Məhkəmə qərarları › İş №2(060)-3366/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3366/2022

20.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3366/2022 20.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan anadan olmuş övladı - xx.xx.2021-ci il təvəllüdlü qızı X1 üçün 2021-ci ilin dekabr ayından başlayaraq, uşağın yetkinlik yaşına çatana qədər Cavabdeh Ələkbər oğlundan ayda 200 (iki yüz) manat və işləmədiyi üçün uşağın 3 yaşına çatanadək əlavə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində onun xeyrinə alimentin və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödədiyi 50 (əlli) manat məbləğində mediasiyaya dair xərcin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə faktiki nikah münasibətlərinə girməklə ailə qurmuşdur. Cavabdehlə birgə nikahdan 1 övladı-xx.xx.2021ci il təvəllüdlü qızı X6 anadan olmuşdur. Cavabdehlə birgə yaşamaqlarının davamı mümkün olmamışdır. Lakin artıq uzun müddətdir ki, cavabdehlə münasibətləri pozulmuş, onun münasibətləri normallaşdırmaq, ailə münasibətlərini qaydaya salmaq cəhdləri heç bir nəticə verməmişdir. O, bütün bunlara baxmayaraq, milli adət-ənənələrinə uyğun olaraq ailənin dağılmaması üçün əlindən gələni etmişdir. Lakin cavabdeh ailə münasibətlərini davam etdirməyi lüzumsuz sayır. Beləliklə, artıq o, özü də nəticə çıxarmışdır ki, ailə mövcud deyildir, onların ailəsi formal xarakter daşıyır. Onlar artıq xeyli müddətdir ki, ərarvad kimi yaşamırlar və ümumi təsərrüfat aparmırlar. Ona görə də, ayrılıblar. Birgə faktiki nikahdan anadan olmuş övladı - xx.xx.2021-ci il təvəllüdlü qızı X6 onun himayəsindədir. Qeyd etmək istəyir ki, cavabdeh uşağın atası olmasına baxmayaraq, uşağın saxlanılması ilə əlaqədar ona heç bir köməklik göstərmir. Baxmayaraq ki, faktiki olaraq yüksək gəlir əldə edir. O, isə heç bir gəlir əldə etmir. Bundan əlavə, 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2021-ci il 03 dekabr tarixli Qanunun 1-ci maddəsinə əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 marıat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, cavabdeh uşağın atası olmasına baxmayaraq, onun saxlanılması ilə əlaqədar ona heç bir köməklik göstərmir. Baxmayaraq ki, faktiki olaraq yüksək gəlir əldə edir. O, isə heç bir yerdə işləmir. Belə ki, Azərbaycan Respublikası Aiİə Məcəlləsinin 81-ci maddəsinə əsasən, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddələrinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclaslarında iştirak edən İddiaçı iddia tələbi ilə bağlı bildirmişdir ki, cavabdehlə rəsmi nikaha daxil olmamışdırlar. Onların birgə faktiki münasibətlərindən bir övladı var. O, uşağının saxlanmasında çox böyük çətinliklər çəkir. Belə ki, uşağın xərcləri çoxdur, onun maddimənəvi tələbatlarını həll etmək üçün 200 manat pul lazım olur. Cavabdehin uşağın saxlamaq üçün çəkilən xərclərdən xəbəri olmamışdır. Cavabdeh uşağı üçün cəmi iki dəfə pul vermişdir. Belə ki, fevral ayında onları barışdırmışlar, cavabdeh uşağına mart ayında aprel ayının yeməyi üçün pul vermiş, lakin daha sonra heç bir maddi yardım göstərməmişdir. Cavabdeh övladını üçün yemək almır, lakin hüquqlarının müdafiəsi üçün özünə vəkil tutur. O, uşağa baxmaq üçün alimentin məbləğinin qanuna əsasən müəyyənləşdirilməsini istəyir. Belə ki, həqiqətən də o, uşağı təkbaşına saxlamaqda çətinlik çəkir. Artıq 14 ildir ki, işləyir. 2 aydır ki, əmək haqqının məbləği artmış və hazırda qalxıb 600 manat maaş alır. Lakin onun ipoteka krediti var, əmək haqqının böyük bir hissəsini - 500 manat pulu həmin kredit üçün ödəyir. Əlavə olaraq bildirir ki, uşağın dayəsi var, bunun üçün hər gün 10 manat pul ödəyir. Uşağını saxlamaqda ona anasıgil köməklik edir. Bundan başqa uşağına baxmaq üçün əlavə kredit götürmüş, özünə məxsus qızılını satmışdır. Qeyd edir ki, cavabdehin anası yenə də barışmaqlarını ona təklif etmiş, o, isə barışacaqları halda da aliment tələbinin olacağını bildirmişdir. Əslində cavabdehlə alimentin 200 manat məbləğində olması barədə razılığa gəlmişdilər. Sadəcə onun əlavə maddi yardım tələbi cavabdehi qıcıqlandırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia tələbinə dair izahat verərək bildirdi ki, cavabdeh iddianı qismən qəbul edir. Belə ki, cavabdeh iddiaçı ilə birgə münasibətlərindən olan uşağının saxlanması üçün 150 manat məbləğində aliment ödəməyə razıdır. Cavabdeh hərbi qulluqçudur. Onun əmək haqqının məbləği rəsmi qaydada 950 manat olsa da, müəyyən tutulmalardan sonra 760 manat maaş alır. Qeyd edir ki, İddiaçı Cavabdeh ikinci ailəsidir. Cavabdeh bundan əvvəl rəsmi nikaha daxil olmuş və həmin nikahdan da bir övladı var. Həmin nikah pozulduqdan sonra uşağın saxlanması üçün 175 manat məbləğində aliment müəyyən olunmuşdur. Göründüyü kimi, cavabdehin maddi vəziyyəti o qədər yüksək deyil. Qeyd edir ki, alimentin dekabr ayından tutulmasına da etiraz edirlər. Çünki qanunvericiliyin tələblərinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Cavabdeh iddia tələbinin maddi yardım hissəsini, yəni uşağın saxlanması üçün əlavə 200 manat maddi yardım müəyyən edilməsini qəbul etmir. İddia tələbi həmin hissədə əsassızdır. Belə ki, iddiaçı və cavabdeh rəsmi nikah münasibətlərinə daxil olmamışdırlar. Ailə Məcəlləsi yalnız keçmiş ər-arvadın, yəni rəsmi nikahda olmuş tərəflərin bir-birini saxlamaq vəzifəsinin əsaslarını nəzərdə tutmuşdur. Tərəflər isə yalnız fakitiki münasibətlərdə olmuşdurlar. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə xx.xx.2021-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X6 xx.xx.2021-ci il tarixdə, Sumqayıt şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ İ 417752 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədn görünür ki, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X3 atası hesab edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqıda akt qeydləri kitabında 372 nömrə ilə qeyd edilmişdir. Cavabdeh ilə İddiaçı birgə münasibətlərindən xx.xx.2021-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. (işdə olan AZ-İV 608753 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən) İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-374/2021-ci il tarixli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə X4 arasında xx.xx.2009cu il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmış 895 nömrəli akt qeydli nikahın pozulması, boşanmadan sonra tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X5 anası - ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X2 yanında qalması, xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay Cavabdeh 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qərara alınmışdır. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə hesab edir ki, uşaqları saxlamaq vəzifəsi hər iki valideynin üzərinə düşdüyündən, başqa məhkəmə qətnaməsi ilə cavabdehdən daha bir övladının saxlanılması üçün 175 manat sabit pul məbləğində aliment tutulması qət edildiyindən, xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 175 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi həmin uşağın əvvəlki təminat səviyyəsinin saxlanılmasına imkan verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində alimentin 2021-ci ilin dekabr ayından hesablanmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə övladının saxlanılması üçün 200 manat məbləğində aliment ödəməsi üçün–mediasiya prosesinin tətbiqi barədə təkliflə Cavabdeh Ələkbər oğluna müraciət etmiş və həmin təklif xx.xx.2021-ci il tarixdə Cavabdeh Ələkbər oğlu tərəfindən xəbərnaməyə (SS747078015AZ) imza edilməklə qəbul edilmişdir. (iş vər.11) Bu səbəbdən məhkəmə hesab edir ki, alimentin tutulması mediasiyanın tətbiqi barədə təklifin cavabdeh tərəfindən qəbul edildiyi gündən – 14 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi uşağın 3 yaşı tamam olana qədər 200 manat yardım tutulması hissəsində təmin olunmamalıdır. Belə ki, nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququnun əsasları Ailə Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuşdur. Məcəllənin 85.1-ci maddəsinə əsasən, aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 1) hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; 2) sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı İ qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 3) nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 4) ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad). Ailə Məcəlləsinin 85.2-ci maddəsinə müvafiq olaraq, alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. Göründüyü kimi, keçmiş ərin (arvadın) aliment almaq hüququnun əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Ailə Məcəlləsinin 85.1-ci maddəsində sadalanan əsasları birləşdirən amil keçmiş ərin (arvadın) müəyyən səbəblərə görə işləmək imkanının olmaması və ya məhdud olması və aliment ödəməsi tələb olunan keçmiş ərin (arvadın) bunun üçün zəruri vəsaitə malik olmasıdır. Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə gəldikdə isə qeyd olunmalıdır ki, Məcəllənin 85.1.2-85.1.4-cü maddələrində göstərilən əsaslardan fərqli olaraq, bu maddədə keçmiş ərin (arvadın) aliment almaq hüququnun yaranması onun maddi yardıma ehtiyacının olubolmamasından asılı deyildir. Bununla belə, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinin mənasına görə, bu maddə ilə müəyyən edilən alimentin ödənilməsi ümumi uşaqların 3 yaşına çatması ilə məhdudlaşır. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məcəllənin 85 və 86-cı maddələri sistemli əlaqədə olaraq aliment münasibətlərinin hər iki tərəfinin maraqlarının tarazlığını təmin etmək şərti ilə, istər aliment alanın, istərsə də onu ödəyənin zəruri həyat səviyyəsinin saxlanılmasına yönəlmişdir. Belə tənzimləmə Konstitusiyanın 34-cü maddəsinin İİİ hissəsinə müvafiq olaraq dövlətin analığın və uşaqlığın mühafizəsi ilə bağlı vəzifələrindən, habelə Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində təsbit edilmiş mütənasiblik prinsipindən irəli gəlir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah münasibətlərində (ər-arvad) olmadığından xx.xx.2021-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay əlavə olaraq İddiaçı xeyrinə 200 manat məbləğində aliment tutulması hissəsində iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən hər ay ümumilikdə 400 manat aliment tutulmasını xahiş etmişdir. Beləliklə iddianın qiyməti 4800 manatdır (400 x 12). Belə iddiaya görə isə dövlət büdcəsinə 68 (30+38) manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən (təxminən 50% həcmində) təmin edildiyindən Cavabdeh 34 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir, lakin Cavabdeh mediasiya sessiyası barədə məlumatlı olduğu halda orada iştirak etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci – 50 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 34 (otuz dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar