Məhkəmə qərarları › İş №2(060)-3274/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3274/2023

07.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3274/2023 07.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh1 nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Sumqayıt Bələdiyyəsi və Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs – “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 2 saylı Sumqayıt Ərazi İdarəsi) alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Sumqayıt Bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 2005-ci ildən mərhum əri T.Şahbazovun istifadəsində olmuş «Samur-Abşeron» kanalının şimalında, Sumqayıt şəhərinin cənubunda yerləşən Yeni Yaşayış massivinin 7-ci məhəlləsində yerləşən, sahəsi 600 kv metr olan 390 saylı həyətyanı sahənin Cavabdeh1 verilməsinə dair Sumqayıt Bələdiyyəsinin 24 oktyabr 2017ci il tarixli, 15 saylı Protokoluna əsasən qəbul edilmiş qərarının və həmin qərar əsasında həmin həyətyanı sahənin Cavabdeh1 satılması barədə Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda bağlanmış 22 dekabr 2017-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin, habelə alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 27 dekabr 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X2 bağ sahəsi almaq üçün 2005-ci ildə Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etmişdir. Həyat yoldaşının evdə deməsinə görə həmin vaxtlar Sumqayıt bələdiyyəsində torpaq şöbəsinin rəisi işləyən Fətulla adlı şəxsə 2000 manat pul vermiş və o da onlar üçün Sumqayıt şəhəri “Yaşıl Dərə” adlanan sahədən 6 sot torpaq sahəsi təşkil etmişdir. Torpaq sahəsinin tam sənədləşdrirlməklə həyat yoldaşının adına verilməsi üçün o vaxt 5000 manat da bələdiyyənin sədri Soltan Əsədova verilmişdir. Bələdiyyədən yoldaşına bildirmişlər ki, onlara torpaq sahəsi verilmiş ərazi Ekologiya Nazirliyinə aid olduğundan və həmin sahənin yaxın vaxtlarda Sumqayıt Bələdiyyəsinə veriləcəyinə görə sənədləşmə bir qədər yubanacaqdır. Ancaq buna baxmayaraq 6 sot torpaq sahəsi onlarındır və həmin sahədən istifadə edə bilərlər. İddiaçının həyat yoldaşı X2 2005-ci ildə həmin sahəyə 10 daşdan ibarət cərgədə hasar çəkdirmiş və orada ağaclar əkdirmiş, sahəsi 14 kv metr olan bir otaq da tikdirmişdir. 2008-ci ildə həyat yoldaşı yenidən bağın sənədləri ilə bağlı Sumqayıt Bələdiyyəsinə müraciət edəndə bildirmişlər ki, layihə hələ hazır deyil, hazır olan kimi xəbər edəcəklər. 2005-ci ildən hal-hazıra kimi həmin bağ sahəsindən istifadə edirlər. 2018-ci ildə iddiaçının həyat yoldaşı ağır xəstələnmiş və onda onkoloji xəstəlik aşkarlanmışdır. 2018-ci ildə həyat yoldaşının xəstə olduğu ərəfədə bir nəfər tanımdağı şəxs oğlu iddiaçının Elxan Şahbazova telefonla zəng edərək bildirmişdir ki, onların istifadə etdiyikləri torpağı almışdır. Oğlu da həmin şəxsə bildirmişdir ki, onlar heç kəsə torpaq satmamışlar. O isə bələdiyyəyə pul verib torpağı aldığını bildirmişdir. Oğlu həmin şəxsə məsləhət bilmişdir ki, onları aldadıblar, gedib pullarını geri götürsünlər. Oğlu Elxan bu barədə atasına demiş və hər ikisi birlikdə Sumqayıt Bələdiyyəsinin sədri Soltan müəllimin qəbuluna getmişlər. Soltan Əsədov iddiaçının həyat yoldaşına demişdir ki, onu Bilal, Rövşən və Anar adlı işçiləri aldadaraq sənədə qol çəkdiriblər. Soltan müəllim həyat yoldaşı Teyyuba demişdir ki, narahat olmasın və işlləri yoluna qoyacaq. Teyyub Şahbazov 23 oktyabr 2020-ci ildə ağır xəstəlikdən vəfat edib. Onun vəfatından 7 gün keçmişdi ki, bir nəfər bağa gəlib bildirib ki, bu yerona məxsusdur. Sonradan istifadələrində olan torpaq sahəsinə qanunsuz yolla sənəd alan cavabdeh Əminə Hacıyevə guya torpağın onlar tərəfindən zəbt edilməsi və orada qanunsuz tikinti işi aparılması barədə Sumqayıt şəhər Polis idaərsinə ərizə vermişdir. Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılaraq işə xitam verilib. İstifadələrində olan mübahisəli sahə mərhum əri Teyyub Şahbazova cavabdeh-Sumqayıt Bələdiyyəsi tərəfindən 2005-ci ildə satılmış və buna görə pul ödənilmişdir. Həmin sahədə 2005-ci ildən yaşayırlar və orada tikinti və əkin işləri aparılmışdır. Qazdan, sudan istifadə edilmişdir. Hətta əri ağır xəstə olduğundan oğlu Elxan Şahbazovun adına bələdiyyədən torpaq vergisini ödəmək üçün bildiriş gəlmişdir. Buna görə də 2005- 2021-ci ilədək olan torpaq vergisini onlar ödəmişlər. Sonradan iddiaçıya məlum olub ki, Sumqayıt Bələdiyyəsi özünün 24 oktyabr 2017-ci il tarixli, 15 saylı Protokoluna əsasən Cavabdeh1 «Samur- Abşeron kanalının şimalında, Sumqayıt şəhərinin cənubunda yerləşən Yeni Yaşayış massivinin 7-ci məhəlləsində yerləşən sahəsi 600 kv metr olan 390 saylı həyətyanı sahənin ayrılması barədə qərar qəbul etmişdir. Sumqayıt Bələdiyyəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövləit Qeydiyyatı haqqında ******* nömrəli xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən həmin həyətyanı sahəni Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda bağlanmış 22 dekabr 2017ci il tarixli AN- İ ******* nömrəli alqı-aatqı müqaviləsinə əsasən Cavabdeh1 satmışdır .Həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrindən 27 dekabr 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış almışdır. Həmin qərar, müqavilə və çıxarış qanunsuz və əsassızdır. Belə ki, Sumqayıt Bələdiyyəsi tərəfindən təqdim edilmiş sənədlərdən aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan X4 adlı şəxs Sumqayıt şəhər 4 nömrəli Notariat kontorunda 06 mart 2017-ci İİ tarixdə təsdiq olunmuş ərizə ilə Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədova müraciət edərək adında olduğu Sumqayıt şəhəri, Samur-Abşeron kanalının şimalı, Yeni Yaşayış massivi 7-ci məhəllə ünvanda yerləşən 390 saylı torpaq sahəsinin Cavabdeh1 adına sənədləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Həmin torpaq sahəsinin Bilal Əzizov adlı şəxsin adına olmasını təsdiq edən sənəd yoxdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1344/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı qismən – iddia ərizəsinin 22 dekabr 2017-ci il tarixli, AN-İ ******* nömrəli alqısatqı müqaviləsinin, habelə alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 27 dekabr 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi hissəsində qəbul edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddianın icraata qəbul edilib-edilməməsi məsələsinə yenidən baxılması üçün mülki iş Sumqayıt Şəhər məhkəməsinə qaytarılmış, qərardad qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi 22 dekabr 2017-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin, habelə alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 27 dekabr 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi hissəsində icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixli ərizəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinin iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs, Cavabdeh1 isə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən əsl olmayan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi (hazırda – “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 2 saylı Sumqayıt ərazi idarəsi) əsl Cavabdeh1 ilə əvəz edilmiş və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. Sonuncu məhkəmə iclası barədə cavabdeh Sumqayıt Bələdiyyəsinin və üçüncü şəxsin nümayəndələrinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, iddiaçı hazırda sözügedən torpaq sahəsində inşa edilmiş evdə yaşayır. Cavabdeh1 həmin torpaq sahəsini qanunsuz olaraq öz adına rəsmiləşdirib. Belə ki, iddiaçı və onun mərhum həyat yoldaşı bələdiyyəyə pul ödəməklə həmin torpaq sahəsini almışlar. Onlar uzun müddətdir ki, həmin torpaq sahəsindən istifadə edirlər. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək həmin torpaq sahəsinə dair bələdiyyənin adına verilmiş çıxarışı mübahisələndirib. Hazırkı işin nəticəsi həmin işdən birbaşa asılıdır. İddiaçı və həyat yoldaşı üzun illərdir ki, həmin torpaq sahəsinə dair kommunal ödənişləri həyata keçirirlər. Kommunal ödənişlər və bələdiyyə ödənişi iddiaçının oğlu Elxan Şahbazovun adınadır. Sənədlərdən görünür ki, guya Bilal adlı şəxs həmin sahənin bələdiyyəyə qaytarılmasına etiraz etmədiyini bildirib. Həmin şəxsin torpaq sahəsinə hər hansı hüququnun olduğu müəyəyn edilmir. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi, Vəkil məhkəməyə ərizə təqdim edərək bildirdi ki, iddia əsassızdır. Belə ki, Cavabdeh1 həmin torpaq sahəsini qanunvericiliyin tələblərinə uyğun olaraq bələdiyyədən alqı-satqı əsasında almış və öz adına sənədləşdirmişdir. İddiaçının torpaq sahəsinə hüququnun olmasını təsdiq edən hər hansı sənəd mövcud deyildir. Eyni zamanda Cavabdeh1 ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi 2017-ci ildə bağlanıb. Belə olan halda iddiaçı iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbinə iddia müddəti tətbiq olunmalıdır. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1951-ci ildə, Lerik rayonu, Kiravuz kəndində anadan olmuşdur. O, ünvan 4 ünvanıdna qeydiyyatdadır. Cavabdeh1 xx.xx.1957-ci ildə, Füzuli rayonu, Saracıq kəndində anadan olmuşdur. ünvan 6 ünvanında qeydiyyatdadır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi, 7-ci məhəllə, 390 ünvanda yerləşən torpaq sahəsi ünvan 8əfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 4Ə-2024 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər Polis idarəsinin müstəntiqi X3 tərəfindən qəbul edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə istintaq edilən 730403 saylı cinayət işi icraata Azərbaycan Respublikası CPM- 39.1.5-ci maddəsinə əsasən xitam verilmiş, iş üzrə X1 zərərçəkmiş şəxs qismində işdə iştirakına xitam verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Samur-Abşeron kanalının şimalında, Yeni Yaşayış massivin 7-ci məhəlləsində yerləşən 390 saylı həyətyanı sahə xx.xx.2017-ci ildən Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olmuşdur. Sumqayıt bələdiyyəsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı Ərazi şöbəsinin rəylərini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ******* №-li, xx.xx.2017-ci il tarixli çıxarışını, arayışını, torpaq sahəsinin plan və ölçüsünü nəzərə alaraq Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan "Samur - Abşeron” kanalının şimalında, Sumqayıt şəhərinin cənubunda yerləşən Yeni yaşayış massivinin 7-ci məhəlləsində yerləşən sahəsi 600 kv.m. olan 390 saylı həyətyanı torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə ayrılması qərara alınmışdır. xx.xx.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Sumqayıt Bələdiyyəsi tərəfindən Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, Yeni Yaşayış massivi, 7-ci məhəllə ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi Cavabdeh1 satılmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Samur-Abşeron kanalının şimalında, Yeni Yaşayış massivin 7-ci məhəlləsində yerləşən 390 saylı həyətyanı sahə xx.xx.2017-ci ildən Cavabdeh1 mülkiyyətindədir. X4 tərəfindən Sumqayıt şəhər Bələdiyyəsinin sədrinə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizədə onun adında olan Sumqayıt şəhəri, Samur-Abşeron kanalının şimalı, yeni yaşayış massivi, 7-ci məhəllə ünvanında yerləşən 390 saylı torpaq sahəsinin Cavabdeh1 adına sənədləşməsinə etiraz etmədiyi qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X2 xx.xx.2020-ci ildə vəfat etmişdir. İşdə olan abonent məlumatlarından görünür ki, mübahisəli ərazi üzrə kommunal ödənişlər Teyyub Şahbazovun və Elxan Şahbazovun adınadır. Tədiyyə bildirişlərinə əsasən Elxan şahbzaov tərəfindən bələdiyyəyə torpaq vergisi ödənilmişdir. İş materiallarına foto-şəkillər əlavə edilmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Qeyd edilməlidir ki, iddiaçı «Samur-Abşeron» kanalının şimalında, Sumqayıt şəhərinin cənubunda yerləşən Yeni Yaşayış massivinin 7-ci məhəlləsində yerləşən, sahəsi 600 kv metr olan 390 saylı həyətyanı sahənin (bundan sonra – mübahisəli torpaq sahəsi) Sumqayıt Bələdiyyəsi tərəfindən ona verildiyini, hazırda onun istifadəsində olduğunu bildirərək bələdiyyə ilə Cavabdeh1 arasında həmin torpaq sahəsi ilə əlaqədar bağlanmış alqı-satqı müqaviləsinin və bunun əsasında verilmiş çıxarışın etibarsızlığını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən (bundan sonra – Mülki Məcəllə) bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1.). Ümumiyyətlə qeyd edilməlidir ki, Mülki Məcəllənin “əqdlərin etibarsızlığı” adlanan 14-cü fəslində əqdlərin etibarsız hesab edilməsi üçün bir sıra əsaslar göstərilmişdir. Hər hansı əqdin etibarsız hesab edilməsi üçün əqd Mülki Məcəllənin həmin fəslində göstərilən əqdin etibarsızlığı hallarını müəyyən edən əsaslardan birinə uyğun gəlməlidir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. İddiaçı yalnız mübahisəli torpaq sahəsinin 2005-ci ildə Sumqayıt Bələdiyyəsi tərəfindən şifahi razılaşma əsasında onun mərhum həyat yoldaşı Teyyub Şahbazova verilməsinə və hazırda onun istifadəsində olmasına əsaslanmışdır. İddiaçı həmin torpaq sahəsinə dair hər hansı hüquqi sənəd təqdim edə bilməmiş, yalnız kommunal və bələdiyyə ödənişlərinin ödənişlərin oğlunun adına olması barədə sənədlər təqdimetmişdir ki, həmin sənədlər iddiaçının topaq sahəsi üzərində hər hansı hüququnu təsdiq etmir. Eyni zamanda mübahisəli torpaq sahəsinin Cavabdeh1 ayrılması zamanı hər hansı qanun pozuntusuna yol verilməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı xx.xx.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız olduğunu hesab etsə də, iddiaçının əsaslandığı hallar mülki qanunvericilikdə əqdlərin etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş halların heç birinə uyğun gəlmir. Cavabdeh1 nümayəndəsi tələbə iddia müddətinin tətbiq edilməsi haqqında ərizə təqdim etsə də, ərizədə hansı tələblərlə bağlı müddətin hazırkı tələbə tətbiq edilməli olduğunu qeyd etməmişdir. Şifahi şəkildə isə əqdlərin etibarsızlığı ilə bağlı bir illik müddətin tələbə təqdim edilməsini xahiş etmişdir. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında hüquqi mövqelərdən biri belə olmuşdur ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Göründüyü kimi əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddianın verilməsi üçün müəyyən edilmiş müddət kəsici müddətdir. Eyni zamanda həmin müddət əhəmiyyətsiz əqdlərin etibarsızlığının nəticələrinin tətbiqi barədə iddia ilə bağlıdır. Bu səbəbdən məhkəmə hazırkı tələbə iddia müddətinin tətbiq edilməsini mümkün hesab etmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Sumqayıt Bələdiyyəsinə və Cavabdeh1 qarşı Sumqayıt Bələdiyyəsi tərəfindən Yeni Yaşayış massivinin 7-ci məhəlləsində yerləşən, sahəsi 600 kv.metr olan 390 saylı həyətyanı sahənin Cavabdeh1 satılması barədə 22 dekabr 2017-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 27 dekabr 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar