Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-283/2021 10.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 10000 manat borcun, 1000 manat mənəvi ziyana görə pulun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh2 10000 manat borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **-BS-*** dövlət nömrə nişanlı “Mercedes Benz C220” markalı avtomaşının mülkiyyətçisi Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi cavabdeh X2 tərəfindən 03 mart 2020-ci il tarixli etibarnaməyə əsasən ona satılmışdır. Cavabdehlərə avtomaşının dəyəri olaraq 10000 manat iddiaçı tərəfindən tam ödənilmişdir. **-BS-*** dövlət nömrə nişanlı “Mercedes Benz C220” markalı avtomaşın karantin rejimi qaydaları tətbiq olunduğu vaxt nəqliyyat vasitəsinin idarə olunmasına lazımi icazənin olmaması səbəbindən polis əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilmişdir. Cavabdehlər tərəfindən ona verilmiş 03.03.2020-ci il tarixli etibarnamə ləğv edilmiş və **- BS-*** dövlət nömrə nişanlı “Mercedes Benz C220” markalı avtomaşın cərimə meydançasından götürülərək aparılmışdır. Cavabdehlər onlara ödənilmiş 10.000 manat məbləğində pul vəsaitini geri qaytarmamışlar. Cavabdehlər ona qarşı məqsədli şəkildə dələduzluq edərək onun pullarını ələ keçirmişdir. Cavabdehlərin əməlləri barədə onun tərəfindən Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət edilmiş, lakin işin mülki xarakterli olması baxımından aidiyyəti orqanlara müraciət edilməsi tövsiyə edilmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh2 **-BS-*** dövlət nömrə nişanlı “Mercedes Benz C220” markalı avtomaşını İddiaçı 10.000 (on min) manata satmışdır və o, iltizamnaməyə qol çəkmişdir. - AD 718824 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-BS-*** dövlət nömrə nişanlı Mercedes Benz C200 minik markalı maşının sahibi Cavabdeh1dur. - Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, **-BS-*** dövlət nömrə nişanlı Mercedes Benz C200 minik markalı maşın Cavabdeh2 tərəfindən İddiaçı etibar edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin 03.06.2020-ci il tarixli 061-9983Q-3220 nömrəli məktubundan görünür ki, işin mülki xarakterli olması baxımından İddiaçı aidiyyəti orqanlara müraciət edilməsi tövsiyə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, **-BS-*** dövlət nömrə nişanlı “Mercedes Benz C220” markalı avtomaşınla bağlı cavabdeh X2 tərəfindən iddiaçıya 03 mart 2020-ci il tarixli etibarnamə verilmiş və sonuncu maşının dəyəri olaraq 10.000 manat pulu ona ödəmişdir. Cavabdeh X2 bu barədə iltizamnaməyə qol çəkmişdir. **-BS-*** dövlət nömrə nişanlı “Mercedes Benz C220” markalı avtomaşın karantin rejimi qaydaları tətbiq olunduğu vaxt nəqliyyat vasitəsinin idarə olunmasına lazımi icazənin olmaması səbəbindən polis əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilmişdir. Cavabdehlər tərəfindən ona verilmiş 03.03.2020-ci il tarixli etibarnamə ləğv edilmiş və **- BS-*** dövlət nömrə nişanlı rejimli “Mercedes Benz C220” markalı avtomaşın cərimə meydançasından götürülərək aparılmışdır. Cavabdeh ona ödənilmiş 10.000 manat məbləğində pul vəsaitini geri qaytarmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1- ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdir. Belə ki, cavabdehin varlanmasına, yəni idiaçının 10000 manat pulunu əldə etməsinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Tərəflərin avtomobilə dair nəticə etibarilə alqı-satqı müqaviləsi baglamamalarını, sonda maşının cavabdehdə qalmasını və pulu isə qaytarmamasını məhkəmə həyata keçirilməmiş əsas hesab edərək bu halı hüquqi əsas olmadan varlanma kimi qiymətləndirir.Odur ki, məhkəmə iddianı əsaslı sayır və belə qənaətə gəlir ki, əsassız varlanmış şəxs-cavabdeh əldə etdiklərini məhrum olana-iddiaçıya qaytarmalıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehlərdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh2 10000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 10000 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-283/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-283/2021
10.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver