Məhkəmə qərarları › İş №2(060)-3472/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3472/2021

21.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3472/2021 21.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Ağayeva (Heydərova) Elnarə Şirin qızının iştirakları ilə, İddiaçı cavabdeh Ağayeva (Heydərova) Elnarə Şirin qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Ağayeva (Heydərova) Elnarə Şirin qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdeh Ağayeva (Heydərova) Elnarə Şirin qızı ilə 06 iyun 2005-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından 09 iyul 2007-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli 2(060)- 8214/2019 saylı qətnaməsi ilə aralarındakı nikaha xitam verilmiş, uşaq anasının himayəsinə verilmişdir. 2019-cu ilin oktyabr ayında nikahlarının pozulmasına dair işə Sumqayıt Şəhər Məhkəməsində baxılarkən Ağayeva (Heydərova) Elnarə Şirin qızı aliment istəmədiyini bildirmişdir. Sonradan Sumqayıt Şəhər Məhkəməsinə ona qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(060)-1348/2020 saylı qətnaməsi ilə birgə nikahlarından olan 09 iyul 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 16 yanvar 2020-ci il tarixdən başlayaraq, qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq Ağayeva (Heydərova) Elnarə Şirin qızına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, uşağı təkbaşına saxlaya bilmir, ehtiyaclarını ödəyə bilmir. Bu səbəbdən də uşağın saxlanılması üçün alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. O bir ata kimi övladının həmişə qayğısına qalmağa hazırdır. Sadəcə olaraq tələb olunan alimentin məbləği həddən artıq yüksəkdir. Belə ki, o 20 noyabr 2020-ci il tarixdə X5 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, həyat yoldaşı hamilədir, davamlı olaraq həkim müayinələrinə gedir, müalicələr alır. Həyat yoldaşının birinci nikahdan olan 18 noyabr 2011-ci il təvəllüdlü Babayev Zamiq Milli Hematologiya və Transfuziologiya Mərkəzində kəskin limfoblast leykoz diaqnozu ilə qeydiyyatdadır, əməliyyatı zamanı anası-onun həyat yoldaşı X5 donor olmuşdur. Bu səbəbdən çətin hamiləlik keçirir, davamlı olaraq müalicələr alır. Həmçinin o, həyat yoldaşı və onun birgə nikahından olan 3 övladı ailə olaraq bir yerdə yaşayırlar, ailənin bütün ehtiyaclarını o ödəyir. Həmçinin kirayədə yaşayır, aylıq 270 manat kirayə haqqı ödəyir. Bundan əlavə onun işlədiyi gəmi təmirə dayanmışdır. Bu səbəbdən də müvəqqəit olaraq “X13” motorçu vəzifəsində çalışır, aylıq vəzifə maaşı saatlıq tarifə uyğun olaraq dəyişir. Belə ki, 01 dekabr 2020-ci il tarixdən 31 dekabr 2020ci il tarixədək saatlıq taarif maaşı 776.00 AZN, 01 yanvar 2021-ci il tarixdən 31 yanvar 2021-ci il tarixədək isə 859 manat təşkil etmişdir. Bu məbləğə vergilər və digər məcburi ödənişlər də daxildir. Digər tərəfdən də “xxxx” KB ASC-yə kredit borcu var, hər ay 166 manat məbləğində kredit ödəyir. Hal-hazırki maddi vəziyyəti, aldığı əmək haqqı və ikinci dəfə ailə qurmağı, həyat yoldaşının hamilə olması, onun saxlanma və müalicə xərcləri tələb olunan alimenti ödəməyə imkan vermir. Qanun uşağın saxlanması vəzifəsini təkcə atanın deyil, həm də ananın vəzifəsi kimi müəyyən etmişdir. Cavabdeh hal-hazırda Sumqayıt şəhər 14 saylı orta məktəbdə müəllimə vəzifəsində çalışır, aylıq 600 manat məbləğində əmək haqqı alır. Buna dair müvafiq qaydada sorğu göndərilmiş, sorğunun cavabı gəlmədiyi üçün sorğunun özü ərizəyə əlavə edilir. Sorğunun cavabı arayış şəklində məhkəməyə işə baxılan zaman təqdim ediləcəkdir. Hesab edir ki, onun maddi və ailə vəziyyəti nəzərə alınmaqla alimentin miqdarı azaldılaraq 150 manat məbləğində sabit pul şəklində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(060)-1348/2020 saylı qətnaməsinə əsasən cavabdeh X8 ilə birgə nikahlarından olan 09 iyul 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay onun qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin azaldılaraq ondan hər ay 150 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Ağayeva (Heydərova) Elnarə Şirin qızı İddiaçı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsinə etiraz verərək etirazında göstərmişdir ki, o cavadehlə 06.06.2005-ci ildə rəsmi nikah münasibətlərinə girməklə ailə qurmuş, birgə nikahlarından 09.07.2007-ci il təvəllüdlü X4 adlı 1 övladları olmuşdur. Uşaq onun himayəsindədir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8214/2019 saylı 21.10.2019-cu il tarixli qətnaməsi ilə 06.06.2005ci il tarixli nikahları pozulmuş və 09.07.2007-ci il təvəllüdlü X1 onun himayəsində qalması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1348/2020 saylı 17.02.2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, birgə nikahlarından olan 09.07.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 16.01.2020-ci il tarixdən başlayaraq, İddiaçı qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Uşağın tələbatı günü-gündən artır. Uşağın yeyib-içmək, geyim və digər xərclərini ödəyə bilmir. İddiaçı rəsmi şəkildə X17 Qapalı Səhmdar Cəmiyyətində Əli Əmirov adına gəmidə motorçu vəzifəsində çalışır. Hal-hazırda isə iddiasında göstərir ki, guya maaşı saatlıq tarifinə görə dəyişir, kredit borcu var, maddi imkanın yaxşı olmaması və sair. İddiaçı aliment ödəməmək məqsədilə müxtəlif bəhanələr gətirmiş və gətirməkdə davam edir. Bu dəfəki bəhanəsi isə, bir insan və bir ata kimi nə qədər simasız biri olduğunu açıq aşkar göstərir. 3 uşaq anası ilə evlənən biri öz yeganə, doğma övladının yox, başqalarının uşaqlarının qayğısına qalır. Onun 3 uşaqlı ana ilə evlənməsi başqa bir kişinin övladının müalicəsi onun uşağının aliment hüququna necə təsir göstərə bilər?. Ərizədə göstərir ki, iddiaçı 270 manat kirayə haqqı verir. Təbii ki, 3 uşaqlı ananı bir otağa yiğmaq olmaz, o isə imkansızlıqdan övladı ilə heç bir kommunal şəraiti olmayan təmir edilməmiş 12 kv.m ərazisi olan dar bir yataqxana köşəsində yaşayır (yaşadığı otağın şəkillərini təqdim edir). O iddiaçının iddia ərizəsinə etiraz bildirməyə də bilərdi, belə ki, AR Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən bir uşağa görə alimentin miqdarı qazancın və digər gəlirlərin 1/4-i həcmində müəyyən edilmişdir. İddiaçının yeni övladı dünyaya gəlsə belə onun xeyrinə tutulan alimentin miqdarı dəyişilməz qalacaq. AR Konstitutsiyasının 17-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcürbəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minumum dolanacaq xərclərində az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlmaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən azad olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Uşaq hüquqları haqqında" Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün hüquqi və fiziki şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətriməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Qeyd olunanlara əsasən cavabdeh İddiaçı ona qarşı aliment miqdarının azaldılması tələbinə dair iddiasının rədd olunmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Ağayeva (Heydərova) Elnarə Şirin qızı iddianı qəbul etməyərək iddia ərizəsinə verdiyi etirazında göstərilənlərə uyğun izahat verib məhkəmədən İddiaçı ona qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh Ağayeva (Heydərova) Elnarə Şirin qızının izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Günay Babayeva 08.07.2006-cı il tarixdə doğulmuşdur. X20, anası Gülşən Əlifovadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İlhamə Babayeva 29.06.2008-ci il tarixdə doğulmuşdur. X20, anası Gülşən Babayevadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zamiq Babayev 18.11.2011-ci il tarixdə doğulmuşdur. X20, anası Gülşən Babayevadır. İş materiallarında olan Haqq-hesab vərəqələrindən görünür ki, İddiaçı “X13” motorçu vəzifəsində işləyir, 01 dekabr 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək saatlıq taarif maaşı 776 manat, 01 yanvar 2021-ci il tarixdən 31 yanvar 2021-ci il tarixədək isə 859 manat təşkil etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8214/2019 saylı, 21 oktyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X6 arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra 09.07.2007-ci il təvəllüdlü X1 anası X2 yanında qalması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1348/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından olan 09.07.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 16.01.2020-ci il tarixdən başlayaraq, cavabdeh İddiaçı qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan nikahın bağlanması haqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X9 arasında nikah 20 noyabr 2020-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 96 №-ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Heydərov, arvada Heydərova soyadı verilmişdir. İş materiallarında olan Milli Hematologiya və Transfuziologiya Mərkəzinin 01.03.2021-ci il tarixli tibbi arayışından görünür ki, 18 noyabr 2011-ci il təvəllüdlü X12 20.09.2018-ci il tarixdən Milli Hematologiya və Transfuziologiya Mərkəzində kəskin limfoblast leykoz diaqnozu ilə qeydiyyatdadır. Hal-hazırda ambulator müayinə və müşahidədədir. İş materiallarında olan 02 mart 2021-ci il tarixli arayışından görünür ki, X5 02 mart 2021-ci il tarixdə tibbi müayinədən keçmiş və 4-5 həftəlik hamiləlik təyin olunmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X6 arasında olan nikah ləğv edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Heydərov soyadı verilmişdir. İş materiallarında olan 1380nkSUM/20 saylı, 06.07.2020-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, İddiaçı 24 ay müddətinə, hər ay 166 manat, sonuncu ay 153.50 manat, ümumilikdə 3971.50 manat ödəməlidir. İş materiallarında olan “xxxx” Kommersiya Bankı ASC ilə İddiaçı arasında bağlanmış 1380nkSUM/20 saylı, 06.07.2020-ci il tarixli kredit və bank hesabı müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçı 24 ay müddətinə illik 25 faiz hesablanmaqla 3100 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsiin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. Məhkəmə İddiaçı öhdəsində ikinci dəfə ailə qurduğu X3 birinci nikahından olan 3 övladının olmasına münasibət bildirərək qeyd edir ki, İddiaçı öhdəsində X3 birinci nikahından olan 3 övladının olması iddiaçının Ağayeva (Heydərova) Elnarə Şirin qızı ilə birgə nikahından olan övladının saxlanılması üçün ödənilən alimentin məbləğinin azaldılmasına əsas vermir. Həmçinin qanunun tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin uşaqların saxlanılmasında çətinlik olduğu halda X3 uşaqların atasına qarşı məhkəməyə aliment tələbi ilə müraciət etmək hüququ vardır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşagıdakıları qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 4-cü maddəsinə görə bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir. Ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. “X7” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını, maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, alimentin miqdarının azaldılması tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağın təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyindən İddiaçı cavabdeh Ağayeva (Heydərova) Elnarə Şirin qızına qarşı alimentin miqdarının azaldılmasına dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı cavabdeh Ağayeva (Heydərova) Elnarə Şirin qızına qarşı alimentin miqdarının azaldılmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar