Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3131/2024 06.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, hazırki iş üzrə Cavabdeh ilə faktiki nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək hazırki iş üzrə Cavabdeh ilə faktiki nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü X4 onun himayəsində saxlanılması və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2017-ci ilin avqust ayında Sumqayıt şəhərində yerləşən “Nur” şadlıq sarayında qız toyları və 10 gün sonra isə Masallı rayonunda həyətlərində oğlan toyları olmuşdur. Cavabdehlə faktiki nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X9 adlı övladları anadan olmuşdur. Cavabdeh ilə 3 ilə yaxın müddətdə birlikdə yaşamışdırlar. Aralarında rəsmi nikah olmamışdır. Sonradan isə cavabdehlə aralarında olan faktiki nikahları pozulmuşdur. Oğlu ilə birlikdə öz valideynlərinin yanında qalır. Hal-hazırda işləyir. Amma uşaqlarının sosial həyatı ilə bağlı olan tələbatları tək ödəyə bilmir. Uşağın təlim-tərbiyəsi və böyüməsi ilə bağlı tələb olunan xərclər hər il artır, cavabdeh isə bir dəfə də olsa uşağın təlim-tərbiyəsi ilə maraqlanmamış və hazırda da maraqlanmır. O, uşağın saxlanmasında böyük çətinliklərlə üzləşir. Ona görə də məcbur olur ki, uşağın saxlanması üçün alimentin məbləği ilə bağlı məhkəməyə müraciət etsin. 19 fevral 2024-cü il tarixli, MŞS/MT030/2024-00277 nömrəli Sumqayıt 1 saylı X2 Sazişinə əsasən, Cavabdeh onunla faktiki nikahından doğulmuş 13 may 2019-cu il təvəllüdlü X8 atası olmasını etiraf etmiş, uşağın yetkinlik yaşma çatanadək onun yanında saxlanılmasına razılıq verilmişdir. Lakin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində aliment hissəsində razılıq əldə edilə bilməmişdirlər. Ona görə də hesab edir ki, faktiki nikahdan anadan olmuş X1 üçün hər ay cavabdehdən 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, oğlunu tək saxlayır. 400 manat məbləğində əmək haqqı alır. Oğlunu tək böyütməkdə çətinlik çəkir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, digər nikahdan olan övladı üçün 220 manat məbləğində aliment ödəyir. Ay ərzində 150 manat məbləğində aliment tutulmasını məhkəmədən xahiş etmişdir. Hal-hazırda mebel sexində işləyir. 480 manat məbləğində əmək haqqı alır.
Tədqiq olunan sübutlar:
6. AZ-İV 983860 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2019-cu ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır.
7. AZ-İ 468446 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 13 may 2019-cu ildə İddiaçı doğulmuş X8 atası hesab edilmiş, bu barədə 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2024-cü tarixində 85 nömrə ilə qeyd edilmişdir.
8. Mediasiya prosesinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında nikahın pozulması və digər məsələlər üzrə barışıq sazişi bağlandığı üçün mediasiya prosesinə xitam verilmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı mediasiyaya dair xərci ödəmişdir.
9. Mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, mediasiya prosesi zamanı Cavabdeh İddiaçı ilə faktiki nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X8 atası olduğunu etiraf etmiş, hər iki tərəf faktiki nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi anası İddiaçı yanında yaşamasına razı olmuş, tərəflər alimentin müəyyən olunması ilə bağlı anlaşma əldə edə bilmədikləri üçün mübahisənin bu hissəsinin məhkəmə müstəsvisində həll edilməsi ilə bağlı razılıq əldə etmişdirlər.
10. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş “Qohumluq məlumatları”ndan görünür ki, Cavabdeh X6 adlı başqa övladı da vardır.
Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :
60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.3-cü bəndinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar.
15. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu : 2024-cü il uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 235 manat məbləğində müəyyən edilmişdir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
17. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında rəsmi nikah bağlanmamışdır. Onların bir yetkinlik yaşına çatmayan övladları vardır. Hal-hazırda iddiaçı cavabdehin uşağın saxlanılmasına laqeyd münasibətinin olmasını bildirərək yetkinlik yaşına çatmayan uşaqlarına görə 235 manat sabit pul məbləğində alimentin təyin edilməsini məhkəmədən xahiş edir.
18. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir.
19. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər.
20. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. İddiaçının alimentin sabit pul məbləğində tutulmasını nəzərə alaraq məhkəmə alimentin cavabdehin gəlirlərinin müəyyən hissəsi kimi tutulması imkanını araşdırmır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
21. Alimentin miqdarına gəldikdə isə məhkəmə qeyd edir ki, Ailə məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
22. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: -tərəflərin maddi və ailə vəziyyəti; -diqqətəlayiq digər hallar; -uşağın əvvəlki təminatının səviyyəsi.
23. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı).
24. Məhkəmə araşdırması zamanı elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlar əsasında müəyyən olmuşdur ki, cavabdehin X3 başqa X6 adlı övladı da vardır.
25. Beləliklə, məhkəmə hər iki tərəfin mənafeyini nəzərə alaraq hesab edir ki, iddia alimentin ödənilməsi hissəsində qismən təmin edilməli, X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
26. İddiaçı 09 aprel 2024-cü il tarixdə alimentin təyin edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə müvafiq olaraq hesab edir ki, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni 09 aprel 2024-cü ildən hesablanmalıdır.
27. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması məsələsi ilə əlaqədar qeyd edir ki, tərəflər mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi əsasında uşağın ananın himayəsində qalması ilə bağlı razılığa gəlmişlər.
28. Belə olan halda məhkəmə qeyd edir ki, məhkəməyə tərəflərin yetkinlik yaşına çatmayan uşağının hansı valideynin himayəsində qalması ilə bağlı barışıq sazişi təqdim edildiyindən, qeyd edilən məsələnin məhkəmə tərəfindən müəyyən edilməsi zərurəti də aradan qalxmışdır.
29. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
30. İş materiallarında olan Mediasiya prosesinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında nikahın pozulması və digər məsələlər üzrə barışıq sazişi bağlandığı üçün mediasiya prosesinə xitam verilmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı mediasiyaya dair xərci ödəmişdir.
31. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərci cavabdehdən alınaraq ona ödənilməlidir.
32. Bundan əlavə məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, aliment tələbi üzrə iddiaçıları dövlət rüsumu ödəməkdən azad edilsə də, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
33. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən dövlət rüsumu qismində bir il ərzində ödənilməli olan alimentin məbləği nəzərə alınmaqla 44 (qırx dörd) manat məbləğində pul vəsaiti tutulmalıdır.
Nəticə:
34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixindən hesablansın. Cavabdeh ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu qismində 44 (qırx dörd) manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva