Məhkəmə qərarları › İş №2(060)-3329/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3329/2021

12.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3329/2021 12.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş 21.04.2015-ci il təvəllüdlü X1 üçün hər ay 175 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 21.04.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli 2(012)- 2658/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh onun xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdehlə 06.01.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından 21 aprel 2015-ci il tarixdə doğulmuş X5 adlı bir uşaqları var. Nikahları Abşeron Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli 2(012)-2658/2018 saylı qətnaməsinə əsasən pozulub və azyaşlı oğlu onun yanında saxlanılmışdır. Sonradan bir müddət barışıb bir yerdə yaşadıqda hal-hazırda cavabdehlə bütün münasibətləri pozulmuşdur. Cavabdeh uşağa qayğı göstərmir, onun maddi təminatı üçün heç bir xərci ödəmir. Uşağın qayğısına qalmaq, o cümlədən maddi cəhətdən təmin etmək valideyn kimi onun vəzifəsidir. Cavabdeh könüllü olaraq bu vəzifəsini yerinə yetirmədiyindən uşaqlarının saxlanması üçün cavabdehdən məhkəmə qaydasında aliment tutulması zəruridir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, ondan Abşeron Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli 2(012)-2658/2018 saylı qətnaməsi ilə iddiaçının xeyrinə hər ay 117 manat sabit pul məbləğində aliment tutulur. İddia ərizəsi tərtib olunarkən yanlışlığa yol verilib. İddia ərizəsində sadalananlar onun barəsində deyil. Məhz bu səbəbdən, iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edib. Uşağın böyüdükcə qayğılarının və maddi tələbatlarının artmasını bilir. Lakin uşağa baxılması və maddi qayğalırının həll edilməsi hər iki valideynin vəzifəsidir. Uşağın bütün maddi xərclərinin yalnız bir valideynin üzərinə qoyulması ədalətsizdir. Məhkəmədən qeyd olunanların nəzərə alınaraq, iddianın qismən təmin edilməsi, ondan tutulan alimentin məbləğinin artırılaraq hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarlmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli 2(012)-2658/2018 saylı qətnaməsinin surətindən görünür ki, X3 Cavabdeh Əlişirin oğluna qarşı «nikahın pozulması, uşağın onun himayəsinə verilməsi və aliment» tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında 06 yanvar 2015-ci il tarixdə Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində 28 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, 21.04.2015-ci il təvəllüdlü X5 anası X3 yanında saxlanılmış, 21.04.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Əlişirin oğlundan hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi, alimentin tutulmasının 16.08.2016-cı il tarixdən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, 1 övladlarının olması, uşağın ananın yanında saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd edilən Plenum Qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 175 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 21.04.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli 2(012)-2658/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. 30 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehdən daha artıq məbləğdə aliment ödəmək imkanına malik olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, uşağa baxmaq, maddi tələbatlarını ödəmək, qayğısına qalmaq hər iki valideynin vəzifəsidir və uşağın bütün maddi qayğılarının yalnız bir nəfərin üzərinə qoyulması ədalətsizdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 21.04.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli 2(012)-2658/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 160 manat sabit pul məbləğində aliment tutulsun. 30 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar