Məhkəmə qərarları › İş №2(060)-3467/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3467/2021

23.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3467/2021 23.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər biri üçün 175 manat olmaqla ümumilikdə 525 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2012-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il əvəllüdlü X2 adlı 3 övladları olmuşdur. Nikahlarının ilkin vaxtlarında münasibətləri normal olsa da, sonradan münasibətləri pisləşmişdir. Xeyli müddətdir ki, cavabdehlə ayrı yaşayırlar. Bu müddət ərzində cavabdeh nə onunla, nə də uşaqlarla maraqlanmamış, onların maddi və mənəvi tələbatlarını heç bir şəkildə ödəməmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmənin yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçınin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1989-cu ildə, Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1983-cü ildə, Dəvəçi rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. AZ-İ 765196 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı ilə cavabdeh xx.xx.2012-ci il tarixdə, Sumqayıt şəhər Qeydiyyat şöbəsində rəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Ağarzayev, arvada isə Ağarzayeva soyadları verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X4 xx.xx.2014-cü ildə, X3 xx.xx.2012-ci ildə, X2 xx.xx.2019-cu ildə anadan olmuşlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (100.2.). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların saxlanması və onların maddi ehtiyaclarının ödənilməsi onların hər iki valideyninin vəzifəsidir. Valideyinlər uşaqların saxlanmasında eyni dərəcədə məsuliyyət daşıyırlar. Bu məsələ ilə əlaqədar onların birinin üzərinə az digərinin üzərinə çox məsuliyyət qoyula bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, valideyinlərin maddi vəziyyətlərində əhəmiyyətli dərəcədə fərq olarsa onların üzərlərinə uşaqların maddi təminatı ilə bağlı fərqli öhdəliklər qoyula bilər. İddiaçı cavabdehdən 525 manat alimentin tutulmasını xahiş etsə də, cavabdehin daimi iş yerinin olması və ya hər hansı şəkildə müntəzəm qazanca malik olması barədə sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd edilən məbləğdə alimentin ödənilməsi öhdəliyini bunun üçün zəruri qazanca malik olubolmadığını müəyyəmn etmədən bir tərəfin üzərinə qoymaq olmaz. Tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi nəzərə alınmaqla uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 135 manat olmaqla, 405 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması məqsədə uyğundur. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Cavabdeh hər uşağa görə hər ay 135 manat olmaqla, cəmi 405 (dörd yüz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx xxxx 2021-ci il tarixindən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar