Məhkəmə qərarları › İş №2(060)-33/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-33/2022

09.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-33/2022 09.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə tikilmiş evə çəkilən xərclərin bölünməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə nikah dövründə birgə gəlirləri hesabına ünvan 4 evin həyətində inşa etdikləri ikimərtəbəli, 5 otaqlı, 1 mətbəx və 3 hamamdan ibarət evin tikintisinə xərclədikləri 120000 manat pulun aralarında bölünməsi, uşaqların mənafeyi nəzərə alınaraq, onun payının 2/3 hissə, yəni 80000 manat, cavabdehin payının 1/3 hissə, yəni 40000 manat müəyyən olunması və 80000 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan 2 övladları vardır. Tərəflər arasında olan nikah xx.xx.2019cu ildə pozulmuşdur. Cavabdehlə ailə qurduğu zaman Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən 287 saylı evə gəlin köçmüşdür. Həmin mənzil onun qayınanasının adınadır. Həmin evin həyətində 2012-ci ildə cavabdehlə birgə ev tikdirməyə başlamışlar. Lakin həmin evdə yaşamamışlar. Onun atasının adına bankdan kredit götürülmüş və evin inşasına sərf olunmuşdur. Evin təmirinə çəkilmiş xərclər bölünməli və bölgü zamanı uşaqların mənafeləri nəzərə alınaraq onun payı 2/3 hissədə, cavabdehin payı isə 1/3 hissədə müəyyən edilməlidir. Təxmini hesablamalara əsasən indiyədək həmin evin tikitnisinə 120000 manatdan artıq xərc çəkilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. O, həmçinin bildirdi ki, atası kredit götürərək pulu cavabdehə vermiş, sonuncu da onu evin tikintisinə sərf etmişdir. Həmin kredit borcunu cavabdeh ödəmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddianı müdafiə etdiyini bildirərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh izahatında göstərdi ki, iddia tələbinə etiraz edir. Belə ki, iddiaçının iddia etdiyi mənzil onun valideyinləri və qardaşı tərəfindən qardaşı Vüqar üçün tikilmiş evdir. O və iddiaçı tərəfindən həmin evin tikilməsi üçün 6000 manat maddi kömək edilmişdir. İddiaçının atası kredit götürərək ona vermiş, o da həmin pulu həyətin düzəldilməsinə sərf etmiş, kredit borcunu da o özü ödəmişdir. Qeyd edilənləri əsasən hesab edir ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır, iddia təmin edilməməlidir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərdi ki, o, iddiaçının anasıdır. Qızı cavabdehlə xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Qızının toyundan əvvəl cavabdehin qardaşı qız qaçırdaraq cavabdehin valideynləri olduğu evə gətirmişdir. Qızı toyundan sonra üç gün cavabdeh və onun ailəsi ilə birlikdə sonuncunun valideynlərinin tikdikləri evdə yaşayıblar. Daha sonra cavabdehin işi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasına köçdülər. 2012-ci ildə onlar Naxçıvan Muxtar Respublikasından qayıtdılar. 2013-cü ildə onlara ev tikmək məqsədi ilə cavabdehin anasının adına olan həyətdən torpaq sahəsi ayrıldı. İlqar yoldaşının yanına gəlib onun və öz adına bankdan pul götürüb evi tikmək istədiyini bildirdi. X1 adına və cavabdeh İlqar öz adına kredit götürərək evin tikintisinə başladılar. Novruz bayramı ərəfəsində axır çərşənbədə ev tam qurtarmasa da mübahisəli mənzilə yığışıb birlikdə bayram süfrəsi arxasında oturmuşdurlar. xx.xx.2019-cu ildə tərəflər arasında böyük mübahisə oldu, cavabdeh məhkəmədə iddia qaldırmış və tərəflər arasında olan nikahları pozulmuşdur. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərdi ki, o, iddiaçının atasının əmisioğludur. Bir qohum kimi tərəflər arasında olan münasibətlərdən xəbəri vardır. Sədərək Ticarət Mərkəzindən almış olduqları kafeli onun avtomobilində gətirmişdirlər. Mübahisəli evə iki dəfə dolu maşın avadanlıq gətirmişdir. Birinci dəfə kafel, ikinci dəfə isə santexnik materialları gətirmişdir. Məhkəmə iclasında şahid X14 ifadəsində göstərdi ki, tərəflər xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. X17 və cavabdeh öz adına kredit götürərək evin tikintisinə başladılar. xx.xx.2019-cu ildə tərəflər arasında böyük mübahisə oldu, cavabdeh məhkəmədə iddia qaldırmış və tərəflər arasında olan nikahları pozulmuşdur. Məhkəmə iclasında şahid X15 ifadəsində göstərdi ki, cavabdehlə uzun müddətdir dostdur. X22 Respublikasında hərbi xidmətdə idi. O, qayıtdıqdan sonra daimi olaraq Sumqayıt şəhəri 20-ci mkr-da 1 mərtəbəli evdə yaşamışdır. O, İlqarın evini ora bilmişdir. İkinci ev İlqarın qardaşı üçün tikilmişdir. İlqar 1-ci tikilən evdə yaşayırdı. Yeni ev Vüqar üçün tikilmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərdi ki, cavabdeh onun oğlu, iddiaçı isə keçmiş gəlinidir. İddiaçı gəlin gəldikdə onların yaşadığı həyətdə 1-ci tikilən evdə yaşamışdırlar. Daha sonra oğlunun işi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında yaşamışlar. Həmin torpaq sahəsi onun adınadır. İlk öncə birinci ev tikilmişdir. Sonra ikinci evi kiçik oğlu Vüqar üçün tikmişlər. Evin tikilməsində övladları Vüqar, İlqar və yoldaşı iştirak ediblər. Evin tikintisi Vüqar üçün nəzərdə tutulmuşdur. İddiaçı 2019-cu il avqustun 14-də gedib atasının evində yaşayır. Birinci evin tikilməsinə 2004-cü ildə başlanıb, 2008-ci ildə həmin evə köçmüşlər. Birinci evin tikintisində oğlanları və yoldaşı iştirak etmişdir. Yataqxanada olan otaqları birini 2000 manata, birini isə 6000 manata satmışlar. Bankdan yoldaşı birinci dəfə 7000 min manat kredit götürmüşdür. Torpaq sahəsi oğluna ata payı kimi verilmişdir. İkinci ev 2012-ci ildə tikilməyə başlamışdır. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərdi ki, cavabdeh onun dostudur. İlqarla uzun müddətdir dostdur. İlqarın yaşadığı ev təxminən 2004-2005-ci illərdə tikilmişdir. 2-ci evin qardaşı Vüqar üçün tikildiyini eşitmişdir. Məhkəmə, tərəflərin izahatını, iddiaçının vəkilinin və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5276/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında xx.xx.2009-cu il tarixində bağlanan nikahın pozulması, boşanandan sonra uşaqların anasının yanında qalması və Cavabdeh X4 xeyrinə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-363/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5276/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5276/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi alimentin tutulmasına dair hissədə dəyişdirilmiş, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulub X5 verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2020-ci ildə ləğv edilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 205 nömrəsi ilə qeyd edilmişdir. - Sumqayıt Bələdiyyəsinin Sumqayıt Regional Vəkil Bürosuna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhərinin 20-ci mikrorayonu ərazisində yerləşən, sahəsi 600 kvadrat netr olan 287 saylı həyətyanı torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 123 saylı iclasının qərarı ilə həmin dövrdə Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 18, otaq 131 ünvanında yaşayan X3 adına rəsmiləşdirilmişdir. Adı çəkilən torpaq sahəsinin və həmin torpaq sahəsində tikilmiş ikimərtəbəli yeni tikilinin hal-hazırda kimə məxsus olması barədə Sumqayıt Bələdiyyəsində hər hansı məlumat mövcud deyildir. - İş üzrə xx.xx.2021-ci il tarixli, 10/2756 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 100 manat təşkil etdiyi göstərilmişdir. - İş üzrə xx.xx.2022-ci il tarixli, 10/3710 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 100 manat təşkil etdiyi göstərilmişdir. - Azərbaycan Respublikası "xxxx" ASC “Bağlar Sukanal” İdarəsinin Sumqayıt Regional Vəkil Bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, **********010 saylı abonent kodu xx.xx.2016-cı il tarixində Cavabdeh Ələmdar oğlunun adına açılmış və xx.xx.2021-ci il tarixində abonentin müraciəti əsasında ad dəyişikliyi əməliyyatı olunaraq X7 ilə müqavilə bağlanılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan onların xx.xx.2010-cu il təvəllüdlü X16 və xx.xx.2011-ci il təvəllüdlü X13 adlı övladı olmuşdur. Nikahları xx.xx.2019-cu ildə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Tərəflərin birgə nikah dövründə cavabdehin anasının sahibliyindəki (adına ayrılmış) torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Cavabdeh birgə vəsaiti hesabından 6000 manatın həmin evin tikintisinə sərf olunduğunu etiraf edir. Tərəflər həmin torpaq sahəsindəki digər evdə yaşamışlar. Mübahisəli evdə həm tərəflərin, həm də başqa şəxslərin tikinti başa çatmadığına görə yaşayışı olmamışdır. Mübahisəli, eləcə də digər ev üzərində hər hansı hüquq müvafiq dövlət qeydiyyatından keçməmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/3710 saylı rəyindən görünür ki, ünvan 4 ünvanda inşa edilmiş fərdi yaşayış evinin inşası zamanı aparılmış müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri 1,0 kv.m sahəyə təqribən 250 manat dəyərində vəsaitin sərf olunduğu nəzərə alınaraq fərdi yaşayış evinin inşa olunmasına 40175 manat (160,7x250) dəyərində vəsaitin sərf olunduğu müəyyən edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsi ərlə arvadın ümumi mülkiyyətinə dair hüquq normalarını müəyyən edir. Həmin normalara əsasən - Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (225.1). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində göstərilir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinin tələbinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Bu Məcəllənin 36.3-cü maddəsinin tələbinə görə mübahisə olduqda, ər-arvadın əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinin tələbinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakda paylar bərabər hesab edilir. Bu Məcəllənin 37.2-ci maddəsini tələbinə görə ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən mübahisəli evin tərəflərin nikah dövründə qazanılmış birgə vəsaitləri hesabına və məhz onların yaşamaları üçün tikilməsi sübuta yetirilmədiyindən, iddia cavabdehin onların ümumi vəsaitlərinin həmin evin inşaasına kömək məqsədilə etiraf etdiyi sərfiyyat həcmində, yəni 6000 manatın bölünməsi həddində əsaslıdır. Belə ki, iddiaçı tərəfindən mübahisəli evin tərəflərin nikah dövründə qazanılmış birgə vəsaitləri hesabına və məhz onların yaşamaları üçün tikilməsinə dair məhkəməyə mötəbər sübut təqdim olunmadı. Eyni zamanda həmin əmlakların tərəflər arasında bərabər bölünməməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3000 manat pul tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq İddiaçı 192.5 manat, Cavabdeh 7.5 manat tutularaq X2 hesabına ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. ünvan 4 evin həyətində inşa edilmiş evin tikintisinə xərclənən 6000 manat pul tərəflər arasında ½ hissədə bölünsün və Cavabdeh 3000 manat pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq İddiaçı 192.5 manat, Cavabdeh 7.5 manat tutularaq X2 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********,Müxbir hesab:AZ41NABZ********************) İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar