Məhkəmə qərarları › İş №2(060)-360/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-360/2021

04.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-360/2021 04.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehin vəsaiti hesabına mənzilin təmir edilməsi və mənzilinə suyun axıdılmasının qarşısının alınaraq son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 mülkiyyət hüququ ilə ona məxsusdur. Sözügedən mənzildə 2015-ci ildən ailəsilə yaşayır. Cavabdeh ondan üst mərtəbədə (3-cü mərtəbə), yəni ünvan 1 ünvanında yaşayır. Cavabdehin mənzilindən bir neçə ildir ki, onun mənzilinə su axıdılır. Cavabdehin təqsiri üzündən onun mənzilinə 500 manatdək maddi ziyan dəymişdir. Lakin, cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Məsələ ilə əlaqədar ərazi üzrə fəaliyyət göstərən 8 saylı Mənzil-İstismar İdarəsinə müraciət etmiş, sonuncunun əməkdaşları tərəfindən mənzilə baxış keçirilmiş və 28.07.2020-ci il tarixdə akt tərtib edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 22.10.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi məhkəməyə daxil olanadək dayandırılmışdır. 12.03.2021-ci il tarixində iş üzrə ekspert rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəmə iclasında təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində mənzilinə dəymiş ziyanın əvəzinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyildir. İddiaçının mənzilinə axıdılan su onun yox, daha yuxarı mərtəbədə yerləşən mənzildən axıdılır. Onun iddiaçının mənzilinə ziyan vurulmasında heç bir təqsiri yoxdur. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1965-ci ildə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh 15.05.1973-cü ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Məcburi köçkün vəsiqəsinə əsasən iddiaçı Füzuli rayonundan məcburi köçkün olmaqla Sumqayıt şəhərində məxsunlaşmışdır. 8 saylı Mənzil Kommunal Sahəsinin 04.08.2020-ci il tarixli, 1124 saylı arayışına əsasən cavabdeh Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 6 saylı evin 20-ci mənzilində yaşayır. 8 saylı Mənzil Kommunal Sahəsinin 04.08.2020-ci il tarixli, 1122 saylı arayışına əsasən iddiaçı Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 6 saylı evin 18-ci mənzilində yaşayır. 8 saylı Mənzil Kommunal Sahəsinin mühəndisi Elxan Qasımov, sahə ustaları Rəbiyət Məmmədova və Həqiqət Səmədova tərəfindən tərtib edilərək imzalanmış və həmin MKS-in möhürü ilə təsdiq edilmiş aktda göstərilmişdir ki, iddiaçının yaşadığı mənzilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçının mənzilinə suyun axması baş vermiş və mənzilə ziyan dəymişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 6 saylı evin 18-ci mənzili iddiaçının mülkiyyətindədir. İş materiallarına iddiaçıya məxsus mənzilə aid olan fotoşəkillər əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.02.2021-ci il tarixli, 10/4108 saylı ekspert rəyində göstərilmişdir ki, mübahisəli mənzilin divarlarında yaranmış qüsurları, divarlardakı və tavandakı su sızma izlərini, eləcə də mülki iş materiallarında olan 8 saylı MKS-in əməkdaşları tərəfindən tərtib edilmiş 28.06.2019-cu il tarixli aktın məlumatlarını nəzərə alaraq, 18 saylı mənzilə Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 6 saylı evin 20-ci mənzilindən su sızması baş verdiyi müəyyən olunmuş, lakin sonuncu mənzilin su və kanalizasiya xətləri gizli şəkildə olduğundan, su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Tədqiq olunan mübahisəli mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1009 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi hazırkı halda iddia tələbinin təmin edilməsi üçün iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə maddi ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulduğu sübut edilməlidir. Göründüyü kimi iddiaçının mənzilinə suaxma nəticəsində maddi ziyan dəymişdir. İddiaçı onun mənzilinə suyun ondan yuxarı mərtəbədə yerləşən 20 saylı mənzildən axıdıldığını bildirir. Cavabdeh 20 saylı mənzildə qeydiyyatda olmaqla orada yaşayır. Lakin, cavabdeh iddiaçının mənzilinə suyun onun yaşadığı mənzildən axıdılmadığını bildirir. Qeyd edilən halın müəyyən edilməsi üçün məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert rəyində isə iddiaçının yaşadığı mənzilə 20 saylı mənzildən su axıdıldığı və mənzilə 1009 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər (97.1.). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.7.). Məhkəmə hesab edir ki, iddiaçıya məxsus olan mənzilə həmin binanın 20 saylı mənzilindən su axıdılması nəticəsində ziyan dəyməsi ekspert rəyi ilə təsdiq edildiyindən və cavabdeh tərəfindən həmin halı inkar edən hər hansı sübut təqdim edilmədiyindən iddia təmin edilməli və iddiaçıya dəymiş maddi ziyanın əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində göstərilmişdir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (119.1.). Göründüyü kimi iddiaçı əvvəlcə cavabdeh tərəfindən mənzilinin təmir etdirilməsi tələbinə dair iddia qaldırmış və 10 manat dövlət rüsumu ödəmişdir. Sonradan iddiaçı iddia tələbinin predmetini dəyişərək ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. İddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Lakin, iddiaçı əslində 30 manat dövlət rüsumu ödəməli olduğundan yerdə qalan 20 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş maddi ziyanın əvəzi olaraq 1009 (min doqquz) manat pul və 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. 20 (iyirmi) manat dövlət rüsumu və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar