Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3594/2021 21.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 24.11.2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 30.06.2010-cu il təvəllüdlü X2 və 13.07.2012-ci il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdehlə uzun müddət bir ailə kimi bir yerdə yaşamış, lakin, sonradan xasiyyətləri uyğun gəlmədiyindən, həmçinin cavabdehin ailəsinə laqeydliyindən münasibətləri pisləşmişdir. Bunun nəticəsində də hər gün aralarında söz-söhbət, dava-dalaş olmuş, artıq ayrı yaşamışlar. O, ailəsinin dağılmaması üçün bir müddət buna dözsə də artıq səbri tükənmiş və ona görə də boşanma barədə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Nikahın pozulması ilə bağlı mülki iş hakim Rəşad Qoşqarlının icraatında olmuşdur. Cavabdeh ona məxsus qızıl-zinət əşyalarını onun xəbəri olmadan lombarda qoyaraq pul götürmüş və bu səbəbdən də həmin qızıl-zinət əşyalarının ona qaytarılması ilə bağlı Sumqayıt şəhər Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh ona məxsus olan – 20 qramlıq, 1400 AZN dəyərində 583 əyarlı 1 ədəd boyunbağı; 15 qramlıq, 1050 AZN dəyərində 583 əyarlı 1 ədəd bilərzik; 17 qramlıq, 1190 AZN dəyərində 583 əyarlı 1 cüt sırğa-üzük dəsti; 10 qramlıq, 600 AZN dəyərində 583 əyarlı 1 ədəd nişan üzüyü; 20 qramlıq, 1200 AZN dəyərində 583 əyarlı 1 ədəd boyunbağı; 18 qramlıq, 1080 AZN dəyərində 583 əyarlı 1 cüt sırğa və üzükdən ibarət “Fantaziya” dəsti; 8 qramlıq, 960 AZN dəyərində 583 əyarlı, brilyant qaşlı 1 cüt sırğa və kulondan ibarət dəst; 4 qramlıq, 780 AZN dəyərində 583 əyarlı, brilyant qaşlı 1 ədəd üzük; 5 qramlıq, 350 AZN dəyərində 583 əyarlı 1 ədəd boyunbağı və 2 qramlıq, 100 AZN dəyərində 583 əyarlı 1 ədəd göz mucuğu formasında kulonun və yaxud onların dəyərinin 8710 AZN məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, izahatında 2020-ci ilin dekabr ayında iddiaçının nikahın pozulması üçün məhkəməyə müraciət etdiyini, lakin, tərəflərin barışmağı məqsədilə onlara 3 ay vaxt verildiyini bildirmişdir. Tərəflərin uzun müddətdir ki, ayrı yaşadığını, toy ərəfəsində cavabdehə alınmış qızılların həmişə qaynanasının sərəncamında olduğunu, qızılların cavabdeh tərəfindən xəbərsiz girov qoyulmasından 2020-ci ilin aprel ayında, baldızı qızının nişanında xəbardar olduğunu, həmin vaxt heç bir orqana müraciət etmədiyini, iddiaçının qızıllarından sərbəst şəkildə istifadə edə bilmədiyini, təsadüfən iddiaçının əlinə sənədlərin keçdiyini bildirmişdir. Bu zaman iddiaçıya məlum olmuşdur ki, ona məxsus qızıllar lombarda girov qoyulmuşdur. Cavabdehin atası iddiaçının qızıllarını iddiaçıdan xəbərsiz 2 dəfə banka girov qoyaraq pul götürmüşdür. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında 06.11.2006-cı il tarixində nikahlarının bağlandığını, ona nişan üzüyü, komplekt boyunbağı və bilərzik alındığını, atasının da brilyant sırğa və boyunbağı aldığını, keçmiş həyat yoldaşının ondan xəbərsiz həmin qızıl-zinət əşyalarını girov qoyduğunu və təxminən 2020-ci ilin aprel ayında bundan xəbər tutduğunu bildirməklə məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 185.5-ci maddəsindən görünür ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bu səbəbdən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkili Vəkil və şahidlər X4 ilə X1 izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 izahat verərək göstərdi ki, Arzu onun qızıdır, Cavabdeh isə kürəkəni olmaqla, həm də bacısı oğludur. Nişan məclisində nişan üzüyünü, toyda isə boyunbağı və bilərzik komplektini gətirmişlər, üç günlükdə “Traktor” boyunbağı, “Fantaziya” komplektini ona aparmışlar, atası da sonradan Rusiya Federasiyasından alınmış tək qaşlı brilyant sırğa vermişdir. Uşağın 1 yaşında qızıl boyunbağı almışdır. Münasibətlərin pozulmasına səbəb cavabdeh tərəfindən həmin qızılların girov qoyulması olmuşdur. Belə ki, 2020-ci ilin aprel ayında qızının baldızının toyunda məlum olmuşdur ki, kürəkəni qızılları xəbərsiz girov qoyub. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 izahat verərək göstərdi ki, Arzu onun baldızıdır, 2005-ci ildə o, gəlin gəlmiş, 2006-cı ildə isə Arzu ərə getmişdir. Arzuya cavabdehlər tərəfindən hədiyyə olaraq nişan üzüyü, komplekt, “Yoloçnıy” boyunbağı, yaşıl kulon və bilərzik gətirmişlər. Arzunun əri heç vaxt işləməmiş və ailəsinə baxmamışdır. Bu səbəbdən iddiaçının qaynanası qızılları həmişə özündə saxlamışdır ki, oğlu qızılları satmasın. Arzunun baldızının toyunda onlara məlum olmuşdur ki, cavabdeh iddiaçıdan xəbərsiz qızılları anasından alaraq girov qoymuşdur. İş materiallarında olan “İnternational” Bank Olmayan Kredit Təşkilatının 06.05.2020ci il tarixli, 005/2020/890 saylı kredit (borc) və girov müqaviləsindən görünür ki, kreditorgirov saxlayan adlandırılan 21.05.2013-cü il tarixli, BKT 12 saylı lisenziyası ilə ünvan 1 ünvanında fəaliyyət göstərən bank olmayan kredit təşkilatının “İnternational” qapalı səhmdar cəmiyyətinin idarə heyəti tərəfindən vəkil təyin edilmiş qrup rəhbəri X9 ilə borclu – girov qoyan adlandırılan ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3 ünvanında faktiki yaşayan Cavabdeh bu müqaviləni bağlamışlar. Həmin müqaviləyə əsasən Cavabdeh 1443 AZN pulu 13 ay müddətinə illik 55 % dərəcəsi ilə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 06.06.2020-ci il tarixindən 06.06.2021-ci il tarixinədək hər ay 149.72 AZN pul ödəməli idi. İş materiallarında olan “İnternational” Bank Olmayan Kredit Təşkilatının 25.08.2020ci il tarixli, 007/2020/68 saylı kredit (borc) və girov müqaviləsindən görünür ki, kreditorgirov saxlayan adlandırılan 21.05.2013-cü il tarixli, BKT 12 saylı lisenziyası ilə ünvan 1 ünvanında fəaliyyət göstərən bank olmayan kredit təşkilatının “İnternational” qapalı səhmdar cəmiyyətinin idarə heyəti tərəfindən vəkil təyin edilmiş qrup rəhbəri X9 ilə borclu – girov qoyan adlandırılan ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3 ünvanında faktiki yaşayan Cavabdeh bu müqaviləni bağlamışlar. Həmin müqaviləyə əsasən Cavabdeh 1850 AZN pulu 15 ay müddətinə illik 55 % dərəcəsi ilə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 25.09.2020-ci il tarixindən 25.11.2021-ci il tarixinədək hər ay 173.22 AZN pul ödəməli idi. İş materiallarında olan 25.08.2020-ci il tarixli, AC21285590 saylı girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, 1 cüt sırğa (585 əyar, 5,80 qram, 106 ABŞ dolları), kulon (585 əyar, 3,40 qram, 64 ABŞ dolları), 1 cüt sırğa (500 əyar, 9,20 qram, 152 ABŞ dolları), 1 ədəd üzük (500 əyar, 5,20 qram, 99 ABŞ dolları) və 1 ədəd boyunbağı (500 əyar, 22,20 qram, 416 ABŞ dolları) ümumilikdə 45,80 qramlıq qızıl-zinət əşyaları təhvil alınaraq Cavabdeh 836 ABŞ dolları, yəni, 1850 manat pul verilmişdir. Məhkəmə iddia tələbinin əsasını tərəflərin verdiyi izahatlar, işin məhkəmə iclasında müəyyən edilmiş hallarına uyğun, işdə olan sübütlar əsasında qiymətləndirərkən hesab edir ki, İddiaçı qızılların cavabdeh S.Ə.Cabbaov tərəfindən 25.08.2020-ci il tarixdə girov qoyulması barədə məlumatlı olmaması ilə bağlı verdiyi izahatın, məhkəmə iclasında şahidlərin və iddiaçının özü tərəfindən təqzib edilərək, qızıllar barədə əslində 2020-ci ilin aprel ayında baldızı qızının toy məclisdə iştirak etmək üçün geyinmək istəyərkən xəbərdar olması barədə gətirdiyi dəlillərin, ziddiyyət təşkil edərək bununla bağlı müraciət etməməsini inandırıcı saymır. Bu isə məhkəmənin, iddia tələbinin əsasının İddiaçı tərəfindən sübuta yetirilməyərək, öz təsdiqini tapmaması nəticəsinə gəlməyə imkan verir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri) Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. (MM 225.1-225.4) Məhkəmə iddia tələbinin hüquqi əsası ilə bağlı tərəflər arasında mübahisənin birgə nikah dövründə mövcüd olub, qızılların cavabdeh tərəfindən iddiaçının xəbəri olmadan girov qoyulmasını inandırıcı saymayaraq, əsaslı hesab etmir. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. (Ailə Məcəlləsinin 32-ci maddəsi) Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. (Ailə Məcəlləsinin 34-cü maddəsi) Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. (Ailə Məcəlləsinin 34cü maddəsi) Ailə Məcəlləsinin 38.2-38.6-cı maddəsinin tələbi baxımıdan nikah müqaviləsi ilə ərarvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Nikah müqaviləsində nəzərdə tutulmuş hüquq və vəzifələr müəyyən müddətlərlə məhdudlaşa bilər, müxtəlif şəraitin yaranıb-yaranmamasından asılı ola bilər. Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində isə göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə yuxarıda qeyd olunan hüquq normasının tələblərini əsas götürərək hesab edir ki, İddiaçı verdiyi iddia tələbinin hüquqi əsasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. (MPM-106.1) İddiaçı Cavabdeh ona məxsus olan – 20 qramlıq, 1400 AZN dəyərində 583 əyarlı 1 ədəd boyunbağı; 15 qramlıq, 1050 AZN dəyərində 583 əyarlı 1 ədəd bilərzik; 17 qramlıq, 1190 AZN dəyərində 583 əyarlı 1 cüt sırğa-üzük dəsti; 10 qramlıq, 600 AZN dəyərində 583 əyarlı 1 ədəd nişan üzüyü; 20 qramlıq, 1200 AZN dəyərində 583 əyarlı 1 ədəd boyunbağı; 18 qramlıq, 1080 AZN dəyərində 583 əyarlı 1 cüt sırğa və üzükdən ibarət “Fantaziya” dəsti; 8 qramlıq, 960 AZN dəyərində 583 əyarlı, brilyant qaşlı 1 cüt sırğa və kulondan ibarət dəst; 4 qramlıq, 780 AZN dəyərində 583 əyarlı, brilyant qaşlı 1 ədəd üzük; 5 qramlıq, 350 AZN dəyərində 583 əyarlı 1 ədəd boyunbağı və 2 qramlıq, 100 AZN dəyərində 583 əyarlı 1 ədəd göz mucuğu formasında kulonun və yaxud onların dəyərinin 8710 AZN məbləğində pulun alınaraq ona qaytarılmasını iddia etsə də, məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən, iddia tələbi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093-cü maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3594/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3594/2021
21.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver