Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2775/2022 06.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 24.10.2016-cı il təvəllüdlü X3 və 14.09.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Əhədov İxtiyar Azər oğlundan hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat alimentin, eyni zamanda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən iddiaçı heç bir yerdə işləmədiyindən azyaşlı, yəni 14.09.2019-cu il təvəllüdlü X4 qulluq etməsi ilə əlaqədar hər ay 100 manat alimentin tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdeh Cavabdeh ilə 27.12.2015-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Nikahlarından 24.10.2016-cı il təvəllüdlü X6 və 14.09.2019-cu il təvəllüdlü X5 adlı iki övladları olmuşdur. Əvvəllər münasibətləri normal olsa da, daha sonra ailəyə olunan müdaxilələr nəticəsində aralarında çoxsaylı münaqişələr yaranmışdır. Cavabdeh ailəyə baxmamış, maddi cəhətdən kömək etməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə bildirdi ki, cavabdeh işləyir, ailənin saxlanılmasında iştirak etmir. Nikah dövründə aylıq evə 1500 manatadək gəlir gətirirdi. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, iddia tələbində qeyd edilən aliment məbləğinə razı olmadığını, iki uşaq üçün aylıq 200 manat aliment ödəyə biləcəyini, nikah dövründə atasının köməyi ilə ailəni dolandırdığını bildirdi. Bütün bunların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçının, onun vəkili-nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnamələrin notarial təsdiq olunmuş surətindən görünür ki, tərəflərin 24.10.2016-cı il təvəllüdlü X6 və 14.09.2019-cu il təvəllüdlü X5 adlı iki övladları vardır. - nikah haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Sumqayıt “ASAN Xidmət” X2 27.12.2015-ci il tarixdə nikah bağlanmış, bu barədə 2853 saylı akt qeydi ilə qeydiyyata alınmışdır. - MŞB/6-920 saylı, 01.03.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. - İş materiallarına əlavə edilmiş şəxsin əmək müqaviləsi məlumatlarından görünür ki, Cavabdeh "xxxx" MMC-də onzibatçı vəzifəsində çalışır, aylıq əmək haqqı 450 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 27.12.2015-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin 24.10.2016-cı il təvəllüdlü X6 və 14.09.2019cu il təvəllüdlü X5 adlı iki övladları olmuşdur. Cavabdeh nikahlarından olan övladlarının saxlanılmasında hazırda maddi cəhətdən iştirak etmir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan və ya eyni zamanda həm , həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddianın aliment tələbi ilə bağlı olan hissəsini araşdıraraq, hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi və məbləği barədə razılıq olmadığı üçün alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə bu hissədə də iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddianın maddi yardımın ödənilməsi ilə bağlı hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Göründüyü kimi cavabdehin aylıq rəsmi əmək haqqısı 450 manat olduğundan, zəruri vəsaitə malik olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh azyaşlı uşaqları 24.10.2016-cı il təvəllüdlü X6 və 14.09.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 160 manat olmaqla 2 uşağa görə 320 manat sabit məbləğdə aliment tutularaq İddiaçı verilməlidir. Eyni zamanda Ailə Məcəlləsinin 100.2-ci maddəsinə müvafiq olaraq həmin vəsait 30 mart 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. ““Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilməlidir. Belə ki, hazırda cavabdeh tərəfindən ödəniləcək aliment məcmusu aylıq 320 manat təşkil etdiyindən, bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 1000 manatdan artıq olduğu üçün (hazırki halda 320x12=3840) qanunvericiliyin tələbinə əsasən 58,4 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. 30 mart 2022-ci il tarixdən etibarən 24.10.2016-cı il il təvəllüdlü X3 və 14.09.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaqa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment hər ay Cavabdeh tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hisədə rədd edilsin. İddianın verilməsinə görə ödənilməli olan 58,4 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentə dair hisədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-2775/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2775/2022
06.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver