Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3686/2023 26.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı istifadə edilməmiş məzuniyyətə görə pul kompensasiyası və digər tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış əmək müqaviləsi qüvvədə olduğu vaxtadək ona ödənilməmiş 2022-ci ilin iyun, iyul, avqust ayları (3 ay) və sentyabrın 17-nə qədər (yarım ay) əmək haqqının, cəmi 4200 manat məbləğində pulun, istifadə olunmamış məzuniyyət günlərinə görə 936,31 manat pulun, mediasiya xərci olaraq 50 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci ildən aylıq əmək haqqı 1355,43 manat olmaqla Cavabdeh ASC-də mühəndis-nəzarətçi vəzifəsi üzrə çalışmağa başlamışdır. Əmək müqaviləsi xx.xx.2021-ci il tarixində 1 illik olmaqla, yəni xx.xx.2022-ci il tarixinədək bağlanmış və elektron sistemə əlavə edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixinədək Cavabdeh ASC-də mühəndis-nəzarətçi vəzifəsi üzrə çalışmağına və cavabdeh ilə bağlanmış müqavilə əsasında öz öhdəliklərimi lazimi qaydada yerinə yetirməyinə baxmayaraq cavabdeh tərəfindən onun əmək müqaviləsinə qanunsuz olaraq, ona xəbərdarlıq edilmədən, öncədən məlumatlandırılmadan xx.xx.2022ci il tarixində xitam verilmişdir. Cavabdeh ona qarşı pozuntuya yol verərək, guya öhdəliklərini yerinə yetirməməsinə istinad etmiş və Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin a bəndinə əsasən işdən çıxarılmışdır. İddiaçı tərəf kimi öz təşəbbüsülə, yəni ərizə yazaraq işdən azad edilməyinə dair hər hansı bir iradəsinin olduğunu bildirməmişdir. İşdən çıxdıqdan sonra isə cavabdeh tərəfindən ona ödənilməli olan son haqq-hesab hesablanmamış, ödənilməmişdir. Tərəflər arasında rəsmi qaydada 3 ay (2022-ci ilin iyun, iyul, avqust ayları) və sentyabrın 17-dək (yarım ay) müddətdə əmək münasibətləri olduğundan, işdən çıxarılan zaman son haqq-hesab, yəni istifadə olunmamış məzuniyyətə görə məzuniyyət haqları da iddiaçıya ödənilməli idi. Lakin cavabdeh iddiaçının hüquqlarını kobud surətdə pozaraq ona sözü gedən pul məbləğini tam hesablayaraq ödəməkdən boyun qaçırmışdır. Cavabdeh tərəfindən iddiaçıya 936,31 manat məbləğində məzuniyyət pulu ödənilməmişdir. Həmçinin cavabdeh tərəfindən iddiaçının qanunsuz olaraq işdən azad edilməyinə baxmayaraq işdən çıxarılmağına dair məlumatının olmaması səbəbindən qanunla müəyyən edilmiş qaydada əmək müqaviləsi qüvvədə olduğu müddətin əmək haqqısı hesablanaraq ödənilməlidir. 3 ayın (2022-ci ilin iyun, iyul, avqust ayları) və sentyabrın 17-dək (yarım ayın) əmək haqqısı, cəmi 4200 manat məbləğində pul vəsaitinin ödənilməsi qanunamüvafiqdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi məhkəməyə daxil olanadək dayandırılmışdır. xx.xx.2023-cü il tarixində iş üzrə ekspert rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında verdiyi izahatında iddiaçı bildirdi ki, ekspert rəyi ilə razı deyil. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş işdən azad edilmə barədə onun adından yazılmış ərizədəki xətt və imza ona məxsus deyildir. İşə məhkəmədə baxılarkən cavabdeh tərəfindən istifadə etmədiyi məzuniyyətə görə ona 650 manat pul ödənilib. Lakin, onun əlavə işlədiyi 3 ay yarım, yəni 2022-ci ilin iyun, iyul, avqust ayları və sentyabrın 17-dək olan dövr nəzərə alınarsa, həmin məbləğ iddia ərizəsində göstərilən məbləğdə, yəni 936,31 manat olmalı idi. Yəni, həmin məbləğ ona tam ödənilməmişdir. Qeyd edilənlərə əsaən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında bildirdi ki, iddiaçı öz ərizəsi əsasında işdən azad edilmişdir. Bu səbəbdən onun əlavə 3 ay yarım üçün olan əmək haqqını tələb etməsi üçün heç bir əsas yoxdur. Eyni zamanda iddiaçıya 648,95 manat istifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilib. Bu isə iddiaçının işlədiyi dövrə müvafiqdir. İddiaçının izahatından da görünür ki, iddiaçı əlavə işlədiyini güman etdiyi 3 ay yarımlıq dövr də nəzərə alınmaqla istifadə etmədiyi məzuniyyətə görə pul kompnsasiyası tələb edir. İddiaçı cavabdehə qarşı qərəzli münasibət sərgiləyir və bu səbəbdən də əsassız tələblər irəli sürür. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1980-ci ildə anadan olmuşdur. e-sosial.az saytında çıxarışa əsasən iddiaçı xx.xx.2021-ci il tarixdən Cavabdeh ASC-də mühəndis-nəzarətçi vəzifəsində çalışır. Onun əmək haqqı 1355,43 manat təşkil edir. Müqavilənin qüvvədən düşmə tarixi xx.xx.2022-ci ildir. İddiaçı tərəfindən cavabdeh müəssisənin direktoruna ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədə iddiaçı onun mühəndis-nəzarətçi vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Cavabdeh ASC-də mühəndis-nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilədə onun işin xüsusiyyətinə görə xx.xx.2022-ci ilədək bağlandığı göstərilmişdir. İddiaçının adından yazılaraq imzalanmış və müəssisənin direktoruna ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə iddiaçı onun xx.xx.2022-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin direktorunun xx.xx.2022-ci il tarixli, 202/K nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 nömrəli maddəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci tarixindən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək bildirişi xx.xx.2022-ci il tarixdə elektron sistemə daxil edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci tarixinədək Cavabdeh QSC-də mühəndis-nəzarətçi vəzifəsində işdir. İşçinin aylıq əmək haqqısı 1355,43 manat olmuşdur (vergilər daxil). İddiaçı işlədiyi dövrdə əmək məzuniyyətinə çıxmamışdır. Bu səbəbdən istifadə edilməyən məzuniyyət günlərinin əvəzinə ona 648,95 manat ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-4/1212 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 53-cü vərəqində iddiaçının adından olan xx.xx.2022-ci il tarixli “Ərizə”də olan yazılar və “İmza:” qrafasında olan imza iddiaçı tərəfindən icra olunmuşdur. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixində 648,95 manat ödəniş edilmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən (bundan sonra – Əmək Məcəlləsi) əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur (154.1). Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir (156.1). 1 İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər (157.1). İddiaçı bildirir ki, cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə ona heç bir məlumat verilmədən xx.xx.2022-ci il tarixində birtərəfli qaydada xitam verilmişdir. İddiaçının bu barədə məlumatı olmamış və 2022-ci ilin sentyabr ayının 17-ədək cavabdeh müəssisədə işinə davam etmişdir. Bu səbəbdən iddiaçı xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək ona ödənilməmiş əmək haqqını cavabdehdən tələb edir. Əmək Məcəlləsində göstərilmişdir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər (68.1). Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər (68.2 a). İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər (69.1). İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir (69.5). Göründüyü kimi iddiaçı xx.xx.2022-ci il tarixli ərizədə cavabdehdən həmin tarixdən işdən azad edilməsini xahiş etmişdir. Cavabdehin eyni tarixli əmri ilə iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2 a maddəsinə əsasən xitam verilmişdir. İddiaçı həmin ərizənin onun tərəfindən yazılıb imzalanmadığını bildirdiyi üçün məhkəmə tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert rəyində həmin ərizədə xətt və imzanın iddiaçıya məxsus olduğu göstərilmişdir. Göründüyü kimi işdən azad edilmə barədə xx.xx.2022-ci il tarixli ərizənin iddiaçı tərəfindən yazılıb imzalandığı ekspert rəyi ilə təsdiq edilmiş və bunun əksini təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının cavabdeh tərəfindən ona heç bir məlumat verilmədən, onunla əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi barədə dəlillərini əsassız hesab edir. İddiaçının digər tələbi ona istifadə etmədiyi məzuniyyətə görə pul kompensasiyasının verilməsi ilə bağlıdır. Əmək Məcəlləsində göstərilmişdir ki, bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır (135.1). İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir (135.2). Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir (144.2). Göründüyü kimi cavabdeh tərəfindən istifadə edilməmiş məzuniyyətə görə iddiaçıya 648,95 manat ödəniş edilmişdir. Həmin hal iddiaçı tərəfindən mübahisləndirilmir. Eyni zamanda iddiaçının və cavabdehin nümayəndəsinin izahatları ilə müəyyən edilir ki, iddiaçı 2022-ci ilin iyun, iyul, avqust ayları və sentyabrın 17-dək işlədiyi dövr də nəzərə alınmaqla, ona cavabdeh tərəfindən ödənilməli olan kompensasiya məbləğinin 936,31 manat müəyyən edilməsini tələb edir. İddiaçının qeyd edilən dövr üzrə Cavabdeh ASC-də işləməsi yuxarıda qeyd edilənlərə əsasən öz təsdiqini tapmadığından, iddiaçının istifadə olunmamış məzuniyyətə görə kompensasiya hesablanarkən həmin dövrün nəzərə alınması ilə bağlı tələbi də əsassız hesab edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 124 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı cavabdeh ilə aralarında bağlanmış əmək müqaviləsi qüvvədə olduğu vaxtadək ona ödənilməmiş 2022-ci ilin iyun, iyul, avqust ayları və sentyabrın 17-nə qədər olan dövr üçün cəmi 4200 manat əmək haqqının, istifadə olunmamış məzuniyyət günlərinə görə 936,31 manat pulun və mediasiya xərci olaraq 50 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə iddiası təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat pul İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3686/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3686/2023
26.09.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver