Məhkəmə qərarları › İş №2(060)-3654/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3654/2023

12.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3654/2023 12.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh Təvəkkül oğlu ilə xx.xx.2021-ci il tarixində ailə həyatı qurmuşlar. Həmin nikahdan xx.xx.2022-ci il təvəllüdlü X8 adlı bir övladları var. Tərəflərin ailə qurduqları vaxt pandemiya dövrünə düşdüyündən nikahlarını rəsmiləşdirməmişlər. Sonradan iddiaçı dəfələrlə təkidlə nikahın rəsmiləşdirilməsini tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr bundan imtina etmişdir. Ailə həyatı qurandan ailələrində tez-tez mübahisələr yaranmışdır. Belə ki, cavabdeh ailə qayğılarından uzaqdır, ailəyə maddi cəhətdən heç bir maddi yardım etmir. Bunun nəticəsində də hər gün aralarında söz-söhbət, dava-dalaş olurdu. Ailə faktiki olaraq dağılmışdır. Göstərilənlərə əsasən birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin və uşaq üç yaşına çatanadək 100 manat maddi yardımın alınıb iddiaçıya verilməsi, ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh öz izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, o, birinci nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 da saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2028-ci il tarixli, 2(011)-3950/2018 saylı qətnaməsinə əsasən hər ay 154 manat sabit pul məbləğində aliment ödəyir. Bundan başqa, özü səhhəti ilə əlaqədar rəsmi olaraq heç bir yerdə işləmir, himayəsində 2-ci qrup əlil olan xəstə atası vardır. Atasının aldığı pensiya ilə və özü də hərdən ara işlərdə işləyərək ailənin gündəlik tələbatını güclə ödəyir. Onun maddi durumunda müsbətə doğru hər hansı bır dəyişiklik olmamışdır. Belə olan halda, iddiaçının ondan 220 manat aliment və 100 manat əlavə maddi yardım tələb etməsi məntiqə uyğun deyildir. O, bir ata, bir valideyn kimi başa düşür ki, uşağını saxlamalı, onun maddi tələbatlarının ödənilməsində iştirak etməlidir. Amma iddiaçının tələb etdiyi məbləğdə deyil, o, hər ay uşağın saxlanılması üçün 160 manat məbləğində aliment ödəyə bilər. Alimentin artıq məbləğdə kəsilməsi onun ağır olan vəziyyətini daha da ağırlaşdıracaqdır. Ona görə də iddianın qismən təmin olunması, ondan 160 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-3950/2018 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, iddiaçı X9 ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 830 №-li akt qeyd ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X6mım anası X5 himayəsində saxlanılması, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit məbləğində aliment, eyni zamanda X3 3 yaşınaa çatanadək X9 üçün 50 manat məbləğində alimentin tutularaq X7 ödənilməsi, alimentin tutulması məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən hesablanması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.

7. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ 434625 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində İddiaçı doğulmuş X2 atası hesab edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2022-ci ilin 3-cü ayının 19-cu günündə 133 nömrə ilə qeyd edilmişdir.

8. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 19 mart 2022-ci il tarixində verilmiş AZ-İV 721702 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 22 fevral 2022-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

9. İş materiallarında olan MŞS/MT030/2023-00651 saylı, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesə davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2022-ci il tarixdə, saat 11:00-a təyin edilmiş prosesdə iştirak etmişlər, lakin prosesin davam etdirilməsi barədə razılığa gəlməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X8 adlı bir övladları olmuşdur. İddiaçı iddia tələbinin təmin olunaraq, cavabdehdən xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər 220 manat məbləğində aliment və uşaq üç yaşına çatana qədər 100 manat məbləğində maddi yardım tələb edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək 160 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

12. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

13. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

14. Məhkəmə qeyd edir ki, hazırda aliment öhdəliyi olan şəxsin rəsmi iş yeri olmadığından alimentin ödənilməsi sabit pul məbləğində müəyyən edilməlidir.

15. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

16. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

17. Hazırki vəziyyətdə iddiaçı xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay 220 manat məbləğində aliment tutulmasını tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə maddi imkanının olduğunu, eləcə də, məhz həmin məbləğdə alimentin tutulmasına zərurət olduğunu məhkəmədə sübuta yetirə bilməmişdir.

18. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

19. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

20. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

21. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93)

22. Məhkəmə iddianın “hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən övladı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalıdır.

23. Həmçinin, iddianın “uşaq üç yaşına çatanadək hər ay 100 manat sabit pul məbləğində vəsaitin tutulması” hissəsinə qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin olunmalıdır.

24. Belə ki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir.

25. Məhkəmə, hesab edir ki, cavabdehdən xx.xx.2022-ci il təvəllüdlü X4 üç yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq iddiaçıya verilməlidir.

26. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.

27. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

28. Beləliklə, məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafeyini, cavabdehin hər ay 220 manat sabit pul məbləğində alimentin, 3 yaşınadək 100 manat maddi yardımın ödənilməsi üçün kifayət qədər maddi imkanının olmasına dəlalət edən sübutların iddiaçı tərəfindən təqdim edilməməsini, cavabdehin başqa aliment ödəmələrinin olmasını, tutulacaq alimentin miqdarının digər uşağın təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyini, habelə yetkinlik yaşına çatmayanlar üçün 2023-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh övladı xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X4 üç yaşına çatanadək 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

29. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

30. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

31. Məhkəmə mülki mübahisələr üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilmiş mediasiya xərci iddiaçıya aid edilməlidir.

32. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

33. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

34. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

35. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. (210 x 12 = 2520 manat. 1520 x 1% = 15,2 manat. 30+15,2= 45,2 manat)

36. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 45,2 manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət gəlirlərinə alınmalıdır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yanlız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Nəticə hissəsi:

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16 may 2023-cü il tarixindən başlayaraq, övladı xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment, eyni zamanda uşağın üç yaşına çatanadək 50 (əlli) manat məbləğində aliment alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 45,2 (qırx beş manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar