Məhkəmə qərarları › İş №2(060)-3255/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3255/2025

10.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3255/2025 10.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim oğlunun sədrliyi, Vəlixanova Pəri Murtuza oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2005-ci ildə Sumqayıt şəhər nikah evində rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan üç övladları dünyaya gəlmişdir. xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il, 2(060)-677/2020 nömrəli qərarı ilə nikah pozulmuş və birgə nikahdan dünyaya gəlmiş xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 iddiaçının himayəsində qalması barədə qərar qəbul edilmişdir. Bu müddət ərzində cavabdeh övladlarının necə yaşaması ilə maraqlanmamış, onların təlim tərbiyəsi ilə məşğul olmamışdır. Göstərilənlərə əsasən, birgə nikahdan doğulmuş övladları xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh minumum əmək haqqının 0,6 misli qədəri ilə aliment məbləğinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh izahat verərək, maddi durumundakı çətinliklə əlaqədar olaraq, hər ay, hər uşaq üçün 50 manat olmaqla, ümumilikdə 100 manat məbləğində aliment ödəyəcəyini bildirmiş, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan Sumqayıt nikah evi tərəfindən 05 dekabr 2010-cu il tarixdə verilmiş AZ-İİ № 548198 saylı doğum haqqında şəhadətnamənin olunmuş surətindən görünür ki, X4 25 sentyabr 2010-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası İddiaçı, anası X2r.

7. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 111961 saylı, xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 30 aprel 2013-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası İddiaçı, anası X2r.

8. İş materiallarında olan Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ № 660369 saylı, xx.xx.2005-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 19 avqust 2005-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası İddiaçı, anası X2r.

9. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-677/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhər nikah evində xx.xx.2005-ci il tarixdə bağlanmış, 467 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2010 təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər ataları İddiaçı yanında qalmaları qət edilmişdir.

10. İş materiallarında olan Sumqayıt Şəhər Qeydiyyat şöbəsi tərəfindən 12 dekabr 2020-ci il tarixində verilmiş AZ-İ № 373486 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin 07 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmiş, bu barədə 12 dekabr 2020-ci il tarixində 356 nömrə ilə qeyd edilmişdir.

11. İşin materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00341 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya və 10 manat məbləğində poçt xərci ödəmişdir.

12. İş materiallarına əlavə edilmiş Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı “Sumqayıt şəhər Psixiatriya Xəstəxanası”da kiçik tibb bacısı, xəstə baxıçısı üzrə vəzifələrində çalışır və əməkhaqqı isə 540 manatdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulan uşaqlar atanın himayəsindədirlər. İddiaçı uşaqların saxlanılmasında maddi çətinlik çəkir və aliment tutulmasını tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

15. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

16. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

17. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

18. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

19. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

20. Belə ki, 2025-ci ildə minimum əməkhaqqı 400 manat müəyyən edilmişdir.

21. Məhkəmə iddia tələbinin “xx.xx.2005-ci il təvəllüdlü X3” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, X3 artıq yetkinlik yaşına çatmışdır.

22. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda digər uşaqların mənafeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,25 misli həddində sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiqdir.

23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

24. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 10 aprel 2025-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.

25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025ci il üzrə minimum əmək haqqı məbləğinin 0,25 misli həddində sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

26. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar