Məhkəmə qərarları › İş №2(060)-3208/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3208/2021

04.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3208/2021 04.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında olan 07 sentyabr 2009-cu il tarixli nikahın pozulması, birgə nikahlarından olan yetkinlik yaşına çatmayan 01.08.2013-cü il təvəllüdlü X1 və 10.09.2014-cü il təvəllüdlü X2 onun yanında saxlanmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə iki uşağa görə 350 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 07.09.2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 01.08.2013-cü il təvəllüdlü X3 və 10.09.2014-cü il təvəllüdlü X4 adlı iki övladları var. Cavabdehlə uzun müddət bir ailə kimi bir yerdə yaşamışlar. Lakin sonralar xasiyyətləri uyğun gəlmədiyindən münasibətləri pisləşmişdir. Bunun nəticəsində də hər gün aralarında söz-söhbət olmuşdur. Artıq 3 ildir ki, onlar ayrı yaşayırlar. Ailələri faktiki olaraq dağılmışdır. O, ailənin dağılmaması üçün bir müddət buna dözsə də, artıq səbri tükənmişdir. Ona görə də boşanma barədə qəti qərara gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı ilə aralarında olan nikahın pozulmasına və uşaqların iddiaçının yanında saxlanmalarına etiraz etmir. O, epilepsiya xəstəsidir və fəhlə işləyir. İmkanı olduqca alimenti ödəyir. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin nikahın pozulması hissəsində təmin edilməsini, aliment hissəsində isə qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1985-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1982-ci ildə anadan olmuş, ünvan 2ində qeydiyyatdadır. Nikah haqqında şəhadətnaməyə əsasən tərəflər arasında nikah 07 sentyabr 2009cu il tarixində, Sumqayıt nikah evində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Seyidov, arvada Seyidova soyadları verilmişdir. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X3 01.08.2013-cü ildə, X4 10.09.2014-cü ildə anadan olmuşlar. Uşaqların atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur (19.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir (22.2.). İşin hallarından göründüyü kimi tərəflər arasında nikahın pozulması və yetkinlik yaşına çatmayan uşaqların iddiaçının yanında saxlanmaları ilə bağlı hər hansı mübahisə yoxdur. Yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçının yanındadırlar və onların bütün tələbatları iddiaçı tərəfindən qarşılanır. Məhkəmə uşaqların anaya bağlılığını və cavabdehin uşaqların ananın yanında qalmalarına razı olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissələrdə təmin edilməli, tərəflər arasında bağlanmış nikah pozulmalı və yetkinlik yaşına çatmayan uşaqlar iddiaçının yanında saxlanmalıdırlar. Ailə Məcəlləsində nəzərdə tutulmuşdur ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (100.2.). İddiaçı cavabdehdən hər ay yetkinlik yaşına çatmayan uşaq üçün 175 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların saxlanması və onların maddi ehtiyaclarının ödənilməsi onların hər iki valideyninin vəzifəsidir. Valideynlər uşaqların saxlanmasında eyni dərəcədə məsuliyyət daşıyırlar. Bu məsələ ilə əlaqədar onların birinin üzərinə az digərinin üzərinə çox məsuliyyət qoyula bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, valideyinlərin maddi vəziyyətlərində əhəmiyyətli dərəcədə fərq olarsa onların üzərlərinə uşaqların maddi təminatı ilə bağlı fərqli öhdəliklər qoyula bilər. Məhkəmə hesab edir ki, 2021-ci il üzrə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilsə də, iddia ərizəsində göstərilən məbləğdə alimentin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. Bu səbəbdən iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə hər ay hər uçaq üçün 140 manat aliment tutulmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə 04.03.2021-ci ildə müraciət etdiyi üçün alimentin tutulması həmin vaxtdan hesablanmalıdır. İş materiallarından göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün (nikahın pozulması tələbi üçün) 20 manat dövlət rüsumu ödəmişdir. İddia qismən təmin edildiyindən həmin məbləğin yarısı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Aliment tələbi ilə bağlı iddialar üzrə iddiaçı dövlət rüsumundan azad edildiyi üçün ümumi ödənilməli olan 30 manat dövlət rüsumunun yerdə qalan 10 manatı cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 07 sentyabr 2009-cu il tarixində, Sumqayıt nikah evində bağlanmış nikah pozulsun. Nikah pozulduqdan sonra 01.08.2013-cü il təvəllüdlü X3 və 10.09.2014-cü il təvəllüdlü X4 İddiaçı yanında saxlansınlar. 01.08.2013-cü il təvəllüdlü X3 və 10.09.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması 04.03.2021-ci il tarixindən hesablansın. İddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun 10 (on) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar