıxıb getmişdir. Həmin vaxtdan bu günə kimi ayrı yaşayırlar. Ona görə də məcbur olub uşağına aliment tutulması barədə məhkəməyə müraciət edir. Bununla əlaqədar o, mediasiya xidməti göstərən şəxs X2 müraciət edərək onların ailə mübahisələrində mediator kimi iştirak etməsini xahiş etmiş, bu zaman cavabdehlə aralarındakı münaqişəni nizamlamaq və barışmağa ümid etmişdir. Mediatorun rəhbərliyi ilə onların aralarında mediasiya prosesi keçirilsə də, cavabdeh ailə münasibətlərindən irəli gələn mübahisə üzrə 19 fevral 2022-ci il tarixdə 10:00-11:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin müdiasiya sessiyasında iştirak etməyərək, iştirak etməkdən telefon vasitəsi ilə imtina etmişdir. Bu barədə mediator tərəfindən ona 19 fevral 2022-ci il tarixli 01-02/2022-13600 №-li arayış verilmişdir. Cavabdehlə onların artıq bir ailə kimi birlikdə yaşamaqları mümkün deyil. Bu səbəbdən də o, məcbur olub ilk növbədə uşağın saxlanmasında maddi çətinliklər olduğu üçün aliment tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh işləyərək aylıq kifayət qədər qazancı olsa da, uşağının maddi vəziyyəti ilə maraqlanmır, onun saxlanmasında nə maddi, nə də mənəvi yardım göstərmir. Həmçinin Cavabdeh ilə aralarında aliment tutulması barədə saziş yoxdur. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh məhkəməyə müraciət etdiyi vaxtdan başlayaraq, 12 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsinə “nikahın pozulması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında Biləsuvar rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 dekabr 2013-cü il tarixdə 76 nömrə ilə qeyd edilmiş nikahın pozulması, Cavabdeh məhkəməyə müraciət etdiyi vaxtdan başlayaraq, birgə nikahlarından doğulmuş övladı 12 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 17.05.2022-ci il tarixli, 2(060)-2709/2022 saylı qərardadı ilə ərizə geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun, eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh şəhərdə işləyir, evlərin tikintisi və təmiri işləri ilə məşğuldur. Uşağın saxlanması üçün heç olmasa 175 manat məbləğində aliment ödənilməsini istəyir. Cavabdeh məhkəmə bildirişi və SMS bildiriş göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş gəlməmə səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. 27.04.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, fəhlə işləyir, evi yoxdur, kirayədə yaşayır. Uşağı görmək üçün gedən zaman iddiaçının qardaşları onu qapıdan qovmuş, polisə vermiş, uşağı ilə görüşmək üçün şərait yaratmamışlar. Daimi işi yoxdur, 100 manat məbləğində aliment ödəyə bilər. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, İddiaçı izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 19.02.2022-ci il tarixli, 02-02/2022-13000 №-li arayışdan görünür ki, Cavabdeh əvvəlcədən ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 10 gün əvvəlcədən şəxsən və telefon vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiya xərci ödəmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah, Biləsuvar rayon Qeydiyyat şöbəsində 11.12.2013-cü il tarixində akt qeydləri kitabında 76 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 12.12.2013-cü il tarixində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2022-ci ildə yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında tərəflərin verdiyi izahatları, Cavabdeh həmin məbləği ödəmək üçün daimi iş yerinin olmaması, gəlirinin yetərli olmaması və fərdi qaydada fəhlə işləməsini nəzərə alaraq məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün onun üstün mənafeyi və tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla, hər ay 150 manat sabit pul məbləğində aliment təyin edilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, hazırki yaşayış minimumu həddini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını və maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia qismən tələbi təmin edilərək, 12.12.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 29 mart 2022-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehdan 29.03.2022-ci il tarixindən etibarən 12.12.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Alimentə dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2709/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2709/2022
27.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver