Məhkəmə qərarları › İş №2(060)-3166/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3166/2021

06.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3166/2021 06.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, birgə nikahdan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2007-ci ildə rəsmi nkaha daxil olaraq ailə həyatı qurmuşlar. Rəsmi nikahdan xx.xx.2008-ci təvəllüdlü X4 və xx.xx.2013-cü təvəllüdlü X5 anadan olmuşlar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7040/2018 saylı, xx xxxxxx 2018-ci tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasındakı nikah pozulmuş, birgə nikahlarından olan uşaqların iddiaçının yanında saxlanmaları qət edilmişdir. Cavabdehlə aralarında alimentlə bağlı şifahi olaraq razılaşsalar da, hazırda cavabdeh ailəyə heç bir yardım göstərmir, onların qayğısına qalmır. İddiaçı övladlarının tələbatlarını ödəyə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlə nikahları pozularkən aralarındakı razılaşmaya əsasən cavabdehdən aliment tələb etməmişdir. Lakin, cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən cavabdehdən aliment tələb edir. O, “xxxx” MMC-də departament müdiri vəzifəsində çalışır və kifayət qədər əmək haqqı alır. Cavabdehin iş yeri və əmək haqqı barədə onda hər hansı məlumat yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası barədə cavabdehə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1984-cü ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1976-cı ildə ünvan 2 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7040/2018 saylı, xx xxxxxx 2018-ci tarixli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər anaları İddiaçı yanında saxlanmaları qət edilmişdir. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərinə əsasən X4 xx.xx.2008-ci ildə, X5 isə xx.xx.2013-cü ildə anadan olmuşlar. Hər iki uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. Ailə Məcəlləsində nəzərdə tutulmuşdur ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (100.2.). Məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi nəzərə alınmaqla, uşaqlar yetkinlik yaşına çatana qədər sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların saxlanması və onların maddi ehtiyaclarının ödənilməsi onların hər iki valideyninin vəzifəsidir. Valideyinlər uşaqların saxlanmasında eyni dərəcədə məsuliyyət daşıyırlar. Bu məsələ ilə əlaqədar onların birinin üzərinə az digərinin üzərinə çox məsuliyyət qoyula bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, valideyinlərin maddi vəziyyətlərində əhəmiyyətli dərəcədə fərq olarsa onların üzərlərinə uşaqların maddi təminatı ilə bağlı fərqli öhdəliklər qoyula bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən məbləğdə alimentin ödənilməsi öhdəliyini bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. Bu səbəbdən iddia qismən təmin edilməli, cavabdehdən hər ay hər uşağa görə 140 manat olmaqla, ümumilikdə 370 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulması iddia ərizəsinin məhkəməyə daxil olduğu caxt xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddiaçı aliment tələbi ilə bağlı dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia qismən təmin edildiyindən cavabdehdən 15 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2008-ci təvəllüdlü X2 və xx.xx.2013-cü təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 140 manat olmaqla, ümumilikdə, 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2020-ci il tarixindən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 15 (on beş) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar