Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3277/2024 24.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 Cavabdeh və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 oğunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əmək haqqından hər ay ¼ hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi, alimentin tutulmasının ərizəsinin məhkəməyə daxil olduğu gündən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh ilə bir evdə yaşayırdılar. Cavabdeh ailə qurduqdan sonra özünə şəxsi mənzil almış və ailəsi ilə birlikdə orada yaşamağa başlamışdır. Lakin, cavabdeh bir övlad kimi onu saymır, hörmət etmir, 3 ilə yaxın müddətdir ümumiyyətlə halından xəbər tutmur. Qeyd edir ki, o, evdar qadındır, uşaqlıqdan İİ qrup əlildir, əmək qabiliyyətini tamamilə itirib, ayağı amputasiya olunacaq. Əlilliklə yanaşı digər xəstəliklərdən də əziyyət çəkir. Cavabdeh onun heç bir müayinə, müalicə xərclərinə kömək etmir. Əlil olsa da, o, cavabdehdən ana qayğısını əsirgəməyib, onun sağlam fərd kimi böyüməsi üçün əlindən gələni edib. Onun heç bir yerdən gəliri, qazancı yoxdur. Çarəsiz, köməksiz vəziyyətdə kirayədə yaşayır. Maddi durumu çox ağırdır. Xəstə, çarəsiz valideyinə hörmət etmək, maraqlanmaq, ehtiyaclarına kömək etmək hər bir övladının borcudur. Valideynlərin uşaqların saxlamaq üçün aliment ödəmək vəzifəsi olduğu kimi, yetkinlik yaşına çatmış övladların da valideynlərini saxlamaq vəzifəsi var. Hesab edir ki, Cavabdeh əmək haqqısından hər ay 1/4 hissəsi qədər aliment tutularaq ona ödənilməlidir. Bu səbəbdən də, aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 450 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı oğlu Cavabdeh aliment tutularaq ona ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 2-ci qrup əlildir, demək olar ki, əmək qabiliyyətini tamamilə itirib və ayağı amputasiya olunacaq. İddiaçı əlilliklə yanaşı, digər xəstəliklərdən də əziyyət çəkir ki, bu hallarla bağlı məhkəməyə sübutlar təqdim edilmişdir. İddiaçı əlilliyi ilə əlaqədar pensiya alır. Lakin onun başqa heç bir yerdən əlavə gəliri yoxdur, maddi durumu ağır vəziyyətdədir və hazırda kirayədə yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Lakin cavabdeh bir övlad kimi anasının saxlanılmasında iştirak etmir. Halbuki cavabdehin maddi vəziyyəti kifayət qədər yaxşıdır. Onun gəliri 2000 manatdan yüksəkdir. Cavabdeh hərbçidir, məlum olduğu kimi hərbçilərin təminatları yüksək səviyyədədir. Cavabdehin uşağının səhhəti ilə bağlı qeyd etdiklərini sübut kimi qəbul etmək olmaz. Qeyd edilən xəstəliklər xüsusilə ağır xəstəliklər deyil, həmin xəstəliklə bağlı xərclər sığorta ilə də ödənilə bilər. Cavabdehin övladı üçün 250 manatlıq qida almasının sübüt qismində təqdim edilməsi də əsassızdır. Bundan başqa cavabdehin həm kirayədə yaşamaqla yanaşı ipoteka ilə ev alması və bunun üçün ödənişlər etməsi inandırıcı deyil. Dövlət tərəfindən kirayədə yaşayan hərbçilərə kirayə haqqı ödənilir. Bu baxımdan da hesab edir ki, məhkəməyə təqdim edilmiş kirayə müqaviləsi formal olaraq bağlanılmışdır. İddiaçı cavabdehi ali təhsilli zabit kimi böyüdüb. Bu gün də iddiaçı ana kimi oğluna möhtacdır. Hesab edir ki, yaşlı və xəstə ana hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır. Əslində cavabdehin aylıq gəliri kifayət qədər yüksək olduğundan anasının tələb etdiyi məbləğdə aliment ödəmək cavabdeh üçün çətinlik yaratmamalıdır. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, anasının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi və bununla əlaqdar baş verənlər onun üçün çox utancverici bir hadisədir. İlk öncə bildirir ki, həm anasının, həm də atasının bir valideyn kimi başının üstündə yeri var. Anası ilə uzun illər, təxminən 8 il mehriban formada bir evdə yaşamışlar. O, həmişə anasına baxmış, onun qulluğunda durmuşdur. Anasının ona qarşı belə addım atmasını, ona qarşı belə iddia qaldırmasının səbəbini başa düşə bilmir. Hesab edir ki, buna bacısı səbəb olub. Anasının hər dəfə ad günü məclisində özü iştirak edib. Bununla bağlı onda videolar da vardır. Qeyd edir ki, anasının sağlamlığı qaydasındadır. Təqdim etdiyi diskdən də görünür ki, anası toylarda sərbəst şəkildə rəqs edir. İddia ərizəsində qeyd edilənlər yalandır. X1 maddi imkanı yaxşıdır, mağazası var və orada hicab satışı ilə məşğuldur. Bundan başqa anası özünə məxsus mənzili bacısı Zübeydəyə bağışlayıb, bacısı həmin evi kirayəyə verməklə hər ay əlavə 200 manat gəlir əldə edir. Bu barədə kirayə müqaviləsini də məhkəməyə təqdim ediblər. Valideynlər bacısına görə ona qarşı belə münasibət göstərir. Bir daha qeyd edir ki, onun maddi vəziyyəti yaxşı deyil. Kirayə haqqı ödəyir, banka müəyyən ödənişlər edir. Övladı və yoldaşı xəstədir. Onların müalicə və müayinəsi kifayət qədər pul tələb edir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 oğu iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə hazırkı iddia tələbinin təmin edilməsi üçün 2 əsas şərt olmalıdır. Birincisi, iddiaçı kifayət qədər imkansız olmalıdır, ikincisi, cavabdehin gəliri bu alimenti ödəyə biləcək miqdarda olmalıdır. Cavabdeh ailəlidir və himayəsində iki övladı var. Hər iki övladının səhhətində ciddi problemlər var. Bununla yanaşı cavabdehin evi yoxdur, ayda 694 manat olmaqla ipoteka ödənişi edir. Cavabdehin uşaqlarının və həyat yoldaşının aylıq dərman xərcləri yüksəkdir. Cavabdeh uşaqlarının sağlam həyat şəraitində yaşaması üçün bütün gəlirini ailəsinə xərcləyir. Cavabdehin həyat yoldaşının da əlilliyi vardır. Belə ki, cavabdehin yoldaşı 3-cü qrup əlildir. Cavabdehin övladlarından birinin xroniki xəstəliyinin olması onun xüsusi şəkildə qidalanmasını zəruri edir. Bu hal da əlavə xərclərə səbəb olur. Belə olan halda hesab edir ki, uşaqların mənafeyi nəzərə alınmalıdır. Onu da qeyd edir ki, ana və övladı arasındakı bu mübahisə mülk üzərində yaranmışdır. Belə ki, iddiaçı və cavabdeh 10 ildən artıqdır ki, birlikdə yaşayıblar. İddiaçı məlum olmayan səbəblərdən hər iki evini digər uşağına, qızına verəcəyini bildirib. Cavabdeh isə bu hala yumşaq formada öz etirazını bildirib. Bu səbəbdən də iddiaçı ona qarşı belə bir iddia qaldırıb. İddiaçı hazırda pensiya alır. Mülkiyyətində olan evləri kirayəyə verib və onlardan gəlir əldə edir. Bununla yanaşı cavabdeh öz atasını da hərbi hissədə işə düzəltmişdir. Cavabdehin atası aylıq 507 (beş yüz yeddi) manat maaş alır. İddiaçının bir il yarım əvvəl toy məclisində iştirakı ilə bağlı videosu vardır. Həmin videoda iddiaçı sərbəst olaraq rəqs edir. Hesab edir ki, bu iddia cavabdeh tərəfə qərəzli olaraq qaldırılmış iddiadır. Halbuki, iddiaçının digər övladının da kifayət qədər gəliri vardır. İddiaçı isə yalnız cavabdeh qismində oğlunu qeyd edib. Məhkəmənin nəzərinə onu da çatdırır ki, cavabdeh hərbi qulluçu olduğundan sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir. Bunda başqa cavabdehin ezamiyyətdə və ya döyüş bölgələrinə göndərilməsi cavabdehin əlavə gəlir almasına səbəb olmur. Hərbi qulluqçulara kompensasiya yalnız müəyyən şərtlər daxilində verilir. Cavabdehin gəlirləri əsasən kredit ödənişlərinə xərclənir. Bundan başqa övladı ömrünün sonuna kimi xüsusi – qlütensiz qidalarla qidalanmağa məcburdur. Hesab edir ki, bu məsələdə beynəlxalq uşaq hüquqları haqqında Konvensiyaya əsasən uşaqların hüquqları qorunmalı və onların mənafeyi əsas götürülməlidir. Bundan başqa uşaqların qidalanması ilə yanaşı, həm onların, həm də cavabdehin səhhəti ilə bağlı müalicələr kifayət qədər pul xərclənməsini tələb edir. Göründüyü ki, cavabdehin maddi və ailə vəziyyəti yaxşı deyil. Cavabdehin ailəsi 4 nəfərdən ibarədir və 1027 manat onların tək minimum yaşayış səviyyəsini təmin etmək üçün tələb olunan məbləğdir. İddiaçının özü pensiya almaqla yanası, yoldaşı da hərbi hissədə işləyir və müəyyən qədər əmək haqqı alır. Hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının maddi yardıma ehtiyacı yoxdur, cavabdehin isə maddi vəziyyəti yaxşı deyil. Belə olan halda, iddia tələbinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 oğu məhkəmə çıxışını yazılı qaydada məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı tərəfindən ona (Cavabdeh) qarşı "övladdan aliment tələbi”nə dair 2(060)-3277/2024 nömrəli iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuş, hazırda həmin iş məhkəmənin icraatındadır. İddiaçının ilkin verdiyi iddia tələbi üzrə onun əmək haqqıından hər ay ¼ hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsindən ibarət olmuş, daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək hər ay ondan 450 manat məbləğində sabit alimentin tutularaq ona ödənilməsi tələb edir. Aşağıdakı səbəb və əsaslara görə hesab edir ki, iddia tələbi rədd edilməlidir: İlkin olaraq qeyd edir ki, iddiaçı tərəfindən məhəkəməyə verilən məlumat təhrif olunmuşdur. İddiaçı iddia ərizəsində cavabdehin, yəni onun valideyn kimi onu saymaması və 3 ilə yaxın müddətdir ki, ümumiyyətlə halından xəbərsiz olmasını iddia etsə də, bu tamamilə əsassızdır və həqiqətə uyğun deyil. Həmçinin iddiaçı ərizəsində qeyd etmişdir ki, guya o, ailə qurduqdan sonra şəxsi mənzil almış, ailəsi ilə birgə orda yaşamağa başlamış, övlad kimi ona hörmət etmir və saymır. Bu tamamilə yalandır. O, ailə qurduqdan əvvəl iddiaçı ilə birgə yaşayıb, daha sonra, yəni ailə qurduqdan sonra da o uzun müddət ərzində onunla birgə yaşamış, o, onun bütün xərclərini öz üzərinə götürmüşdür. Məhkəmənin diqqətinə ilk öncə işin fakitiki hallarını çatdırmaq istəyir. Belə ki, o, kadr zabiti olaraq “mayor” hərbi rütbəsində hazırda Müdafiə Nazirliyinin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində dislokasiya olunmuş N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdədir. İddiaçı (anası) uzun müddət onun və ailəsilə birgə kirayə yaşadığı mənzildə yaşamışdır. O, onun bütün növ təminatlarla (qida, paltar, məişət xərcləri və sair) təmin etmiş, bütün xərclər onun tərəfindən ödənilmişdir. Lakin, ona məlum olmayan səbəblərə görə 2 il öncə, yəni 2022-ci ilin ortalarında anası mülkiyyətində olan 2 fərdi evi digər övladı olan bacısına bağışlamışdır. O, bunun səbəbini soruşduqda isə anası ona heç bir səbəb və əsas gətirmədən evindən çıxıb getmiş, onunla və ailəsi ilə birgə yaşamağı istəməmişdir. Onun tərəfindən iddiaçıya hər hansı bir şiddət, hörmətsizlik, laqeydlik heç zaman göstərilməmişdir. O, dəfələrlə ona təklif etmişdir ki, qayıtsın, ailəsi ilə birgə yaşadığı kirayə evə, lakin heç bir səbəb bildirmədən o, onunla ünsiyyətdən yayınır. Əlavə olaraq bildirir ki, hazırda iddiaçı birgə yaşadığı digər övladı olan bacısı Zübeydə Səfərovanın maddi vəziyyəti yaxşıdır, o, ailəlidir, Bakı şəhərində yaşayır, mülkiyyətində 2 evi var. Bundan əlavə aşağıdakı sənədləri (sübutları) məhkəməyə təqdim etməklə bildirir ki, tələb edilən alimentin onun tərəfindən ödənilməsi üçün maddi imkanı olmadığından bu mümkün deyildir. İlk öncə bildirir ki, iddiaçının ondan gəlirinin ¼ məbləğində aliment tələb etmək hüququ qanunvericiliklə nəzərdə tutulmamışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək hər ay ondan 450 manat məbləğində sabit alimentin ödənilməsini tələb etmişdir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1-ci maddəsinin tələblərindən göründüyü kimi, aliment müəyyən edildiyi təqdirdə yalnız sabit məbləğdə təyin oluna bilər. Bundan əlavə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsinə və mövqeyinə görə yetkinlik yaşına çatmış övladın valideynini saxlamaq öhdəliyinin həyata keçirilməsi zamanı aliment təyin edilərkən əsaslardan biri odur ki, valideynin maddi yardıma ehtiyacı olsun, aliment ödəyən şəxsin də maddi imkanı buna imkan versin, yəni maddi vəziyyəti yaxşı olsun. Lakin, bildirir ki, anasının maddi yardıma ehtiyacı yoxdur, onun mülkiyyətində 2 fərdi yaşayış sahəsi var və o, bu mənzilləri kirayəyə verərək hər ay kirayə haqqı alır. Həmçinin iddiaçı əlilliyə görə müavinət alır. Eyni zamanda iddiaçı (anası) atası ilə birlikdə yaşayır, atası X16 onun köməkliyi ilə və təşəbbüsü ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin mənzil istismar xidmətinin qazanxana operatoru vəzifəsinə işə qəbul edilmiş, hal-hazırda həmin vəzifədə işləyir və 507.46 manat əmək haqqı alır (bu faktı təsdiq edən AR Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin xx.xx.2024cü il tarixli 475 №-li arayışı çıxışına əlavə edilir. Əlavə olaraq bildirir ki, iddiaçının ərizəsində gələcək zamanda onun ayağının amputasiya olunacağı qeyd olunmuş, lakin bu hal hər hansı bir təsdiqedici sənədlə (sübütla) təsdiq edilmir, bununla bağlı heç bir həkim rəyi yoxdur. Onun səhəttində hərəkət məhdudiyyəti, kiminsə köməkliyi ilə hərəkət etməsi halı da mövcud deyil. İş üçün mühüm əhəmiyyətli bu halı təsdiq edən onunla birgə yaşadığı dövrdə övladının kiçik toy mərasimində oynamasını (rəqs etməsini) əks etdirən videoyazını çıxışına əlavə etməklə sübut kimi qiymətləndirilməsini məhkəmədən xahiş edir. Həmin videoyazıdan da göründüyü kimi, iddiaçının köməksiz halda olması təkzib edilir. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, İddiaçı digər övladı olan bacısı X5 mülkiyyətində olan 2 fərdi evi bağışlamış, həmin evləri də bacısı kirayə verərək gəlir əldə etməkdədir. Belə ki, çıxışına əlavə etdiyi 2024-cü il tarixli “mənzilin kirayə müqaviləsi”nin surətinə əsasən iddiaçı tərəfindən digər övladına bağışlanmış ünvan 1 ünvanında olan fərdi yaşayış evi N nömrəli hərbi hissənin hərbi qulluqçusu X11 ayda 200 manat kirayə ödənişi olunması şərti ilə kirayə verilmişdir. Nəzərə alınsa ki, iddiaçı hazırda bacısı ilə birgə Bakıda yaşayır, həmin fərdi evin kirayəsindən əldə edilmiş gəlir onun maddi ehtiyacların ödənilməsinə yönəldilmişdir. Əgər iddiaçının maddi vəziyyəti acınacaqlıdırsa hansı səbəbə görə o, mülkiyyətində olan evi digər övladına bağışlamış, digər övladı isə həmin evi kirayə verməklə ayda 200 manat məbləğində gəlir əldə etməkdədir. İddiaçı hər iki övladından aliment tələb etmək əvəzinə məlum olmayan səbəblərə görə, əsassız olaraq aliment tələbinə dair iddianı yalnız bir övladına qarşı irəli sürmüş, mülkiyyətində olan 2 fərdi evi bağışladığı, həmin evlərin kirayəsindən gəlir əldə edən digər övladına qarşı hər hansı bir aliment tələbini irəli sürmür. Bu isə o deməkdir ki, iddiaçı ona qarşı qərəzli münasibətdədir, məqsədi isə əsassız olaraq onun, azyaşlı övladlarının, yəni ailəsinin maddi vəziyyətinin kəskin şəkildə pisləşməsinə yönəldilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdeh ailəlidir və 2 övladı var. (Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli ailə tərkibi haqqında arayış çıxışına əlavə edilir). “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanunun məzmunundan göründüyü kimi, onun və ailə üzvlərinin dolanışı üçün minimum 1027 (min iyirmi yeddi) manat pul tələb edilir (bir uşağa görə 235 manat, 2 uşağa görə 470 manat, mənim və həyat yoldaşının yaşaması üçün üçün minimum 557 manat pul vəsaiti). O, kadr zabit olaraq hərbi qulluqçudur, hər hansı bir sahibkarlıq fəaliyyəti ilə məşğul deyil, hərbi hissədən aldığı əmək haqqından başqa hər hansı bir əlavə gəliri və qazancı yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsi tərəfindən xx.xx.2024-cü il tarixli 51 №-li arayışında da qeyd olunduğu kimi aylıq əmək haqqı vergilər tutulduqdan sonra 1876.30 manatdır. Bu məbləğdə olan əmək haqqı yalnız özünün və ailə üzvlərinin dolanışığı üçün yetərlidir. Çünki, 3 ailə üzvünün (həyat yoldaşının və övladımlarının) sağlamlıqlarında ciddi problemlər var. Onların səhhətində olan bu problemləri (xəstəliklər) hər ay üçün kifayət qədər xərc tələb edir. Nəzərə alınmalıdır ki, yaşayış minimuma uyğun ailə üzvlərinin dolanışığı üçün tələb edilən 1027 manat puldan əlavə o, hər ay Azərbaycan Respublikası İpoteka Kredit Zəmanət Fonduna müqavilə ilə nəzərdə tutulmuş 694.11 manat məbləğində ödəniş edir, həmin dönişləri 2047-ci ilədək icra etmək öhdəliyi daşıyır. Rəsmi nikahda olduğu X12 gözdən əlildir və çıxışına əlavə etdiyi sənədlərdən də göründüyü kimi, Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli sonuncu müayinəsinə əsasən ona 3-cü dərəcəli əlillik müddətsiz təyin olunmuşdur. Bundan başqa Ümman Səfərovada onkoloji xəstəlik aşkar edilmiş, buna görə o mütəmadi olaraq Respublikası Onkoloji Mərkəzində həkim və laborator müayinələrindən keçir, ona mütəmadi olaraq müaliə yazılır, dərmanlar təyin edilir (bu halı təsdiq edən müvafiq tibbi sənədləri də çıxışıma əlavə edirəm). Belə ki, Respublikası Endokrinoloji Mərkəzinin 23 noyabr 2023-cü il tarixli “qalxanvari vəzin ultrasəs müayinəsi” vərəqəsindən göründüyü kimi, Ümman Səfərovada “qalxanvari vəzin düyünlü diffuz struktur dəyişikliyi” aşkar edilmişdir. Həmçinin “Azərbaycan Respublikası Təbabət Klinikası“nın 28 noyabr 2023-cü il tarixli “süd vəzlərin ultrasəs müayinəsi” vərəqəsində göstərilmişdir ki, “sol süd vəzidə fibroadenomatoz düyün”, ”sağ süd vəzidə FA, fibroz kistoz kompleks (İDP inkar olunmur) kist” aşkar edilmişdir. Həmçinin həmin klinikanın 16 mart 2024-cü il tarixli vərəqəsində də göstərilmişdir ki, həyat yoldaşı Ümman Səfərovada “sol aksillada olan şişkinlik proyeksiyasında 44x13 mm ölçülü homogen strukturlu, nazik hamar kapsulaya malik lipoma qeyd edilir”. Bu səbəbdən həyat yoldaşı işləyə bilmir, əmək fəaliyyəti ilə məşğul ola bilmir, buna görə onun istər məişət, istərsə də, mütəmadi olaraq olunan müayinə və müalicə xərcələri onun üzərindədir. Bu evlilikdən dünyaya gələn 9 yaşlı qızı Linara Səfərli “çolyak xəstəliyi, bronxial astma, allergik komponentlər” diaqnozu ilə dispanser qeydiyyatındadır, xroniki xəstə olduğu üçün daimi ambulator müalicə alır. Bu “çolyak” xəstəliyi nazik bağırsaq xəstəliyinin bir növüdür və buğda, arpa və çovdar kimi taxıllarda tapılan “qlüten” adlı zülala qarşı nazik bağırsağın ömürlük bir xəstəliyidir. Bu xəstəliklə bağlı çıxışına əlavə etdiyi 15 aprel 2023-cü il tarixli “X25”nın “Tibbi laboratoriya nəticələri”ndə göstərilmişdir ki, övladı Linara Səfərlidə “Doku transqlutaminaz lgA (çolyak xəstəliyi) aşkar edilmişdir. Bu diaqnoz həmçinin çıxışına əlavə etdiyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hərbi hissəyə ünvanlandırdığı N mart 2024-cü il tarixli 33 nömrəli məktubunda da öz əksini tapmışdır. Həmin məktubda qeyd edilmişdir ki, qızı Linara Səfərlidə “çolyak xəstəliyi, bronxial astma, allergik komponentlər” diaqnozu ilə dispanser qeydiyyatındadır və ambulator müalicədədir. Övladına həkimlər tərəfindən yazılan çoxsaylı dərman təyinatına dair xx.xx.2023-cü il tarixli tövsiyyə vərəqəsində qeyd olunmuşdur və reseptdə qeyd edilmişdir ki, övladına qəbulu mütəmadi olaraq nəzərdə tutulmuş dərmanlar: “Salbutamol” dərman preparatının 1 qutusunun qiyməti Azərbaycan Respublikası Tarif Şurasının Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə 6 №-li qərarına əsasən orta hesabla 5 manat, “Beksitrol-F 25/125” preparatının 1 qutusunun qiyməti orta hesabla 23 manat, “Montel 5 mq” dərmanın 1 qutusunun qiyməti isə orta hesabla 8 manatdır. Bu dərman vasitələrini əldə etmək üçün ayda digər müayinə və müalicə xərclərindən başqa ən azından 100 manat pul vəsaiti tələb olunur. Həmçinin çıxışına əlavə etdiyi həkim reseptindən və ərzaq dükanından övladı üçün ərzaq alarkən tərkibində “qlüten” olmayan ərzaq mallarını alarkən 130,5 manat pul ödədiyini təsdiq edən qəbzdən də görünüdüyü kimi, tərəfindən mütəmadi olaraq (orta hesabla hər ay 100-150 manat məbləğində) pul sərf edilir ki, övladı ona həkimlər tərəfindən qadağan edilmiş (həzm etmək qabiliyyətində olmadığından) ərzaq deyil, ona sepetlə təyin olunmuş ərzağı əldə etməklə ona verilməsini təmin etsin. Bu xərclər də övladının sağlam böyüməsi üçün zəruridir. Eyni zamanda digər uşağı Səfərov Səccad isə bronxial astma xəstəsidir. Bu xəstəlik də mütəmadi olaraq həkim müayinələrdən keçməsini, daimi müalicə olunmasını tələb edir. Belə ki, çıxışına əlavə etdiyi tibbi sənədlərdən də göründüyü kimi, övladı daimi dərman qəbul edir, bu isə o deməkdir ki, onun sağlam böyüməsi üçün tərəfindən əlavə xərclər bir valideyn kimi onun üzərimdədir. Bunları nəzərə alaraq qeyd etmək istəyir ki, uşaqların hər ikisi davamlı olaraq həkimlərdə müayinə alır və reseptlərə uyğun müalicə olunurlar, dərmanların qiyməti də hamıya məlumdur ki, bahadır və bu xərcləri ailədə tək işlədiyi üçün cavabdeh, tək qarşılayır. Hal-hazırda cavabdehin mülkiyyətində ayrıca mənzil (ev) yoxdur və ailəsi ilə birlikdə kirayə mənzildə yaşayır. Buna görə hər ay 300 (üç yüz) manat kirayə haqqı ödəyir. Bu çıxışa əlavə etdiyi 14 oktyabr 2032-ci ilədək qüvvədə olan 14 oktyabr 2022-ci il tarixli “mənzilin müvəqqəti istifadəyə verilməsi” Müqaviləsi ilə təsdiq edilir. Həmin müqaviləyə görə o, ailəsilə birgə ünvan 2 ünvanında olan 46,4 kv m sahəsi olan mənzildə ayda 300 manat kirayə pulu ödəməklə yaşayır. Bununla yanaşı bildirir ki, cavabdeh hərbi qulluqçu olduğuna görə və maddi imkanı olmadığına görə nəğd şəkildə mənzil almaq imkanında deyil, bu səbəbdən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna müraciət edib,aralarında imzalanmış müqaviləyə əsasən o, hər ay 694.11 manat ödəniş edir, yalnız tam ödənişi icra etdikdən sonra, yəni 2047-ci ildə həmin mənzil onun mülkiyyətinə keçiriləcək. Qeyd etdiyi halı təsdiq edən müvafiq sənədləri - Bakı şəhəri 29 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli KM2519 nömrəli “satmaq öhdəliyinə dair kirayə müqaviləsi”ni və 1 nömrəli Əlavəni çıxışa əlavə edir. Əlavə olaraq bidirir ki, İddiaçı uzun müddət, 10 ildən artıq müddətdə onun himayəsində olmuşdur. Sonradan ona məlum olmayan səbəblərdən anası evi tərk etmiş, həmin vaxtdan da onunla əlaqə yaratmamışdır. Anasına sonralar dəfələrlə yanına gəlməsi və bütün xərclərini qarşılayacağı barədə təkliflər etsə də, anası bu təklifindən imtina etmişdir. Bütün bu səbəblər, eyni zamanda onun himayəsində olan 2 xəstə övladının olması, həyat yoldaşının çoxsaylı xəstəliklərdən əziyyət çəkməsi, bu səbəbdən işləyə bilmədiyinə görə ailəsinin bütün xərcləri onun üzərindədir, aldığı maaşdan başqa digər gəlirləri yoxdur. Aldığı aylıq maaşın məbləği də himayəsində olan 2 azyaşlı xəstə övladının sağlam böyümələri, tərbiyyə və təhsil almaları, sağlam mühitdə inkişaf etmələri üçün yetmir. Yəni iddiaçının iddia tələbi təmin ediləcəyi təqdirdə ailəsi, o cümlədən xəstə və əllillik dərəcəsi müəyyən edilmiş həyat yoldaşının, xroniki xəstəliklərdən əziyyət çəkən azyaşlı övladlarının və onun maddi vəziyyətini çox ağır vəziyyətə salacaq. Cavabdeh himayəsində olan övladlara baxmaq öhdəliyini layiqincə yerinə yetirməyə çalışır, lakin hazırki iş üzrə iddia tələbi təmin ediləcəyi təqdirdə ailəsinin mənəvi və maddi vəziyyəti kəskin şəkildə pisləşəcək. Qeyd olunanlardan görünür ki, hazırki iş üzrə iddiaçı tərəfindən verilmiş iddia tələbi əsassızdır, yalnız iddiaçının şəxsi mülahizələrinə əsaslanmış bir tələbdir, bu səbəbdən iddiaçının tələbi əsaslı və qanuni hesab edilə bilməz. Qanunvericlik valideynlərin uşaqlarından aliment tələb etməsini valideynin özünün əmək qabiliyyətli olmaması və maddi yardıma ehtiyacının olması ilə şərtləndirmişdir. Həmçinin vahid məhkəmə təcrübəsinə görə uşaqların valideynlərinə aliment ödəməsi üçün maddi imkanın olması şərtin mövcud olması zəruridir. Hazırkı işdən görünür ki, iddiaçıya və cavabdehə münasibətdə bu dispozitiv şərtlər mövcud olmamışdır. Belə ki, işdən görünür ki, iddiaçı pensiyaçı kimi müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdadır, müavinət alır, həmçinin yuxarıda göstərilən sənədlərdən işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçı cavabdehin atası olan həyat yoldaşı ilə birgə yaşayır, o da yaşayış minimumdan artıq məbləğdə əmək haqqı alır, iddiaçı digər övladı olan Səfərova Zübeydə ilə birgə yaşayır, qızına bağışladığı ev kirayə verilməklə müəyyən məbləğdə onlar gəlir əldə edirlər, həmçinin iddiaçı köməksiz vəziyyətdə deyil, onun hərəkət etmək üçün kənar şəxslərin köməyinə zərurət yoxdur, cavabdehin isə ailə vəziyyəti ağırdır, həyat yoldaşı əlildir və onkoloji xəstəlikdən əziyyət çəkir və övladı xroniki xəstəkilkdən əziyyət çəkdiyi üçün hər ay onların sağlam yaşamaları, övladlarının sağlam böyümələri və inkişaf etmələri üçün kifayət qədər vəsaiti yoxdur, hərbi qullquçu olduğundan yalnız əmək haqqının hesabına özünü və ailəsini dolandırır, hər hansı bir sahibkarlıq fəaliyyəti ilə məşğul deyil və əlavə gəliri yoxdur. Yuxarıda göstərilənlərə əsasən, e-2(060)-3277/2024 saylı iş üzrə İddiaçı tərəfindən ona (Cavabdeh) qarşı verilmiş "övladdan aliment tələbi”nə dair iddia tələbinin təmin olunmaması (rədd edilməsi) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) baxmayaraq müstəqil tərəb irəli sürməyən üçüncü şəxs X9 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə müstəqil tərəb irəli sürməyən üçüncü şəxs X4 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan İddiaçı qalxanabənzər vəzin ultrasəs müayinəsindən görünür ki, sağ pay : 24 smx 2.4 smx 41.sm; eynicinslidir, dənəvaridir. 05sm ölçülü kistaya bənzər, düyünə bənzər anexogen sahələr qeyd olunur, düyün qeyd olunur, DPM də qanlanan.qanlanmayan; 05 smx0.5 sm kista qeyd olunur(2 ədəd), 05x04sm düyün izlənir. Sol pay: 2.4 smx 2.3 smx 4 sm; eynicinslidir, dənəvaridir, 0.3 sm ölçülü kistaya bənzər, düyünə bənzər anexogen sahələr qeyd olunur, düyün qeyd olunur, DPM də qanlanan.qanlanmayan. Cismi: 0.5 sm düyün qeyd olunur. DPM də qanlanan. qanlanmayan. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu Cavabdeh aylıq əmək haqqı vergilər tutulduqdan sonra 1876.30 (bir min səkkiz yüz yetmiş altı manat 30 qəpik) manat təşkil edir. İşdə olan xx.xx.2022-ci il tarixli mənzillərin, evlərin müvəqqəti istifadəyə verilməsi müqaviləsindən (kirayə müqavilə) görünür ki, X20 ona məxsus Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 112C, 24 saylı mənzili aylıq 300 manat kirayə haqqı ödənilmək şərtilə Cavabdeh kirayəyə vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, KM 2519 nömrəli satmaq öhdəliyi ilə kirayə müqaviləsindən və həmin müqavilə üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İpoteka Kredit Zəmanət Fonduna müqavilə ilə nəzərdə tutulmuş 694.11 manat məbləğində ödəniş edir, həmin ödənişləri 2047-ci ilədək icra etmək öhdəliyi daşıyır. İşdə olan AZ İİİ 349375 saylı və AZ İİİ 836504 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə X7 birgə nikahından xx.xx.2014-ci il təvəllüdlü Səfərli Linara Tural qızı və xx.xx.2016-cı il təvəllüdlü X13 adlı iki uşaqları doğulmuşdur. İşdə olan 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinin N mart 2024-cü il tarixli, 33 nömrəli arayışından görünür ki, ünvan 2 ünvanında yaşayan xx.xx.2014-ci il təvəllüdlü Səfərli Linara Tural qızı ünvan 3 ASM-də terapevt müayinəsində olmuş “Çolyak xəstəliyi, Bronxial astma, Allerqik komponentlər“ diaqnozu ilə dispanser qeydiyyatdadır və ambulator müalicədədir. İşdə olan Səfərli Linara Tural qızının Unikal Klinika tərəfindən edilmiş xx.xx.2023-cü il tarixli endoskopik müayinəsindən görünür ki, qida borusuna sərbəst keçirilir. Z xətti 24. cmdə düzənli izlənir. Proksimal, torakal və distal ezofagus mukozasmda və mənfəzində patoloji dəyişiklik aşkar olunmadı. Mədə - Fundus, korpus mukozasında və mənfəzində patoloji dəyişiklik aşkar olunmadı. Antrum mukozasında hiperemiya və ödem mövcud. Pilor forme, Retrofleksiyada alt ezofagus sfikteri cihazı tam sıxır. Duodenum - Bulbus mukozasında və duodenumun 2-ci qisminə keçildi, mukozasında "çatlamış torpak" mənzərəsi izlənir. İşdə olan X6 Mərkəzi və Poliklinikası tərəfindən edilmiş xx.xx.2023-cü il tarixli materialın histoloji müayinəsindən görünür ki, xx.xx.2014-ci il təvəllüdlü Səfərli Linara Tural qızına xroniki qastrit diaqnozu qoyulmuşdur. İşdə olan ailə tərkibi barədə arayışdan görünür ki, X3 Tural Səfər oğlunun həyat yoldaşıdır. İşdə olan Tibbi-Sosial Eksperiza Müayinəsindən çıxarışdan görünür ki, X10 ümumi xəstəlik, gözdən əlil olması əsası ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. İşdə olan X7 Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzi tərəfindən edilmiş xx.xx.2024-cü il tarixli ultrasəs ilə müayinəsindən görünür ki, hər iki körpücüküstu, boyun nahiyədə böyümüş limfa düyünləri təyin olunmur. Qalxanabənzər vəzin strukturası həmcinsdır. sağ payının ölçüsü 14x19x54mm, daxilində 19x11mm izo-hipoexogen bəzi konturlan nahamar olan mikrokalsinatları izlənilən düyün, 9x5mm izo-hipoexogen konturları izlənliməyən çoxsaylı mikrokalsinatları olan düyün qeyd olundu.(Tİ-RADS 5) sol payının ölçüsü 13x17x45mm. düyün təyin olunmur. İsthmus hissəsi 2mm. İşdə olan X7 X15 tərəfindən edilmiş xx.xx.2023-cü il tarixli süd vəzilərinin ultrasəs müayinəsindən görünür ki, sağ süd vəzidə FA,fibroz kistoz kompleks,( İDP inkar olunmur) kist, sol süd vəzidə fibroadenomatoz düyün müəyyn olunmuşdur. İşdə olan X7 X15 tərəfindən edilmiş xx.xx.2024-cü il tarixli süd vəzilərinin ultrasəs müayinəsindən görünür ki, Mərkəzi, paycıqarası və terminal süd axarları genişlənməyib. Mərkəzi süd axarlarının d=2mm,(N 3mm) Naxar daxilində solid patologiya izlənmir. Sağ aksilyar nahiyyədə 12x6mm ölçüdə dəyişilməmiş limfa düyünü qeyd edilir. Bilateral körpücükaltı, aksilyar nahiyyədə LAP izlənmir. Sol oaksillada olan şişkinlik proyeksiyasında 44x13 mm ölçülü homogen strukturlu, nazik hamarr kapsulaya malık lipoma qeyd edilir. Nəticə: Bilateral süd vəzidə FA, MD US BİRADS 3, MS US BİRADS 3. İşdə olan X7 Endokrin Mərkəzi tərəfindən edilmiş qalxanvari vəzin ultrasəs müayinəsindən görünür ki, qalxanvari vəzin düyünlü diffuz struktur dəyişikliyi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, mülki işçi X16 N nömrəli hərbi hissənin mənzil istismar xidmətinin qazanxana operatoru vəzifəsində işləyir və onun əmək haqqı 2024-cü ilin aprel ayında 507.46 ( beş yüz yeddi manat 46 qəpik) manat olmuşdur. İşdə olan mənzillərin, evlərin müvəqqəti istifadəyə verilməsi müqaviləsindən (kirayə müqavilə) görünür ki, X9 ona məxsus Beyləqan rayonu, Nəriman Nərimanov küçəsi, ev 49da yerləşən mənzili aylıq 200 manat kirayə haqqı ödənilmək şərtilə X2 vermişdir. İş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, X8 2-ci qrup əlil olması əsası ilə 368.87 manat pensiya alır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar (82.1). Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur (82.2). Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir (82.3). Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır (82.4). Göründüyü kimi, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Valideynlərinin saxlanılmasından boyun qaçıran yetkinlik yaşına çatmış övladlar bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi, valideynlərin uşaqlarından aliment tələb etməsi üçün, valideynin özünün əmək qabiliyyətli olmaması və maddi yardıma ehtiyacının olması ilə yanaşı, uşaqların valideynlərinə aliment ödəməsi üçün maddi imkanın olması şərtləri zəruridir. Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli Qanununun 2ci maddəsi). Məhkəmə hesab edir ki, hal-hazırki iş üzrə iddiaçı əmək qabiliyyəti olmayan şəxs olsa da, maddi yardıma ehtiyacı olan şəxs deyil. Belə ki, iddiaçı X8 2-ci qrup əlil olması ilə əlaqədar 368.87 manat pensiya alır. Eyni zamanda iddiaçı ailəlidir və onun əri X16 N nömrəli hərbi hissənin mənzil istismar xidmətinin qazanxana operatoru vəzifəsində işləməklə 507.46 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər (84.1). Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad (84.2) Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində xəstəliyi ilə əlaqədar maddi yardıma və əlavə şəxsin köməyinə ehtiyacı olduğunu bildirsə də, bu hallara (dərman alınması ilə bağlı xərclərinin miqdarı, aldığı pensiyanın və ərinin aldığı əmək haqqının göstərilən xərclərə kifayət etməməsi, ona qulluq edən şəxsə əlavə vəsait ödənilməsi və s.) məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəf iddiaçının özünə məxsus olan mənzilləri cavabdehin bacısı, iddiaçının digər övladı X5 bağışlaması, bununla əlaqədar aralarında mübahisə yaranması, nəticədə iddiaçının belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Cavabdeh tərəfindən məhkəməyə bu halları təsdiq edən sübutlar təqdim edilməsə də, məhkəmə hesab edir ki, mübahisənin həmin zəmində yaranması istisna deyil. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmaqla, 1876.30 manat əmək haqqı alır, rəsmi nikahda olmaqla himayəsində 2 övladı var. Cavabdehin arvadı da 3-cü dərəcəli əlildir, arvadı və övladlarından biri müxtəlif xəstəliklərdən əziyyət çəkir. Bundan başqa cavabdehin aylıq 300 manat kirayə haqqı və 694.11 manat ipoteka ödənişi olmaqla əlavə öhdəlikləri var. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinin güddüyü məqsəd ağır maddi durumda olan valideynin öz uşaqlarından yardım almasını təmin etməkdir. Lakin bu məqsədə yardım almağa haqqı çatan digər şəxslərin mənafeyini pozmaqla nail olmaq olmaz. Hazırki işdə maddi yardıma ehtiyacı olmayan valideynin xeyrinə alimentin tutulması ilə cavabdehin himayəsində olan və onları saxlamağa borclu olduğu azyaşlı uşaqların mənafeyi pozula bilər. Məhkəmə hesab edir ki, qorunan mənafe ilə (maddi yardıma ehtiyacı olmayan iddiaçının mənafeyi) zərər çəkən mənafe (uşaqların mənafeyi) müqayisə edildikdə uşaqların mənafeyi daha üstün yer tutur. Çünki onlar azyaşlı olmaqla yeganə dolanışıq mənbəyi valideynin qazancıdır. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3277/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3277/2024
24.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver