Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-34/2021 16.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondu Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh kredit öhdəliyi üzrə qalan 40750.69 manat əsas borc, müddət sonuna hesablanan 7458.27 manat faiz borcu, 24173.73 manat cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 5235.33 manat faiz olmaqla, cəmi 78838.28 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, 12mkr. sonunda, Çerkass küçəsinin cənubunda, Bakı-Rostov dəmir yolunun şimalında 0,065 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27.11.2014-cü il tarixli, 148 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 24 faiz ödənilmək şərti ilə, 50000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə həmin tarixdə 126 saylı ipoteka müqaviləsi bağlanmışdır və müqaviləyə əsasən Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, 12 mkr. Sonunda, Çerkass küçəsinin cənubunda, Bakı-Rostov dəmir yolunun şimalında 0.065 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Lakin borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və mövcud qanunvericiliyin tələblərini rəhbər tutaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbini qismən əsaslı hesab edərək göstərdi ki, cavabdehin maddi imkanı pis olduğuna görə banka olan borcunu ödəyə bilməmişdir. Buna baxmayaraq cavabdeh banka olan borcunu hissə-hissə də olsun ödəyəcəkdir. Bundan başqa o, iddiaçı tərəfindən hesablanmış cərimənin azaldılmasını məhkəmədən xahiş edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 148 saylı, 27.11.2014-cü il kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 22% ödəmək şərtilə 50000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 126 saylı, 27.11.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 12 mikrorayonun sonunda, Çerkass küçəsinin cənubunda, Bakı-Rostov dəmir yolunun şimalında 0,065 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı ASC-yə ipotekaya qoyulmuşdur. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdeh müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunmuş, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi və tutmanın ipoteka predmetinə yönəldilməsi bildirilmişdir. İş materiallarında olan **********336 saylı, 25.06.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 22.06.2019-cu il tarixə 40750.69 manat əsas borc, 7458.27 manat hesablanmış faizlər, 25393.99 manat cərimə borcu, 5235.33 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla 78838.28 manat ümumi borcu var. İş materiallarına əlavə edilmiş G-05/21-232 nömrəli, 21.05.2021-ci il tarixli “xxxx” MMC tərəfindən verilmiş rəydən görünür ki, Sumqayıt şəhəri, 12 mikrorayonun sonunda, Çerkass küçəsinin cənubunda, Bakı-Rostov dəmir yolunun şimalında 0,065 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 180.000 manat, likvid dəyəri 170.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən verilmiş 08.06.2020-ci il tarixli, 9/1666 saylı rəydən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya 44.449,58 manat əsas borcu və 7431.34 manat faiz borcu təşkil edir. Hesabdan çıxarış məlumatlarına əsasən 27.11.2014-cü il tarixli, 148 saylı kredit müqaviləsi üzrə 19.04.2019-cu il tarixdə 3.699.31 manat məbləğində ödəniş olmuşdur. Lakin hazırki ekspertiza tədqiqatı ilə borcun 27.11.2016-cı il tarixinə hesablandığından, yuxarıda qeyd olunan məbləğ nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. 448.1. və 448.2. maddələrindən görünür ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun: 39.1. maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.3. maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1. maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin Məcəllənin 319.1. maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizə ilə məhkəməyə müraciət edildiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmiş və aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq müvafiq olaraq iddiaçının xeyrinə ödənilməli, həmçinin aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 24.173,73 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 500 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh kredit öhdəliyi üzrə qalan 40.750,69 manat əsas, müddət sonuna hesablanan 7431.34 manat faiz borcu, 500 manat cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 5235.33 manat faiz olmaqla, cəmi 53.917,36 manat məbləğində kredit borcu və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, ipoteka qoyulmuş Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, 12 mikrorayonun sonunda, Çerkassi küçəsinin cənubunda, Bakı-Rostov dəmir yolunun şimalında 0,065 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldilməli, ipoteka predmetinin likvid dəyəri 170.000 manat müəyyən edilməli, həmin fərdi yaşayış evi açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait ödənişə yönəldilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE0000000 **********501 hesabına köçürülməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh kredit öhdəliyi üzrə qalan 40.750,69 manat əsas, müddət sonuna hesablanan 7431.34 manat faiz borcu, 500 manat cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 5235.33 manat faiz olmaqla, cəmi 53.917,36 manat məbləğində kredit borcu və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İpoteka qoyulmuş Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, 12 mikrorayonun sonunda, Çerkass küçəsinin cənubunda, Bakı-Rostov dəmir yolunun şimalında 0,065 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldilsin, ipoteka predmetinin likvid dəyəri 170.000 manat müəyyən edilsin, həmin fərdi yaşayış evi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait ödənişə yönəldilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE0000000**********501 hesabına köçürülsün. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-34/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-34/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver