Məhkəmə qərarları › İş №2(060)-3350/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3350/2021

16.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3350/2021 16.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh övladları 04.08.2014-cü il təvəllüdlü X3 və 01.05.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, 01.05.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə toy edərək ailə həyatı qurmuşlar. Sonradan 08.06.2020-ci il tarixdə aralarındakı nikah rəsmiləşdirilmişdir. Birgə nikah dövründə 04.08.2014-cü il təvəllüdlü X5 və 01.05.2016-cı il təvəllüdlü X4 dünyaya gəlmişdir. İlki günlərdə cavabdehlə münasibətləri yaxşı olsa da sonralar pisləşmişdir. Belə ki, evləndikdən sonra cavabdehin yaşadığı evə gəlin köçmüş və birlikdə yaşadıqları dövrdə aralarında tez-tez mübahisələr olmuşdur. Hazırda valideynlərinin himayəsinə sığınmışdır. Övladının saxlanması ona çətinlik yaradır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 08.04.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 04.08.2014-cü il təvəllüdlü X5 adlı övladları vardır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2352/2015 saylı 02.07.2015-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21.10.2013-cü il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra 04.08.2014-cü il təvəllüdlü X3 anası- İddiaçı himayəsinə verilməsi, Cavabdeh 04.08.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah 22.05.2018-ci ildə ləğv edilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 148 nömrəsi ilə qeyd edilmişdir. -Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 01.05.2016-cı il təvəllüdlü X4 adlı övladları vardır. - Sumqayıt «Asan xidmət» mərkəzi qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Zeynalova Mailə Aslan qızı arasında 08.06.2020-ci il il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 912 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Səfərova soyadı verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər 21.10.2013-cü ildə rəsmi nikahla ailə həyatı qurmuşlar. Tərəflərin 04.08.2014-cü il təvəllüdlü X5 adlı övladı anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2352/2015 saylı, 02.07.2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında 21.10.2013-cü il tarixli rəsmiləmiş nikah pozulmuş, 04.08.2014-cü il təvəllüdlü X1 üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulmuşdur. Tərəflər sonradan barışmış, 01.05.2016-cı il təvəllüdlü X4 adlı övladları anadan olmuş və 08.06.2020-ci il tarixdə yenidən rəsmi nikaha girmişlər. Hazırda iddiaçı cavabdehdən övladı 01.05.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə məhkəmə hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur, eləcə də aliment verməyə borclu olan valideynin qazancının müntəzəm olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də iddiaçının alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin aliment məbləği minimal standartlara uyğun olmalıdır və məhkəmə 10 mart 2021-ci il tarixdən etibarən 01.05.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıdan hər ay 175 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 10 mart 2021-ci il tarixdən etibarən 01.05.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 175 manat miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 500 manatdan artıq olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. 10 mart 2021-ci il tarixdən etibarən 01.05.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 175 (yüz yetmiş beş) manat miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar