Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-30/2025 03.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, torpaq sahəsinin qaytarılaraq təhvil verilməsi və pul tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi və həmin müqavilə ilə Cavabdeh satılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinin İddiaçı qaytarılaraq təhvil verilməsi, habelə vurulmuş ziyanla bağlı 330 manat pulun İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlayaraq, dəyəri 65000 manat olan, ilkin ödəniş 20000 manat ödənilməklə, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsini satmışdır. Müqavilənin 5-ci bəndinin şərtlərinə görə cavabdeh, qalan 45000 manat məbləği, birinci ilin 5 ayını, hər ay 1000 manat, sonrakı aylar üzrə 700 manat, sonuncu ay isə 800 manat olmaqla, xx.xx.2028-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin sözügedən müqavilənin şərtləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmuş, yəni cavabdeh müqavilə üzrə öhdəliklərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən cari iln iyul və oktyabr aylarında, hər ay üzrə 1000 manat, cəmi isə 2000 manat əvəzinə, hər ay 700 manat, iki ay üzrə cəmi 1400 manat ödənilmiş, yalnız avqust ayında müqavilə öhdəliyi yerinə yetirilmiş, yəni 1000 manat ödəniş həyata keçirilmiş, sentyabr, noyabr və dekabr aylarında isə hər hansı ödəniş edilməmişdir. Beləliklə, göründüyü kimi, cavabdeh, 6 ay ərzində müqavilə şərtlərinə uyğun olaraq 5700 manat pul ödəməli olduğu halda həmin puldan cəmi 2400 manat ödəniş etməklə iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə şərtlərini pozmuşdur. Bununla bağlı cavabdehə, dəfələrlə müraciət olunmuş, o cümlədən, 26 oktyabr 2023-cü il tarixli pretenziya ünvanlanmış, lakin bunların heç bir müsbət nəticəsi olmamışdır. Daha sonra müraciətlər nəticəsiz qaldığından, sözügedən 05 iyun 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin vaxtından əvvəl, yəni 20 noyabr 2023-cü il tarixindən ləğv edilməsi və bununla bağlı sözügedən torpaq sahəsinin 01 dekabr 2023-cü il tarixinədək iddiaçıya qaytarılaraq təhvil verilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişlə cavabdehə müraciət olunmuşdur. Lakin bu da nəticəsiz qalmış, müraciətə cavabdeh tərəfindən münasibət bildirilməmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun xeyrinə 57800 manat məbləğində pul vəsaitinin və 263 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 58063 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Saray qəsəbəsində yerləşən və ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin 65000 manata ona satılmasına dair İddiaçıla öz aralarında xx.xx.2023-cü il tarixdə notariat qaydasında alqı-satqı müqaviləsi bağlamışlar. Müqavilənin şərtlərinə əsasən İddiaçı, Saray qəsəbəsində yerləşən və mülkiyyətində olan 0,08 ha torpaq sahəsini ona təhvil verməyi, Cavabdeh isə 65000 manat məbləğində pulu ona ödəməyi öhdəlik götürmüşdür. Alqı-satqı müqaviləsində hesablaşma qaydası belə olmuşdur ki, Cavabdeh ilkin olaraq 20000 manat məbləğində pulu İddiaçı notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəməli, qalan 45000 manat məbləğində pulu 1-ci ilin 5 ayını hər ay 1000 manat, qalan məbləği isə hər ay 700 manat, sonuncu ayı isə 800 manat olmaqla xx.xx.2028-ci il tarixinədək ödəməlidir. Alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl onlar öz aralarında müqavilədən kənar belə razılığa gəlmişdirlər ki, Cavabdeh torpaq sahəsini ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə məxsus yarıtikili evlə birlikdə alır və həmin evi tikib başa çatdırandan sonra ödəniş etməyə başlayır. Ona görə də notariat qaydasında bağladıqları alqı-satqı müqaviləsinin hesablaşma qaydası belə tərtib edilmişdir ki, o, ilkin olaraq 20000 manat məbləğində pulu İddiaçı notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir, qalan 45000 manat məbləğində pulu 1-ci ilin 5 ayını hər ay 1000 manat, qalan məbləği isə hər ay 700 manat, sonuncu ayı isə 800 manat olmaqla xx.xx.2028-ci il tarixinədək ödəməlidir. Ona görə də Cavabdeh ilkin olaraq xx.xx.2023-cü il tarixdə 20000 manat məbləğində pulu İddiaçı notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəmiş və evin tikintisinə başlamışdır. Lakin İddiaçı elə iyul ayının sonunda ona zəng vurub ödəniş etməsini tələb etməyə başlamışdır. İddiaçı ona bildirmişdir ki, aralarında olan razılaşma ilə deyil, notariat qaydasında bağladıqları müqaviləyə uyğun olaraq ödəniş etməli olacaq. Cavabdeh da məcbur qalıb 2023-cü ilin iyul ayında 700 manat, avqust ayında 1000 manat, sentyabr ayında yenə də 700 manat olmaqla, 2400 manat notariusun depozit hesabı vasitəsi ilə İddiaçı ödəmişdir. Beləliklə, İddiaçı aralarında olan müqavilədən kənar razılaşmanı pozaraq tələb etdi ki, evi tikib qurtarmamış onun pulunu ödəsin. Cavabdeh isə razı olmamış və müqaviləni pozaraq onun pullarını qaytarmasını istəmişdir. İddiaçı isə bununla razılaşmayaraq məhkəməyə müraciət edəcəyini bildirmişdir. Bundan sonra onlar İddiaçıla iki dəfə görüşmüş və razılaşmışlar ki, torpaq sahəsini və onun üzərində Cavabdeh şəxsi vəsaiti hesabına tikilib başa çatdırılmış 4 otaqlı, bir mərtəbəli fərdi yaşayış evini sataraq və hər kəs öz pulunu götürsün. İddiaçı əvvəlcə razılaşmış, lakin sonra ona bildiriş, xəbərdarlıq göndərərək məhkəməyə müraciət edəcəyini bildirmişdir. İddiaçı vəkili və nümayəndəsi qarşılıqlı iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh qarşılıqlı iddia ərizəsi heç bir əsası olmayan yalan dəlillər əsasında qurulmuş iddiadır. Belə ki, guya alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl müqavilədən kənar belə razılığa gəlinib ki, iddiaçıya məxsus torpaq sahəsindəki yarıtikili evi tikib başa çatdırandan sonra ödəniş etməyə başlayır. Bu yalan və uydurma bir iddiadır. Çünki, belə bir razılaşma olmayıb. Daha sonra, cavabdeh qarşılıqlı iddia ərizəsi ilə də müqavilə öhdəliklərini pozması faktını etiraf edir. Belə ki, cavabdeh tərəfindən 2023-cü ilin 6 ayı ərzində müqavilə şərtlərinə uyğun olaraq 5700 manat pul ödəməli olduğu halda, həmin puldan cəmi 2400 manat ödəniş etməklə, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə şərtlərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Eləcə də tikinti üçün nəzərdə tutulmamış torpaq sahəsində tikintinin aparılması və müvafiq icra hakimiyyəti orqanından icazə alınmadan tikilən tikintiyə dövlət tərəfindən təminat verilmədiyini və Cavabdeh hüquqdan sui-istifadə edərək neçə aylardır ki, ödəniş etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbini qəbul etməyərək rədd edilməsini, qarşılıqlı iddia tələbinin müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli və qarşılıqlı iddia tələbi də qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AN–İ № ******* nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı tam mülkiyyət üzrə ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,08 ha olan torpaq sahəsini 65000 manata Cavabdeh mülkiyyətinə vermişdir. Tərəflər arasında hesablaşma qaydasından görünür ki, Cavabdeh ilkin olaraq 20000 manat məbləği İddiaçı notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. Qalan 45000 manat məbləği birinci ilin 5 ayını hər ay 1000 manat, qalan məbləği isə hər ay 700 manat, sonuncu ayı isə 800 manat olmaqla xx.xx.2028 tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. - Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/3838 nömrəli ekspert rəyindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evi üzrə baxış zamanı təqdim olunmuş işlərin görülməsinə sərf olunan vəsaitinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 33643 manat məbləğində olduğu müəyyən olunmuşdur. - İddiaçı tərəfindən təqdim edilən diskə baxış keçirilmiş və diskdə fərdi yaşayış evinin görüntüləri öz əksini tapmışdır. - xx.xx.2023-cü il tarixli,********** nömrəli qəbzdən görünür ki, İddiaçı hüquqi yardımın göstərilməsi üçün 300 manat məbləğində ödəniş etmişdir. Məhkəmə ilkin iddiaya münasibətdə aşağıdakı normaların tətbiqini zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə mülki işin ilkin iddia ərizəsi ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında olan xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, həmin müqavilə ilə Cavabdeh mülkiyyətinə verilmiş Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsi İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, ilkin iddia tələbinin hüquqi yardım üçün vəkilə ödənilmiş 330 manat xərcin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissədə iddia tələbi qismən təmin edilməli, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən ilkin iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqi yardım üçün 300 manat məbləğində vəkil xərcini ödəmişdir. Buna əsasən ilkin iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hüquqi yardımın göstərilməsi üçün tələb olunan 330 manat məbləğində xərcinin əvəzinə 300 manat məbləğində vəkil xərci İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə aşağıdakı normaların tətbiqini zəruri hesab edir: Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə mülki işin qarşılıqlı iddia ərizəsi ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 33643 manat məbləğində vəsait ilkin iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Məhkəmə ilkin iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.6-cı maddəsinə əsasən fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur. Bu səbəbdən ilkin iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi ilkin iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə qarşılıqlı iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, , iddia bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 33643 manat olduğundan ilkin iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 190,93 manat dövlət rüsumunun əvəzi ilkin iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq ona ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun 72,07 manat hissəsi Cavabdeh özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında olan xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi ləğv edilsin, həmin müqavilə ilə Cavabdeh mülkiyyətinə verilmiş Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsi İddiaçı qaytarılsın, ödənilmiş 300 manat vəkil xərci İddiaçı xeyrinə Cavabdeh tutulsun. İddiaçı tərəfindən ödənilmiş 100 manat Dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq ona ödənilsin. İlkin iddia tələbi qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı 33643 manat və ödənilmiş Dövlət rüsumunun 190,93 manat əvəzi Cavabdeh xeyrinə tutulsun. Qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş Dövlət rüsumunun 72,07 manat hissəsi Cavabdeh özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-30/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-30/2025
03.04.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver