Məhkəmə qərarları › İş №2(060)-37/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-37/2025

12.08.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-37/2025 12.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti yanında “Mənzil-Kommunal Təsərrüfatı” İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sumqayıt şəhər İcra Hakimiyyəti yanında “Mənzil-Kommunal Təsərrüfatı” İstehsalat Birliyini cəlb edilməklə Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi və ərazinin boşaldılması tələbi»nə dair iddia ərizəsi ilə bağlı üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sumqayıt şəhər İcra Hakimiyyəti yanında “Mənzil-Kommunal Təsərrüfatı” İstehsalat Birliyini cəlb edilməklə Cavabdeh Məhəmməd oğluna qarşı «qanunsuz tikilinin sökülməsi və ərazinin boşaldılması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17-yə yaxın 0,70 ha ərazi Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 18 noyabr 2022-ci il tarixli, 725 saylı sərəncamı ilə BEK-A Mənzil Tikinti Kooperativinə Sumqayıt şəhərində çoxmənzilli yaşayış binaları tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Hal-hazırda Cavabdeh Məhəmməd oğlu qeyd olunan 13-cü mikrorayon, ev 17-yə yaxın 0,70 ha ərazini Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən verilmiş müqavilə əsasında dəmir setka ilə çəpərə alaraq avtodayanacaq kimi istifadə edir və 25 kv.metr sahəsində özbaşına tikinti apararaq orada yaşayır. Məsələ ilə əlaqədar tərəflərindən Sumqayıt şəhər Bələdiyyəsinin rəhbərliyi ilə əlaqə saxlanılmış və onların verdiyi məlumata əsasən məlum olmuşdur ki, bələdiyyə tərəfindən verilmiş müqavilənin müddəti 2019-cu ildə bitmişdir. Avtodayanacağın boşaldılaraq əvvəlki vəziyyətə qaytarılması ilə əlaqədar 15 saylı Mənzil Kommunal Sahəsinin rəhbərliyi tərəfindən əraziyə baxış keçirilmiş və Cavabdeh zəbt etdiyi ərazini boşaltması tapşırılmışdır. Lakin, Cavabdeh ərazini boşaltmaqdan və avtodayanacaq və tikintiyə dair digər sənədləri verməkdən imtina etmişdir. Göstərilənlərə əsasən Cavabdeh Məhəmməd oğlu tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17-yə yaxın hasarlayaraq avtodayanacaq kimi istifadə etdiyi ərazinin boşaldılması və avtodayanacaqda özbaşına apardığı tikintinin sökülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra iddiaçı X6 tərəfindən məhkəməyə ərizə təqdim edilərək, iddiaçı X2 əsl İddiaçı MTK ilə əvəz edilməsi məhkəmədən xahiş edilmişdir.

4. Daha sonra İddiaçı MTK-nın nümayəndəsi və vəkili Qanuni nümayəndə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, Cavabdeh tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17-yə yaxın hasarlanaraq avtodayanacaq kimi istifadə etdiyi ərazinin boşaldılması və avtodayanacaqda özbaşına apardığı tikintinin sökülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti yanında “Mənzil-Kommunal Təsərrüfatı” İstehsalat Birliyinin nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, iddia tələbi əsaslıdır, qanunsuz tikili sökülməli və ərazi boşaldılmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları məcmu halda araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

10. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının “İddiaçı Mənzil Tikinti Kooperativinə Sumqayıt şəhərində çoxmənzilli yaşayış binaları tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” xx.xx.2022-ci il tarixli, 725 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17-yə yaxın 0,70 ha ərazidə "BEK-A” Mənzil Tikinti Kooperativinə çoxmənzilli yaşayış binaları tikintisinin, ətraf ərazinin abadlaşdırılmasının layihələndirilməsinə icazə verilməsi, layihə sənədlərinin mərhələsindən asılı olmayaraq, lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən işlənməsi və aidiyyəti orqanlarla razılaşdırılması təmin edilməsi, yaşayış binalarının işçi layihəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 X1 Ekspertiza Baş idarəsində ekspertiza edilərək layihələndirmə işləri tam başa çatdırıldıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş texniki sənədlər qeydiyyatdan keçirilməsi, tikintiyə icazə verilməsi üçün Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinə təqdim edilməsi, layihələndirmə başa çatdırıldıqdan sonra, mövcud sərəncam inşaat pasportu, işçi layihəsi, ekspertiza rəyi, kommunikasiyaların texniki şərtləri, tikintinin qeydiyyat və icazə vərəqəsi ilə birlikdə tikinti işlərinin aparılması üçün əsasdır. "BEK-A” Mənzil Tikinti Kooperativinə ərazinin sanitar vəziyyətinə nəzarət etməsi, layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma idarəsinin tapşırıqlarını, inşaat pasportunda nəzərdə tutulmuş digər göstərişlərini yerinə yetirsin və layihələndirməni ayrılmış torpaq sahəsinin hüdudları çərçivəsində, müvafiq qaydalara uyğun başa çatdırılmasını təmin etməsi, ərazinin və yaşayış binasının razılaşdırılmış eskiz layihəsinə uyğun hazırlanmış işçi layihəsi tam həcmdə Memarlıq və Şəhərsalma idarəsinə təqdim edilməsi, layihələndirmə zamanı nəzərdə tutulmuş ərazidən keçən və ya əvvəlcədən müəyyən, olunmamış kommunikasiya xətləri aşkar olunarsa, həmin xətlərin aidiyyati təşkilatlarla razılaşdırılaraq öz vəsaiti hesabına sahədən kənarlaşdırılmasını təmin edilməsi tapşırılmışdır. Bu sərəncam inşaat pasportu ilə birlikdə yalrtız layihələndirmə üçün əsasdır. İddiaçı Mənzil Tikinti Kooperativi Sumqayıt şəhər Bələdiyyəsi ilə torpaq münasibətlərini həll etdikdən, DƏDRX-də sifarişçinin torpaq üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan və tikintinin aparılmasını əlaqədar təşkilatlarla müvafiq qaydada razılaşdırdıqdan sonra tikinti işlərinə başlaya bilər. ‘‘BEK-A" Mənzil Tikinti Kooperativi tərəfindən binaların söküntüsü, tikintisi və vətəndaşlara təqdim edilməsi ilə əlaqədar aparılacaq işlər zamanı sakinlərlə bağlanacaq müqavilə və digər sənədlərlə bağlı yarana biləcək anlaşılmazlıqların qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilməsi təmin olunsun. Yuxarıda qeyd edilən bəndlər “BEK- A" Mənzil Tikinti Kooperativi tərəfindən yerinə yetirilməzsə, sərəncamın ləğv edilməsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması qərara alınmışdır. Sərəncamın müddəti bir ildir. Sərəncamın icrasına nəzarət Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

11. İş materiallarında olan 15 saylı Mənzil-Kommunal sahəsinin mühəndisləri X8, X9, sahə ustası X10 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 15 və 17 saylı binaların yanında yerləşən avtodayanacaqla əlaqədar Cavabdeh dayanacağa aid sənədlərin və özünün şəxsiyyət vəsiqəsini istəsələr də, vətəndaş öz narazıçılığını bildirmiş, sənədlərin verilməsindən imtina etmişdir. Ona həmin ərazinin İcra Başçısınin sərəncamı ilə çoxmərtəbəli bina tikilməsi üçün başqa vətəndaşa verilməsini izah etmişlər və həmin ərazinin boşaldılması tələbi olunduğunu bildirmişlər.

12. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9948 saylı ekspert rəyinə əsasən baxış zamanı təqdim olunan qeyri-yaşayış obyektinin (avtodayanacaq) rəyin tədqiqat hissəsində qeyd olunan koordinatlar daxilində yerləşdiyi müəyyən edildi. Həmçinin qeyd olunur ki, həmin qeyri-yaşayış obyektinə (avtodayanacaq) dair mülki iş materiallarında hüquqmüəyyənedici və texniki sənəd olmadığından və ekspert vəsatətinə əsasən Mərkəzə təqdim olunmadığından qərardadın bu sualları üzrə tədqiqat aparılmadı. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. Göstərilən Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

16. Qeyd olunan Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

17. Eyni Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

18. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

20. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

21. Eyni Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

22. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

23. Bu Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

24. Həmin Məcəllənin 180.2-ci maddəsinə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

25. Bu Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

26. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

27. Mülki Məcəllənin 240-cı maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə öz sahəsində binalar və qurğular ucalda bilər. Belə tikililərin inşası üçün müəyyən edilmiş qaydada icazə alınmalıdır. Göstərilən qaydalara əməl etməklə mülkiyyətçi öz mülkiyyətində olan torpaq sahəsində ucaltdığı binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Lakin bu qaydaların pozulması ilə inşa edilmiş tikililər özbaşına tikili hesab edilir və yuxarıda qeyd olunan maddəyə əsasən belə tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir.

28. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

29. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır.

30. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən isə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

31. Eyni Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

32. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

33. Konvensiyanın 2-ci maddəsinin pozuntusunu təşkil edir; həmin maddənin müvafiq hissəsində deyilir: «Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa həyatdan məhrum edilə bilməz…».

34. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” işi üzrə Böyük Palatanın 19 fevral 2009-cu il tarixli qərarında qeyd olunur ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir.

35. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 725 saylı Sərəncamına əsasən Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17-yə yaxın 0,70 ha ərazidə çoxmənzilli yaşayış binaları tikintisinin, ətraf ərazinin abadlaşdırılmasının layihələndirilməsinə icazə verilməsi "BEK-A” Mənzil Tikinti Kooperativinə həvalə edilmişdir. Sumqayıt şəhəri, 13-cü mikrorayon, 15 və 17 saylı binaların yanında yerləşən avtodayanacaq cavabdehin istifadəsindədir və həmin ərazinin cavabdehə məxsus olmasını təsdiq edən hər hansı sənəd mövcud deyildir.

36. İş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, baxış zamanı təqdim olunan qeyri-yaşayış obyektinin (avtodayanacaq) rəyin tədqiqat hissəsində qeyd olunan koordinatlar daxilində yerləşdiyi müəyyən edilmişdir.

37. Məhkəmə hesab edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsi ilə bağlı əsaslı dəlillər irəli sürülmədiyindən həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

38. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh tərəfindən inşa olunmuş və onun istifadəsində olan özbaşına tikili İddiaçınə Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 725 saylı Sərəncamı ilə üzərinə düşən vəzifələri və hüquqlarını həyata keçirməyə imkan vermir.

39. Beləliklə, yuxarıda göstərilən qanunun normalarına müvafiq olaraq pozuntularla tikilmiş bina və ya qurğular müvafiq icra hakimiyyəti orqanının və ya maraqlı tərəfin iddiası üzrə məhkəmənin qərarı əsasında sökülə bilər. Şübhəsiz ki, belə özbaşına tikililərin sökülməsi onu həyata keçirmiş şəxsin hesabına həyata keçirilməli, onların tikintisinə sərf edilmiş materiallar isə onun mülkiyyətində saxlanmalıdır. Özbaşına tikilmiş binaların və qurğuların sökülməsini məhkəmə qaydasında yerli icra hakimiyyəti orqanları və belə tikililərin aparılması nəticəsində hüquqları pozulmuş və ya həyatı və sağlamlığı üçün təhlükə yaranmış şəxslər tələb edə bilərlər.

40. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17-yə yaxın hasarlanaraq avtodayanacaq kimi istifadə edilən ərazi boşaldılmalı və avtodayanacaqda aparılmış özbaşına tikinti sökülməlidir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

43. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

44. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.

Nəticə hissəsi:

48. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17-yə yaxın hasarlanaraq avtodayanacaq kimi istifadə edilən ərazi boşaldılsın və avtodayanacaqda aparılmış özbaşına tikinti sökülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar