Məhkəmə qərarları › İş №2(060)-3112/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3112/2025

29.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3112/2025 29.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Cavabdeh3, Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” X2, Cavabdeh2 və Cavabdeh3 qarşı atalığın müəyyən edilməsi, doğum akt qeydinə düzəliş edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 Saylı Sumqayıt Regional “Asan Xidmət” X2, Cavabdeh2 və Cavabdeh3 qarşı atalığın müəyyən edilməsi, doğum akt qeydinə düzəliş edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 may 2019-cu il təvəllüdlü X4 atasının İddiaçı olmasının müəyyən edilməsi, doğum haqqında akt qeydinə düzəliş edilərək ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh3 və soyad qrafasına Alməmmədov soyadının yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 ilə 2017-ci ilin axırlarında tanış olub. Həmin müddətdən faktiki nikaha girərək bərabər yaşamağa başlayıblar. Birgə yaşayışlarından 18 may 2019-cu il tarixdə X6 anadan olmuşdur. Lakin onlar birgə yaşadıqları vaxtda o, Cavabdeh2 ilə rəsmi nikahda olduğuna görə onlar ailə qura bilməmişdilər. Onların faktiki nikahları zamanı anadan olan övladları X5 doğum haqqında şəhadətnamə alarkən Xəyalə Cavabdeh2 ilə nikahda olduğuna görə qanuna uyğun olaraq cavabdehin soyadını uşağın soyadı, adını isə uşağın ata adı kimi qeyd etdirmişdir. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6977/2022-ci il saylı, 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 ilə Cavabdeh3 arasında olan 27 aprel 2019-cu tarixli 138 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Hal-hazırda Cavabdeh3 ilə birlikdə yaşayırlar. Bu faktiki nikahlarından daha bir övladları dünyaya gələcək. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” X1 13 sentyabr 2024-cü il tarixli imtina məktubu aşağıdakı məzmundadı. “Sizin xx.xx.2019-cu ildə anadan olmuş övladınız X4 doğum haqqında akt qeydində ata haqqında məlumat qrafasında ad, soyad və ata adının “Cavabdeh2”-dan “İddiaçı”-na dəyişdirilməsi haqqında ərizənizə baxılmışdır. Bildirir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 47.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinentinin 2003-cü il 31 oktyabr tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş” Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının “2.9-cu bəndinə əsasən “doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideyninin qəyyumunun tələbi ilə açıla bilər.” Yuxarıda göstərilənlərə əsasən X4 doğum haqqında akt qeydində ata haqqında məlumat qrafasında ad, soyad və ata adının “ Cavabdeh2n”-dan “ İddiaçı”-na dəyişiklik edilməsi ilə bağlı müraciətin qeydiyyat orqanında təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyil. Qeyd edilənlərə əasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə dair izahat verərək bildirdi ki, hazırda iddiaçı ilə faktiki nikahdadır. Hüseyndən başqa daha bir övladları da anadan olub. İddiaçı ilə birgə münasibətlərindən doğulan uşağa atalıq verilməsi üçün məcbur olub cavabdeh Raminlə rəsmi nikaha daxil olub. Belə ki, həmin vaxt heç kimlə nikahda olmadığından uşağın nikahsız dünyaya gəlməsini istəməyib. Hazırda çıxılmaz vəziyyətdədir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. 4.Məhkəmə iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə iddia tələbinə dair izahat verərək bildirdi ki, Ramin formal olaraq uşağı öz adına qeyd etdirib. Halbuki uşağın atası iddiaçıdır. Bu səbəbdən iddianı qəbul edirlər. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nazərə alınmasını və iddianın təmin edilməsini xahiş etdi. 5.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı və cavabdeh Azərbaycan Respublikasmm Ədliyyə Nazirliyi 2 Saylı Sumqayıt Regional “Asan Xidmət” X1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh Şöbənin nümayəndəsi isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün sayır.

6. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, o, 2018-ci ildə Xəyalə ilə tanış olub. Onların 2019-cu ildə uşaqları olub. Həmin vaxt Xəyalə “ailəli” statusunda olduğundan uşağın atası kimi Ramin adlı şəxs qeyd olunub. Lakin həmin uşağın atası odur. 7.Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İşdə olan AZ-İV 366500 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 18 may 2019-cu il təvəllüdlü X4 atası Cavabdeh2, anası isə Cavabdeh3dır. 9.İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6977/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh3 ilə Cavabdeh2 qızı arasında xx.xx.2019-cu il tarixində, Sumqayıt "ASAN xidmət Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2019-cu il təvəllüdlü X4 iddiaçı Cavabdeh3 yanında saxlanması, xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 ( iki yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh2 tutularaq iddiaçı Cavabdeh3 ödənilmsi, alimentin tutulmasının xx.xx.2022-ci il tarixindən hesablanması qət edilmişdir. 10.İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 60 manat məbləğində mediasiya xərci ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 11.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh3 qeyri-rəsmi ərarvad münasibətlərində olmuş və hal-hazırda ailə kimi bir yerdə yaşayırlar. Onların qeyrirəsmi nikah münasibətlərindən xx.xx.2019-cu il təvəllüdlü Hüseyn adlı bir uşaqları olmuşdur. Hazırda iddiaçı 18 may 2019-cu il təvəllüdlü X4 atasının İddiaçı olmasının müəyyən edilməsi, doğum haqqında akt qeydinə düzəliş edilərək ata qrafasında X3, ana qrafasında Cavabdeh3 və soyad qrafasına Alməmmədov soyadının yazılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 iddia tələbini qəbul edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45-ci maddəsinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsiolmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. 13.Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 14.Məcəllənin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 15.Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 16.Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 17.Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. 18.Həmin Məcəllənin 188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. 19.Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixdə anadan olmuş Hüseynin atasının İddiaçı olması işin mübahisələndirilməyən halıdır. Belə ki, işin bu halı iş materialları, tərəflərin izahatı, o cümlədən Cavabdeh2 etirafı ilə tam təsdiqini tapır. 20.Məhkəmə, tərəflərin izahatlarına və işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2019-cu il təvəllüdlü Hüseynin atası olması müəyyən olunmalı, eyni zamanda doğum haqqında akt qeydinə düzəliş edilərək, ata qrafasında İddiaçı, uşağın soyadı hissəsində isə Alməmmədov qeyd edilməlidir. 21.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). 22.Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 23.Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. 24.İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 25.MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 26.Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. 27.Məhkəmə onu da qeyd edir ki, Cavabdeh3 xx.xx.2019-cu il təvəllüdlü Hüseynin anası olması barədə mübahisə olmadığından iddia ərizəsinin uşağın doğum haqqında akt qeydinin ana qrafasında Cavabdeh3 yazılması hissəsində təmin edilməsinə zərurət yoxdur.

28. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

qət etdi:

İddia tələbi qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü Hüseynin atasının İddiaçı olduğu müəyyən edilsin. xx.xx.2019-cu il təvəllüdlü Hüseynin doğum haqqında akt qeydinə düzəliş edilsin. Ata qrafasında İddiaçı, uşağın soyadı hissəsində Alməmmədov qeyd edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar