Məhkəmə qərarları › İş №2(060)-3557/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3557/2022

04.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3557/2022 04.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdeh X1 qarşı «maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi : İddiaçı cavabdeh X1 qarşı «maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Novxanı qəsəbəsi 634 saylı bağ sahəsindən və həmin bağ sahəsində inşa edilmiş fərdi yaşayış evindən sərbəst istifadə etməsi ilə bağlı cavabdehlər X2, onun həyat yoldaşı, yetkinlik yaşına çatmamış övladları və digər ailə üzvləri tərəfindən yaradılan maneələrin aradan qadırılması, bağa giriş-çıxışın təmin edilməsi, cavabdehlər tərəfindən qanunsuz zəbt olunmuş bağın zəbtdən azad olunması, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun və 30 manat xərclərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. 149-cu maddənin tələbinə görə ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin iddiaçı tərəfindən ərizədə qeyd olunan tələblərə əməl edilməmişdir. Belə ki, yoxlanılan ərizədə iddia tələbi qeyri müəyyən olmaqla, iddiaçı tələbi “cavabdehin həyat yoldaşı, uşaqları və digər ailə üzvləri” göstərməklə dəqiq ifadə etməmiş, bu şəxslər barədə məlumatlar (ad, soyadı və s.) göstərilməmiş, yetkinlik yaşına çatmış həmin şəxslər cavabdeh qismində cəlb edilmədiyi halda onlara qarşı tələb irəli sürülmüşdir. Bununla da iddia ərizəsinin forma və məzmunu ilə bağlı prosessual qanunvericiliyə tələblərinə əməl edilməmişdir. Hesab edirəm ki, qeyd olunan bu hal iddia ərizəsində iddiaçının tələbinin göstərilməməsi kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, ərizənin qaytarılması noqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, qərara aldı: İddiaçı cavabdeh X1 qarşı «maneələrin aradan qaldırılması» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar