Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3149/2022 10.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X11 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X7, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment və maddi yardım tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 500 manat olmaqla, 3 uşağa görə 1500 manat məbləğində alimentin tutulması, X3 3 yaşı tamam olanadək onun nəfinə 200 manat maddi yardımın tutulması, mediasiyaya ödədiyi 50 manatın ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2012-ci ildə rəsmi nikahla ailə qurmuşlar. Birgə nikahlarından 3 övladları anadan olmuşdur: xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X5 və 02.2020-ci il təvəllüdlü X6 . Cavabdeh fərdi fəaliyyətlə məşğuldur, onun orta aylıq gəliri 3000-4000 manat civarındadır. Belə ki, o, birgə nikah dövründə əldə etdikləri maşınların iki ədədini icarəyə vermiş, birini isə özü idarə edir. Lakin buna baxmayaraq cavabdeh uşaqların maddi təminatı, xərcləri ilə məşğul olmur, arabir cuzi etdiyi yardımlarla valideynlik borcunu bitmiş hesab edir. Kiçik övladı Davud 2 yaş 2 aylıqdır. İddiaçı uşaqlara baxdığı üçün heç yerdə işləmir. Lakin cavabdehin bir valideyn kimi borcu uşaqların maddi ehtiyacını tam təmin etməkdir. Oğlu Davud körpə olduğu üçün uşağın 3 yaşı tamam olana qədər cavabdehdən onun nəfinə 200 manat məbləğində maddi yardım tutulmalıdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, cavabdeh ailəsinə baxmır, maddi yardım etmir. Tərəflər arasında nikah pozulmayıb. Lakin 2 aydır ki, onlar ayrı yaşayırlar. İddiaçı cavabdehə məxsus sənədsiz evdə yaşayır. Cavabdeh anası ilə birgə qalır. Cavabdehin 3 avtobusu var. Həftə sonu turlar təşkil edir. İddiaçı isə heç bir yerdə işləmir. Qeyd olunanlar əsasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. O, ailəsinə hər cür köməklik edir. İddiaçı ilə xasiyyətləri tutmur, nikahlarının pozulmasını istəyir. Nikah pozulduğu təqdirdə alimenti ödəyə bilər. İddiaçı ilə cavabdeh 2 aydır ki, ayrı yaşayırlar. Onun hər hansı biznesi yoxdur. O, avtobus sürücüsü işləyir və aylıq gəliri 600 manat məbləğindədir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1989-cu ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1981-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərinə əsasən X4 xx.xx.2013-cü ildə, X6 xx.xx.2020-ci ildə və X5 isə xx.xx.2016-cı ildə anadan olmuşlar. Uşaqların anası İddiaçı, atası isə Cavabdehdur. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən tərəflər arasında nikah xx.xx.2012-ci il tarixində, Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmışdır, nikah bağlandıqdan sonra ərə Əmirhəmzəyev, arvada isə Əmirhəmzəyeva soyadları verilmişdir. Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (100.2.). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınmaqla, uşaq yetkinlik yaşına çatana qədər sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların saxlanması və onların maddi ehtiyaclarının ödənilməsi onların hər iki valideyninin vəzifəsidir. Valideynlər uşaqların saxlanmasında eyni dərəcədə məsuliyyət daşıyırlar. Bu məsələ ilə əlaqədar onların birinin üzərinə az digərinin üzərinə çox məsuliyyət qoyula bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, valideyinlərin maddi vəziyyətlərində əhəmiyyətli dərəcədə fərq olarsa, onların üzərlərinə uşaqların maddi təminatı ilə bağlı fərqli öhdəliklər qoyula bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində yetkinlik yaşına çatmayan uşaqların yetkin yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 500 manat alimentin tutulmasını xahiş etsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin təmin edilməsi üçün cavabdehin zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. Bu səbəbdən iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat aliment tutulmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci ildə müraciət etdiyi üçün alimentin tutulması həmin vaxtdan hesablanmalıdır. Ailə Məcəlləsində həmçinin göstərilmişdir ki, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər (84.1.). Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad (84.2.2.). İddiaçı cavabdehdən X6 yaşına çatana qədər hər ay 200 manat maddi yardımın tutularaq ona ödənilməsini xahiş etsə də, cavabdehin bununla bağlı zəruri vəsaitə malik olduğunu sübut edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddiaçı eyni zamanda mediasiya xərcinin ona qaytarılmasını xahiş etmişdir. Lakin mediasiya xərci mülki prosessual qanunvericilikdə məhkəmə xərclərinə aid edilmədiyindən iddia mediasiya xərcinin iddiaçıya qaytarılması hissəsində təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 160 (yüz altmış) manat olmaqla, ümumilikdə 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2022-ci il tarixindən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3149/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3149/2022
10.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver