Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3201/2020 12.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı Etibarov X3 iştirakı ilə, İddiaçı Etibarov X3 cavabdeh “017 Cars Sumqayıt” Avtosalonuna qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Etibarov X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “017 CARS Sumqayıt" Avtosalonu tərəfindən avtomobilin qusurlu olması səbəbindən geri qaytarılması zamanı ona vurulmuş 7380 (yeddi min üç yüz səksən) AZN məbləğində pulun cavabdehdən tam tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Etibarov X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o, həyat yoldaşı ilə birlikdə xx.xx.2019-cu il tarixində Sumqayıt şəhərində yerləşən "017 Cars Sumqayıt" avtosalonunun ******* nömrəli (Əlavə 1) elanda qeyd olunan Volksvagen Passat CC2.0 2013-cü il buraxılış avtomobili almaq məqsədilə Sumqayıta gələrək, avtosalona yaxınlaşmışdır. Yürüşü az, sağlam, vuruğu olmayan, qəzaya düşməmiş, mühərrikin təmirinə ehtiyacı olmayan və elana uyğun olaraq maşın almaq üçün gəldiyini izah etmişdir. Qeyd olunan Volksvagen Passat CC 2.0 minik maşınının alınması üçün avtosalonun sahibi Vüqarla danışıqlara başlamışdır. Qeyd olunan avtomobildə heç bir texniki problemin, vuruğun, zədənin, mühərrik probleminin olmadığının elanda da qeyd olunmasından əlavə avtosalonun rəhbəri Vüqar namaz qıldığını, yalan danışmadığını, bütün olanlarına və varlığına and içərək maşının “yağ yemədiyini”, heç bir vuruğu və texniki problemlərinin olmadığını izah edərək qiymətin aşağı salınmasına əlbəttə ki, razı olmamışdır. Elanda göstərilən və qiyməti 25900 manat olan avtomobillə, ona məxsus Opel Vectra B 1.8 2001-ci il tarixli, VİN:W0L0JBF********** avtomobilinin barter olaraq dəyişdirilməsini təklif etmişdir. (Şəkillər əlavə olunub). Bildirmişdir ki, 2019-cu ildə Opel Vectra B 2001 avtomobilinə 10000 AZN sərf etmiş, avtomobili tam və ideal şəkildə təmir olunmuşdur. Bu səbəbdən Opel Vectra markalı avtomobilinin qiymətinin 12000 AZN nəzərə alınmaqla barter olunmasını təklif etmişdir. Avtomobilin banı, mühərrik və hərəkətli hissələrinin ideal vəziyyətdə olması, ancaq orijinal hissələrlə təmir olunduğu və ideal halda olduğu haqqda İZMİR_Ş X7 arayışı təqdim olunmuşdur. Əlbəttə ki, o saat maşına beş nəfər altdan, üstdən və mühərrikinin işinə baxıb “yağ yemədiyini”, ideal vəziyyətdə olduğunu təsdiq etmişlər. Ümumiyyətlə, bu "vətəndaşlar" kimi avtomobili kiməsə "sırımaq" fikri olmadığını və sürdüyü avtomobilə düzgün qulluq etdiyini və onun 3 il təmirsiz istismar olacağına zəmanət də vermişdir. Lakin sonda bankdan pul götürməmək üçün 8000 AZN barter ilə razılaşmışdır (əfsus ki, burada da 4000 AZN itirmiş və buna iddia etmir). Əvvəlcədən beh olaraq 500 AZN, sonra isə avtomobilin saat 14:00 da DYP-yə gətirilməsini, oradakı servisdə birlikdə avtomobilə tam baxış keçirildikdən, yoxlandıqdan və qeydiyyata alındıqdan sonra, pulun qalan hissəsinin 17400 AZN ödəniləcəyini razılaşdırmışdır. (25900 AZN-500 AZN beh-8000 AZN Opel=17400 AZN). Daha sonra danışıldığı kimi, qalan pulları evdən götürərək xx.xx.2019-cu il tarixdə saat 14- 00 avtomobilin DYP-yə gətirilməsini gözləmişdir. "017 Cars Sumqayıt" avtosalonunun rəhbəri Vüqara zəng edərək nə üçün gecikdiyini soruşduqda, yoldadırlar "gətirirlər yoldadır" deyə onu arxayın etmişdir. Daha sonra "017 Cars Sumqayıt" avtosalonun nümayəndəsi Şahin müəllim ona zəng edərək, avtomobilin gətirildiyini və artıq DYP-də texniki yoxlamada olduğunu bildirmişdir. Vüqara zəng edərək maşının yoxlanmasını tələb etdikdə isə o, heç bir problem yoxdur deyərək təkrar and içərək, “apar, sür, problem olarsa bizlikdir” deyə cavab vermişdir. Eyni sual ilə "017 Cars Sumqayıt" avtosalonunun nümayəndəsi Şahin müəllimə müraciət etsə də onun özündən çıxması, “sənə ideal maşın veririk deməsi, problemi yoxdur, biz heç yana qaçmırıq, harada istəyirsən aparıb yoxlada bilərsən, biz cavabdehik” deyə cavab vermişdir. Şahin müəllimin əməliyyat keçirdiyini və çətinliklə danışdığını nəzərə alaraq, onu sakitləşdirməyə və ona təsir edəcək sual və hərəkətlərdən çəkinmişdir. Avtomobilin qeydiyyata alınması xərcləri elanda qeyd olunan (iki saat ərzində maşın “aformut olunub” müştəriyə təhvil verilir) yazısına baxmayaraq, bütün xərclər onun tərəfindən ödənilmişdir. Beləliklə, Passat CC markalı, mühərrik № CDA 403690, VİN: WVWZZZ3CZDE565656 avtomobilin texniki pasportu (Əlavə 3) və qeydiyyat nömrəsi alındıqdan sonra maşının pulu Şahinə tam ödənilmişdir. Maşına oturarkən, Şahindən nə üçün əlavə qırmızı işıqlar yandığını soruşduqda, o akkumulyatorun yatdığı üçün yandığını izah etmiş və yolda maşını sürərkən mühərrikin səsli olduğunu hiss etmişdir. Səhər tezdən maşın işə düşməmiş, avtomobilə akkumulyator yerinə "zibillikdən" götürülmüş köhnə bir akkumulyator quraşdırıldığı aydın olmuşdur. Səhərisi gün nə isə başqa maşınının akkumulyatordan istifadə edərək maşını işə salınmış və Babək prospekti Volksvagen "X13" servisinə müraciət etmişdir. "X13" servisində xx.xx.2019-cu il tarixində avtomobilə diaqnostika olunaraq və zədəli hissələr akkumulyator, SAPUN və s. dəyişdirilərək 530 AZN hesab ödənilmişdir. Anbarda olmayan alt sağ tərəf qoruyucu isə əlavə olaraq xaricdən gətirilməsi üçün sifariş olunmuşdur. Bundan sonra özünə borc bilib həmin gün "017 Cars Sumqayıt" avtosalonuna gələrək onlara ilkin olaraq aşkarlanmış zədələr haqda məlumat vermişdir. Digər vizual zədələrin aradan qaldırılması yerində (servisdə) baha olduğundan 07-xx.xx.2019-cu il tarixlərində "Opel Servis"ə müraciət edərək, əzilmiş sağ podnojka çıxarılıb, rənglənərək yenidən bərpa olunması, duman faralarının təmizlənməsi və s. işlər görülərək 200 AZN pul xərclənmişdir. xx.xx.2019-cu tarixində "X13" servis işçiləri ona zəng vurub xx.xx.2019-cu il tarixində anbarda olmadığından sifariş olunmuş Passat CC-nin sağ tərəf alt qoruyucu, zaşitnikin anbara daxil olduğunu bildirmişlər. Servisə gəldikdən sonra qoruyucu əvəz olunmuş və onun bərpası üçün isə 182 AZN ödənilmişdir. Qeyd olunanlardan savayı maşına su əlavə edərkən suyun çəndən yerə töküldüyü və çəninin deşik olduğu aşkarlanmışdır. Yenisinin qiyməti baha - 250 AZN olduğundan zədələnmiş hissə xx.xx.2019 tarixində "Opel Servisdə" açılıb təmir olunmuşdur. xx.xx.2019-cu tarixində 2.0 motor dediyinə baxmayaraq, servisdə Su çəni dəyişilərkən maşının mühərrikinin nömrəsini və həcminin 1800 kub sm olduğunu ona göstərmişlər. Həmin vaxt həqiqətən də heç nə başa düşməmiş və özünə yer tapa bilməmişdir. “017 Cars Sumqayıt" Avtosalonunun ******* nömrəli elanda 92000 km getmiş 2000 kub sm həcmli və 200 at gücü qeyd olunduğu halda, texniki pasportda 1800 kub qeyd olunmuşdur. Servis kitabçasında isə maşının 96200 km olduğu diqqətini çəkmişdir. Bunun nə olduğunu başa düşdükcə təşviş hissi keçirmişdir. Məsələnin araşdırılması və aydınlıq gətirilməsi məqsədilə "017 Cars Sumqayıt" avrosalonun meneceri Vüqara dəfələrlə zəng etmiş və təəssüf ki, cavab verməmişdir. SMS ilə ona mesaj göndərərək, maşının problemli olduğunu, zədələrin və maşının elanda qeyd olunan kimi Passat CC2000 kub, 200 at gücü deyil, Passat CC1800 kub 160 at gücü olduğu haqda ona məlumat vermişdir. Daha sonra Passat CC 1.8 2013-cü il, 96200 km yürüşü olan minik avtomobilini Turbo.az saytında "100 CARS" avtosalonuna aid elan N ******* məxsus olduğu aydın olmuşdur. Bu necə ola bilər? Avtomobili Sumqayıt "017 Cars Sumqayıt" avtosalonundan deyil "100 CARS"dan gətirib ona təqdim ediblərmi? Və ya bilərəkdən 1.8 160 a.g, əvəzinə elanda Passat CC 2.0 mühərrik 200 a.g yazıblar? xx.xx.2019-cu il tarixində "017 Cars Sumqayıt" Avtosalonuna gələrək, maşının ümumiyyətlə zədəli və səhv təqdim olunması səbəbindən geri qaytarılmasını tələb etmişdir. Lakin bütün cəhdlərimə baxmayaraq maşını özün üçün təmir edirsən deyərək, hər hansı bir əlavə xərclərin də ödənilməsinin mümkün olmadığını bildirmişlər. Daha sonra avtosalonun nümayəndəsi Şahin müəllim “fərqi nədir ki, sür təzə maşındır, ləzzətini çıxar, gələrsən satmağa kömək edərik, istəsən dəyişərik” deyə onu sakitləşdirməyə çalışmışlar. Daha sonra xx.xx.2019-cu il tarixində maşının mühərrik yağının işığının yanması baş vermişdir. Maşını "X12" Servisinə gətirdikdə, mühərrəkin yağının 1000 km-ə 1litr cox azaldığı məlum olmuşdur. Servis tərəfindən 1L Mobili 3000 5W30 yağ əlavə olunmuş, mühərrikin yağ yediyini izah edərək 1L əlavə maşında saxlamamasını tövsiyyə etmişlər. Daha sonra H.Əliyev pr., Koroğlu metrosunun yanındakı Azpetrol Avtomobil satış mərkəzində maşına baxış keçirilərkən, maşının alın şüşəsinin dəyişdirildiyi, sağ və sol tərəf rəngləndiyi aydın olmuşdur. Nəticə aydın olmuşdur: mühərriki yağ yeyən, alın şüşəsi dəyişdirilmiş, sağ tərəf podnojka və sağ tərəf alt qoruyucu (tərəfindən ödənilərək düzəldilmiş) qəzaya uğramış maşın aldadılaraq ona satılmışdır və ya haradansa ona oxşar zədəli maşını təqdim etmişlər. Ola bilər ki, 017 Cars salonunda olan 2.0 mühərrik bəlkə də normal maşın olmuşdur. Bundan sonra bir neçə dəfə Sumqayıta gələrək maşının geri qaytarılmasını xahiş etsə də nəticəsi olmamışdır. Belə ki, bütün avtosalon işçiləri, avtomobil alverçiləri, satıcıları, texnikləri, servis işçiləri və ya bütün avtomobil ekspertləri 2008-2013 il Passat CC1.8 CDAA_CDAB mühərriklərinin 90000 km-dək və ya sonrakı yürüş zamanı yağ yeməsi səbəbindən dağıldığı haqda məhkəməyə məllumat verə bilərlər. Bütün bunlar haqda "017 Cars Sumqayıt" avtosalonunun nümayəndələri və satıcı heyəti tərəfindən ona məlumat verilməli olduğu halda, bilərəkdən məlumat verilməmişdir. Mühərrikin yağ yeməsinin onun (alıcının) günahından olmadığını, bu məhz Passat CC CDAA 1.8 mühərriklərinin konstruktiv çatışmamazlığı olduğu haqda çoxsaylı məqalələri təqdim etmişdir. Bu haqda istənilən maşın alveri ilə məşğul olanlardan və avtomobil ustalarından, mütəxəssislərindən məlumat almaq olar. Belə ki, "017 Cars Sumqayıt" avtosalonunun nümayəndələri bu haqda məlumatları olduğu halda onu aldatmış, ümumiyyətlə avtosalonda olmayan, haradansa ona oxşar, bəlkə də kiminsə zədəli maşınını DYP-yə gətirmələri və aldadaraq ona satmaları nə dərəcədə düzgündür? Ümumiyyətlə, "017 Cars Sumqayıt" Avtosalon nümayəndələri təqdim olunan maşının bütün zədələri və qüsurları haqda tam məlumat verməli olduğu halda, buna əməl etməmiş və onu aldatmışlar. "017Cars Sumqayıt" avtosalonunun saytında verilən elanla, ona təqdim olunan maşının uyğunsuzluq təşkil etməsi nə ilə izah oluna bilər? Belə ki, "017 Cars Sumqayıt" Avtosalonun nümayəndələrinin "BİZİM CƏBİŞ MÜƏLLİM" kinofilmindəki bazarda pencək satanlar arasında uyğunluq və ya fərq varmı? Beləliklə, mühərrikə 4 dəfə Mobil 5W30 - 1L yağ əlavə etdikdən sonra xx.xx.2019-cu il tarixində "X13" servisində mühərrikin yağının vaxtından əvvəl yəni 6 ay müddət qeyd olunmasına baxmayaraq, 5000 km yürüşdən sonra tam dəyişdirilmiş və əlavə olaraq 3 ədəd zədəli olan təkər boltu yenisi ilə əvəz olunmuşdur. Avtomibilə düzgün qulluq olunması məqsədilə yalnız A95 Premium markalı benzin ilə təmin olunduğu haqda qəbzlər əlavə olaraq təqdim olunur. Bir daha ora gəlib onu necə başdan elədiklərinin şahidi olmuşdur. Digər avtomobil ilə 21500 AZN nəzərə alınmaqla digər maşınla dəyişdirilməsi təklifinə baxmayaraq, onların da aqibətinin daha pis olacağını hiss etmiş və bu artıq aydın olmuşdur. Son olaraq, xx.xx.2019-cu il tarixində həyat yoldaşı ilə Sumqayıta gələrək 10RM019 dövlət nömrə nişanlı Passat CC 1.8 2013 markalı avtomobilinin geri götürülməsini tələb etdikdə ona 19500 AZN ödəyəcəklərinii söyləmişlər. Bu halda da o, hər hansı bir artıq hərəkətlərdən çəkinərək və özünü sakit, təmkinli aparmağa çalışmışdır. xx.xx.2019-cu il tarixində isə maşın vəsaiti hesabına qeydiyyatdan çıxarıldıqdan və təhvil verildikdən sonra ona 19500 AZN məbləğində pul qaytarılmışdır. Nəticə olaraq satıcı bilərəkdən avtomobilin çatışmamazlıqları, zədələri haqda məlumat verməmiş, avtomobilə baxış keçirilməsinə şərait yaratmamış, elanda təsvir olunan maşını təqdim etməmiş və onu aldatmışdır. Satıcı satdığı malı şəkildə qeyd və təsvir olunan kimi alıcıya satmalıdır. Satıcı satdığı malın eyiblərini alıcıya deməyə borcludur. Ümumilikdə avtomobilin texniki normalara uyğunlaşdırılmasına və təmirinə (yağ dəyişmə, benzin çıxmaq şərti ilə) 982 AZN pul ödənilmişdir. Avtomobilin 25900 AZN qiymətə alındığı, geri qaytardığı halda isə 19500 AZN pul verdiklərini nəzərə alaraq, "017 CARS Sumqayıt" avtosalonu bu haqda ona 6400 AZN ziyan vurmuşdur. Ümumilikdə, "017 CARS Sumqayıt" avtosalonu tərəfindən ona 7382 (yeddi min üç yüz səksən iki) AZN ziyan vurulmuşdur. Əgər mal təklif olan ceşidə, növə, formaya və keyfiyyətə uyğun olmadığını ağlabatan müddətdə satıcıya bildirmirsə satıcı həmin malı sizə təklif etdiyi çeşidə, növə, formaya və keyfiyyətə uyğun malla əvəzləsdirməyə və o mümkün olmadıqda ödədiyi pulu geri verməyə borcludur. Qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh “017 Cars Sumqayıt” Avtosalonuna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada bildiriş göndərilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh “017 Cars Sumqayıt” Avtosalonunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, iddiaçı Etibarov X6 oğlu cavabdeh “017 CARS Sumqayıt” Avtosalonuna qarşı vurulmuş zərərin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "017 CARS Sumqayıt" Avtosalonu tərəfindən avtomobilin qüsurlu olması səbəbindən geri qaytarılması zamanı ona vurulmuş 7380 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçi Etibarov X3 cavabdeh “017 CARS Sumqayıt” Avtosalonuna qarşı "vurulmuş zərərin ödənilməsi"nə dair iddiası tam olaraq əsassızdır. Belə ki, iddiaçı Etibarov X6 “Volksvagen Passat CC 2.0 minik markalı” avtomobili 900 manat endirim edilməklə, 24000 manata satın almışdır. Həmin məbləğin 16000 manatını nağd olmaqla, qalan hissəsi iddiaçıya məxsus “Opel Vectra markalı" avtomobillə əvəzləşdirilmişdir. İddiaçı “Volksvagen Passat CC 2.0 minik markalı” avtomobili bir müddət idarə etdikdən sonra özünə "Toyota Camry” markalı avtomobil almaq məqsədi ilə satmışdır. Lakin o, “Volksvagen Passat CC 2.0. minik markalı” avtomobili “017 CARS Sumqayıt” Avtosalonuna deyil, AR BDYPİ-nin həyətində Pərviz Quliyev adlı şəxsə satmış və həmin avtomobil Pərviz Quliyevin adına sənədləşdirilmişdir. Pərviz Quliyev cavabdeh "017 CARS Sumqayıt” Avtosalonunun nə işçisi deyil, nə də ki “017 CARS Sumqayıt” Avtosalonunun adından hərəkət etmək üçün ona qanuna müvafiq qaydada hər hansı bir səlahiyyət verilməmişdir. İddiaçının "Volksvagen Passat CC 2.0. minik markalı” avtomobilin 2.0 deyil, 1800 kub sm olması ilə əlaqədar göstərdiklərinə münasibət bildirərək qeyd etmişlər ki, “Volksvagen Passat CC 2.0. minik markalı” avtomobilin texniki pasportunda avtomobillə bağlı zəruri məlumatlar qeyd olunmuşdur. İddiaçının bu məlumatları sanki sonradan aşkar edilmiş kimi göstərməsi məntiqsiz davranışdan başqa bir şey deyil. Bununla iddiaçı əsassız iddiasını formal dəlillərlə əsaslandırmağa çalışmışdır. Qeyd olunanlara əsasən, məhkəmədən iddiaçı Etibarov X6 oğlunun cavabdeh “017 CARS Sumqayıt" Avtosalonuna qarşı vurulmuş zərərin ödənilməsinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etlmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan "Euro Style LTD" tərəfindən verilmiş 00013242-1 saylı xx.xx.2019-cu il tarixli təmir kartından görünür ki, Passat markalı ** RM *** nömrəli avtomaşına Etibarov X1 əsasında istifadə olunmuş ehtiyyat hissələri və materialların dəyəri 530 manat təşkil etmişdir. "Euro Style LTD" tərəfindən verilmiş 00013242-1 saylı xx.xx.2019-cu il tarixli təmir kartından görünür ki, Passat markalı ** RM *** nömrəli avtomaşına Etibarov X1 əsasında istifadə olunmuş ehtiyyat hissələri və materialların dəyəri 182 manat təşkil etmişdir. İş materiallarında olan "Opel Servis" tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********* saylı arayışa əsasən ** RM *** nömrəli avtomaşının təmirinə Etibarov X6 tərəfindən 200 manat məbləğində ödəniş edilmişdir. Məhkəmənin sorğusu əsasında AR DİN Baş Dövlət X10 tərəfindən xx.xx.2020-ci il tarixli 92708-1220 saylı məktubla məhkəməyə ünvanlanmış “Volksvagen Passat CC” markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətləri barədə komputer çıxarışından görünür ki, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə Etibarov X3 adına dövlət qeydiyyatına alınmış, avtomobilə ** RM *** dövlət qeydiyyat nişanı verilmişdir. Həmin avtomobil xx.xx.2019-cu il tarixdə Etibarov X3 adından dövlət qeydiyyatından çıxarılmış, ** VE *** dövlət qeydiyyat nişanı ilə X2 adına qeydə alınmışdır. Hal-hazırda da onun adına qeydiyyatdadır. İşdə olan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Etibarov X6 ** HN *** dövlət qeydiyyat nişanlı “Volksvagen Passat CC MİNİK” markalı avtomaşının onun adına qeydiyyata alınması barədə ərizə ilə Baş Dövlət X9 müraciət etmişdir. İşdə olan AC 244712 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Volksvagen Passat CC MİNİK” markalı 2013-cü il buraxılışlı mühərrikinin həcmi 1800 sm3 olan ** HN *** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2014-cü il tarixdə X4 adına qeydə alınmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı ona “Volksvagen Passat CC MİNİK” markalı 2013-cü il buraxılışlı avtomaşının satılması zamanı cavabdeh tərəfindən aldadıldığını, bununla bağlı ona 7380 AZN məbləğində ziyan dəydiyini bildirərək məhkəməyə müraciət etmişdir. İddiaçı həmin ziyanı sözügedən avtomaşının onun tərəfindən 25900 manata alındığı halda, 19500 manata satılması ilə, o cümlədən aldığı avtomobilin təmirinə əlavə olaraq 982 manat xərc çəkməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin alğı-satqı haqqında ümumi müddəaları nəzərdə tutan normalarına görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (mad. 567). Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur (mad. 568.1). Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ona mübahisəli avtomaşının satılması barədə xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsini mübahisələndirməmiş, sonradan 2019cu ilin dekabr ayında 3 aya yaxın müddət keçdikdən sonra həmin avtomaşını öz iradəsinə uyğun olaraq, qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən müəyyənləşdirilməklə başqa bir şəxsə satmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Eyni zamanda iddiaçı avtomaşını satarkən ona zorakılıq və ya hədə-qorxu gəlindiyini bildirməmiş, bu əsasla da sözügedən müqaviləni mübahisələndirməmişdir. Halbuki, Mülki Məcəllənin 339.4-cü madədsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı E.Bəxtiyarov sözügedən avtomaşını alarkən avtomaşın X4 mülkiyyətində olmuş, avtomaşın satılarkən isə X5 adlı başqa bir şəxsə satılmışdır. Eyni zamanda iddiaçı Etibarov X6 mübahisəli avtomaşını 25900 manata alıb 19500 manata satdığını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı Etibarov X6 tərəfindən məhkəməyə mübahisəli avtomaşının 25900 manata alınıb 19500 manata satıldığı barədə sübutlar təqdim olunsa belə, bu hazırki iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, avtomaşının baha alınıb ucuz satılmasına cavabdeh “017 Cars Sumqayıt” Avtosalonunun təqsirli hərəkətlərinin səbəb olmasına dair iş materiallarında hər hansı sübut yoxdur. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddələr üzrə dəymiş zərərin ödənilməsi üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: 1) zərər mövcud olmalıdır; 2) zərər qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulmalıdır; 3) zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqə olmalıdır; 4) zərər vuran şəxs təqsirli olmalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə qeyd edilən əsasların heç biri mövcud deyil. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Qeyd edilənləri və iddiaçının cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan dəyməsini sübuta yetirə bilmədiyini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı Etibarov X3 cavabdeh “017 Cars Sumqayıt” Avtosalonuna qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Etibarov X3 cavabdeh “017 Cars Sumqayıt” Avtosalonuna qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3201/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3201/2020
12.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver