Məhkəmə qərarları › İş №2(060)-3385/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3385/2020

09.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3385/2020 09.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Onun nümayəndəsi və vəkili X8, Cavabdeh Nəsibova (Mütəllimova) Gülnarə Yaşar qızının iştirakı ilə, İddiaçı cavabdeh Nəsibova (Mütəllimova) Gülnarə Yaşar qızına qarşı “aliment borcunun silinməsi, aliment ödəməkdən azadetmə və aliment tələbinə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Nəsibova (Mütəllimova) Gülnarə Yaşar qızına qarşı “aliment borcunun silinməsi, aliment ödəməkdən azadetmə və aliment tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X1 üçün müəyyən olunmuş alimentin xx.xx.2019-cu il tarixdən sonrakı vaxtda hesablanmış aliment borcunun silinməsi, həmin uşağın saxlanılması üçün aliment öhdəliklərindən xx.xx.2019cu il tarixdən azad olunması və xx.xx.2006-cı il təvəllüdlü X1 üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 103 manat sabit pul məbləğində alimentin cavabdeh Nəsibova (Mütəllimova) Gülnarə Yaşar qızından onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki,o, cavabdeh Nəsibova (Mütəllimova) Gülnarə Yaşar qızı ilə xx xxxxxx 2005-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X9 adlı iki övladları anadan olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-567/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə aralarında olan xx xxxxxx 2005-ci il tarixli rəsmi nikahın pozulması qət edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-520/2014 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə Nəsibova (Mütəllimova) Gülnarə Yaşar qızı ona qarşı aliment tələbinə dair iddia tələbi təmin edilmiş, birgə nikahdan olan uşaqların saxlanması üçün ondan hər ay bir uşaq üçün 103 manat olmaqla, ümumilikdə iki uşağa görə 206 manat sabit pul məbləğində aliment tutulub Nəsibova (Mütəllimova) Gülnarə Yaşar qızına verilməsi qət edilmişdir. Qeyd edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-567/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozularkən məhkəmə birgə nikahdan olan uşaqların hansı valideynin yanında qalmasını müəyyən etməmişdir. Ona görə də o, uşaqların onun yanında qalmasının müəyyən olunması və uşaq tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2006-cı il ləvəllüdlü X4 və xx.xx.2010-cu ii təvəllüdlü X5 onun yanında qalmasının müəyyən olunması və birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X5 cavabdeh Nəsibova (Mütəllimova) Gülnarə Yaşar qızından alınıb ona verilməsi barədə qətnamə çıxarılmasım xahiş etmişdir. Bildirir ki, həmin vaxt birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X4 onun yanında idi və onunla birlikdə yaşayırdı. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-581/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X2 onun himayəsinə verilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Qeyd edir ki, cavabdeh birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X3 xx xxxxxx 2018-ci il tarixdə, gecə saat 23:45-də evdən qovmuşdur. Həmin günün səhəri o, qızını öz evinə gətirmişdir. Həmin vaxtdan da, o, qızına görə ödənilməli olan alimenti ödəməmişdir. Çünki qızı onun himayəsində olmuşdur. Lakin oğluna görə alimenti vaxtıvaxtında ödəmişdir. Məhkəmə iclasında cavabdehlə müəyyən razılığa gəldiyindən o, iddia tələbinin həcmini azaltmışdır. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X10 məhkəmə iclasında iddia tələbini əsaslı hesab edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Nəsibova (Mütəllimova) Gülnarə Yaşar qızı məhkəmə iclasında göstərdi ki, iddiaçı ilə müəyyən razılıqlar əldə olunduğuna görə iddia tələbini qəbul edir və iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək, iddia tələbinin təmin edilməsinə etiraz etməmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Eyni zamanda, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-514/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2014cü il tarixdən etibarən xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşağa görə 103 manat olmaqla, ümumilikdə 206 manat miqdarında alimentin cavabdeh İddiaçı tutularaq X6 verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-581/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X2 atası İddiaçı himayəsinə verilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2020-ci ildə yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, tərəflərin razılığını, həmçinin tərəflərin birgə nikahından olan uşağın mənafeyini, o cümlədən tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 103 manat məbləğində aliment tutulmasını məqsədə müvafiq hesab edir. «X11» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Bundan başqa, məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə aliment tələbi ilə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən başlayaraq tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X1 üçün xx.xx.2019-cu il tarixdən sonrakı vaxtda hesablanmış aliment borcu silinsin və İddiaçı həmin uşağın saxlanılması üçün aliment öhdəliklərindən xx.xx.2019-cu il tarixdən azad olunsun. Cavabdeh Nəsibova (Mütəllimova) Gülnarə Yaşar qızından İddiaçı xeyrinə xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 103 (yüz üç) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 01 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar