Məhkəmə qərarları › İş №2(060)-3056/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3056/2024

30.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3056/2024 30.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçıiddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 26 sentyabr 2011-ci il təvəllüdlü X1 və 02 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 400 (dörd yüz) manat, cəmi 800 (səkkiz yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh ilə 08 noyabr 2010-cu ildə nikaha daxil olaraq ailə qurmuşdur. Onların 26 sentyabr 2011-ci il təvəllüdlü X4 və 02 sentyabr 2015-ci il təvəllüdlü X5 adlı iki övladı anadan olmuşdur. Cavabdehlə xx.xx.2024cü ildən birlikdə yaşamırlar. Şəxsi mənzilinin olmaması səbəbindən azyaşlı övladları ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Cavabdeh iddiaçıya və övladlarına heç bir maddi yardım göstərmir, qazancını özünə sərf edir. Əlacsız qalıb məhkəməyə aliment tələbi barədə müraciət etməli olmuşdur. Uşaqlarının azyaşlı olması ilə əlaqədar olaraq işləyə bilmir və uşaqlarının maddi tələbatını valideynləri ödəyir. Uşaqların tələbatları günügündən artır. Onların yeyib-içmək və digər xərclərini ödəyə bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək uşaqlarının saxlanılması üçün tələb olunan alimenti ödəyəcəyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ 624526 nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Balakişiyeva (Ağayeva) Nişanə Əhliman qızı arasında Sumqayıt Nikah evində bağlanmış xx.xx.2010-cu il tarixli 825 saylı nikah qeydi vardır. MŞS/MT030/2024/00688 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İlkin mediasiya sessiyasında iştirak etməmiş, sessiyanın keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci İddiaçı ödəmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin 26 sentyabr 2011-ci il təvəllüdlü X4 və 02 sentyabr 2015-ci il təvəllüdlü X5 adlı iki övladı vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh xx.xx.2010-cu ildə nikaha daxil olmadan ailə qurmuş, onların 26 sentyabr 2011-ci il təvəllüdlü X4 və 02 sentyabr 2015-ci il təvəllüdlü X5 adlı iki övladı iki övladı doğulmuşdur. Hal-hazırda ailənin mövcudluğu faktikidir. Cavabdeh uşaqlarının saxlanılmasında iştirak etməmiş, bugünədək aliment ödəməmişdir. Uşaqlar böyüdükcə onların maddi tələbatları da artır. İddiaçı təkbaşına uşaqlarının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh iddia tələbini qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan və ya eyni zamanda həm , həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə iddianın yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tələbi ilə bağlı olan hissəsini araşdıraraq, hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi və məbləği barədə razılıq olmadığı üçün alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə bu hissədə də iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdeh X3 xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 400 manat olmaqla, cəmi 800 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq Balakişiyeva (Ağayeva) Nişanə Əhliman qızına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 9600 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 116 manat dövlət rüsumu təşkil edir, həmin məbləğin 50 manatı mediasiya xərci kimi iddiaçı tərəfindən ödənildiyi üçün qalan 66 manat cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 400 manat olmaqla, cəmi hər ay üçün 800 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq Balakişiyeva (Ağayeva) Nişanə Əhliman qızına ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilməli olan 66 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar