Məhkəmə qərarları › İş №2(060)-2866/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2866/2021

17.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2866/2021 17.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Aynur Mirzalı qızı Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə xx xxxxxx 2002-ci ildə rəsmi nikaha girmiş, rəsmi nikahlarından xx xxxx 2007-ci il təvəllüdlü X8 və xx xxxxxx 2010-cu il təvəllüdlü X7 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)-2192/2013 saylı qətnaməsi ilə nikahlarına xitam verilmiş, rəsmi nikahlarında anadan olmuş xx xxxx 2007-ci il təvəllüdlü X5 və xx xxxxxx 2010-cu il təvəllüdlü X4 nikah pozulduqdan sonra onun yanında saxlanması qət edilmişdir. Cavabdeh ailəyə heç bir yardım göstərmir, qayğılarına qalmır, qazancını özünə sərf edir. Hal-hazırda uşaqları ilə birlikdə anasının himayəsində yaşayır. Əlacsız qalıb məhkəməyə aliment tələbi barədə müraciət edir. Uşaqların tələbatı günü-gündən artır, yeyib-içmək xərclərini ödəyə bilmir. Hal-hazırda uşaqlar üçün minimum dolanışıq xərci Azərbaycan Respublikasında 175 manat müəyyən edilmişdir. Hesab edir ki, xx xxxx 2007-ci il təvəllüdlü X5 və xx xxxxxx 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən rəsmi nikahlarından anadan olmuş xx xxxx 2007-ci il təvəllüdlü X5 və xx xxxxxx 2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehin maddi vəziyyətinə görə hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat məbləğində alimentin tutulmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib əlavə olaraq göstərdi ki, cavabdeh işləyir, xx.xx.2021-ci il tarixdən kirayədə yaşayır, həmin vaxta qədər bir yerdə yaşamışlar. Hazırda işləmir. Ona görə də məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, bu barədə ərizə verib izahatında göstərdi ki, aylıq gəliri 500-650 manat təşkil edir, 250 manat məbləğində aliment ödəyə bilər. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah xx xxxxxxx 2013-cü il tarixdə ləğv edilmişdir. Nikah pozulduqdan sonra ərə Hüseynov, arvada Babayeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx xxxx 2007-ci il tarixdə doğulmuş, atası Cavabdeh, anası X3r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx xxxxxx 2010-cu il tarixdə doğulmuş, atası Cavabdeh, anası X3r. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2192/2013 saylı, xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında xx.xx.2006-cı il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmış 641 saylı nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx xxxx 2007-ci il təvəllüdlü X5 və xx xxxxxx 2010-cu il təvəllüdlü X4 nikah pozulduqdan sonra anaları X2 yanında qalması qət edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx xxxx 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Baş Məclisinin xx xxxxxx 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir. Ailə Məcəlləsinin 4-cü maddəsinə görə bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir. Ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). “X9” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, hazırki yaşayış minimumu həddini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını, maddi vəziyyətlərini və qarşılıqlı razılıqlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilərək xx xxxx 2007-ci il təvəllüdlü X5 və xx xxxxxx 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 125 manat, cəmi 250 manat məbləğində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx xxxxxx 2021-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx xxxxxx 2021-ci il tarixdən başlayaraq xx xxxx 2007-ci il təvəllüdlü X8 və xx xxxxxx 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 125 (yüz iyirmi beş) manat, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar