Məhkəmə qərarları › İş №2(060)-3044/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3044/2024

01.10.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3044/2024 01.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək haqqı” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia qaldıraraq 2017-2022-ci illərə görə 2-ci işçinin əvəzinə işlədiyi üçün "xxxx" MMC-dən 16920 manat pulun və mediasiya xərcinin əvəzi olaraq 60 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2015-ci ildən hal-hazıra qədər "xxxx" MMC-də Dalandar peşəsində işləyir. İşlədiyi müddət ərzində ona həvalə olunmuş ərazini təmiz saxlamışdır. O, ilk əvvəl ünvan 1 ünvanında işləmişdir. Hal-hazırda da həmin küçədə dalandar işində işləyir. O, işlədiyi sahədə 2 nəfər dalandar işləməlidir. X1 onu iki nəfərin əvəzinə işlətmişdir. 5 il müddətinə o, həmin ərazini tək süpürmüşdür. Halbuki həmin ərazidə yuxarıda qeyd etdiyi kimi 2 nəfər dalandar işləməlidir. 2 nəfərin yerinə işləsə də, ona yalnız bir nəfərin əmək haqqı ödənilmişdir. Hesab edir ki, yerinə yetirdiyi işlərə görə hər ay 1-ci, 2-ci il üçün 200 manat, 3-cü il üçün 280 manat, 4-cü və 5-ci il üçün 365 manat əmək haqqı ödənilməmişdir. X7 2-ci işçinin əmək haqqını 5 il ərzində mənimsəmişdir. Nəticədə o, cavabdehin günahı üzündən 5 il ərzində 16920 manat əmək haqqından məhrum olmuşdur (1-ci, 2-ci il üçün 4800 manat, 3-cü il üçün 3360 manat, 4-cü və 5-ci il üçün 8760 manat).

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdehlə aralarında əmək müqaviləsi bağlanmışdır. 9 ildir ki, cavabdeh orqanın işçisidir. Himayəsində xəstəlikdən əziyyət çəkən 43 yaşlı övladı var. Maddi vəziyyəti yaxşı deyil, pula ehtiyacı var. Orada işləyən elə insanlar var ki, kartı olmasına baxmayaraq işə gəlmirlər. 393 manat ödənilməli idi. 203 manat ödənilmişdir. 100 manatını kəsmişdirlər. Eyni zamanda MMC-nin rəhbəri onu təhqir edir. Cavabdeh 5 il müddətinə qeyd etdiyi əraziləri ona tək süpürtmüşdür. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçının qeyd etdiyi hallar yanlışdır. O, yalnız öz xidmət sahəsində çalışmışdır. Hər bir işçinin öz sahəsi var və kiminsə sahəsi heç kimə həvalə edilmir. Əmək müqaviləsinin bağlanma tarixi və ərazilərin necə bölünməsi barədə məlumatlı deyildir.

Tədqiq olunan sübutlar:

5. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat poçt xərci ödəmişdir.

6. "xxxx" MMC tərəfindən verilmiş 22 aprel 2024-cü il tarixli, 23 nömrəli arayışdan görünür ki, "xxxx" MMC-nin dalandarı İddiaçı 2023-cü ilin aprel ayından 2024-cü ilin mart aylarına qədər əmək haqqı aşağıdakı kimidir: 2023-cü ilin aprel ayında 393,55 manat, may ayında 393,55 manat, iyun ayında 393,55 manat, iyul ayında 549,53 manat (məzuniyyət), avqust ayında 241,38 manat, sentyabr ayında 393,55 manat, oktyabr ayında 393,55 manat, noyabr ayında 393,55 manat, dekabr ayında 393,55 manat, 2024-cü ilin yanvar ayında 293,99 manat, fevral ayında 393,55 manat, mart ayında 393,55 manat ödənilmişdir.

7. 0142498 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə N 121K nömrəli əmrlə "xxxx" MMC-nin T.Y şöbəsinə dalandar işinə qəbul edilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

-2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. -57-ci maddəsinin 3-cü bəndinə əsasən əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. -61-ci maddəsinin 2-ci bəndinə əsasən boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. 3-cü bəndinə əsasən boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. -162.1-ci maddəsinə əsasən özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. -162.2-ci maddəsinə görə əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. -178-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.

9. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında müddətsiz əmək müqaviləsi bağlanmış və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2015-ci il tarixli əmri ilə İddiaçı xx.xx.2015-ci il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dalandar vəzifəsinə təyin edilmişdir. Hazırda iddiaçı 2017-2022-ci il tarixləri ərzində 2 işçinin əvəzinə işlədiyini bildirərək 16920 manat pulun onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir.

10. Yuxarıda istinad edilən qanunvericilik normalarını və iş üzrə təqdim edilmiş sübutları təhlil edərək, məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia tələbinin təmin edilməsi üçün ilk öncə İddiaçı iki işçinin əvəzinə işləməsi müəyyən edilməlidir. Lakin məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi bu hallar sübuta yetirilməmişdir.

11. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri, Çerkassi küçəsi, 5-ci döngədə yaşayan sakinlər – Arif Məmmədov, Əhmədov Kamran, Hamlet Məmmədov, X4, X2, Hikmət Sədiyev, X5, X9 tərəfindən tərtib edilmiş akt isə hər hansı bir qrum tərəfindən təsdiq edilməməklə yanaşı, həmin aktda iddiaçının iki nəfərin əvəzinə işlədiyi qeyd edilməmişdir. Belə ki, həmin aktda qeyd olunmuşdur ki, dan görünür ki, Çerkassi küçəsi, 5-ci döngədə yaşayan sakinlər İddiaçı 2017-ci ildən 2023-cü ilə kimi 5 il, hal-hazırda süpürdüyü yerdən əlavə 5-ci döngə, ev 382-dən yolun bəri üzü bina ev 22-dən başlayaraq plastik qapı-pəncərə sexindən “maşını 50-dən yuxarı sürmək qadağandır” nişanına kimi yolu süpürmüşdür.

12. Eyni zamanda həmin akt lazımi qayda da təsdiq edilmiş olsa belə, işçinin başqa şəxsin əvəzinə də işlədiyini təsdiq edən sənəd kimi qəbul oluna bilməz.

13. Məhkəmə qeyd edir ki, iddia tələbli bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir.

14. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

15. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Hazırki işdə isə iddiaçı iki nəfərin əvəzinə işləməsi ilə əlaqədar öz iddiasının əsası kimi göstərdiyi halları sübut edə bilməmişdir.

17. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

18. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

21. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

Nəticə:

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar