Məhkəmə qərarları › İş №2(060)-3714/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3714/2022

05.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3714/2022 05.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində aliment tutlaraq ona verilməsi, sentyabr 2021-ci ildən may 2022-ci il tarixədək təhsil kursuna ödədiyi 1070 manatın cavabdehdən alınaraq ona verilməsi, 2022-ci ilin sentyabr ayından başlayaraq 2025-ci il may ayına qədər (11-ci sinfi bitirənə qədər) hər ay Hüseynli Firəngizin təhsil haqqı olaraq 230 manatın cavabdehdən tutularaq ona verilməsi, 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, cavabdehdən tutulan alimentin məbləğinin 300 manat müəyyən edilməsi, sentyabr 2021-ci ildən may 2022-ci il tarixədək təhsil kursuna ödədiyi 2070 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Rəsmi nikahdan xx.xx.2008-ci il təvəllüdlü X2 adlı bir qızları anadan olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2009cu il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah qeydi ləğv edilmiş və uşaq onun yanında saxlanmışdır. Bu illər ərzində cavabdeh aliment ödəməmiş, stabil olaraq qızına maddi yardım etməmişdir. Uşaq isə artıq böyüyüb, tələbatları, təhsil xərcləri artıb, o isə işləmir və artıq uşağının xərclərini qarşılaya bilmir. Cavabdehə mediasiya təklifi etmiş və o, məsələni barışıq və qarşılıqlı razılaşma ilə həll etmək təklifi etmişdir. Lakin cavabdeh mediasiya prosesində iştirak etməmiş və mediator bu barədə arayış tərtib etmişdir. 50 manat mediasiya xərcini o, ödəmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Uşağı saxlamaq cavabdehin borcudur, lakin hazırda cavabdeh bu borcunu yerinə yetirmir, uşağın nə maddi tələblərini, nə də təhsil xərclərini ödəməkdə iştirak etmir. Neçə illərdir ki, o, təkbaşına onun həm maddi tələbatlarını, həm də təhsil xərclərini ödəyir. Amma bundan sonra cavabdehin də bu xərclərdə iştirakını tələb edir. Cavabdeh iri yük maşınında sürücü işləməklə xarici ölkələrə yükdaşıma firmasında işləyir və kifayət qədər yüksək qazanc əldə edir. Bu halda onun qazancı stabil və dəqiq olmadığı üçün ondan sabit pul məbləğində aliment alınmalıdır. Belə hesab edir ki, cavabdehin qazancı nəzərə alınmaqla ondan hər ay uşağın maddi tələbatlarını ödəmək üçün 300 manat aliment tutulmalıdır. Onu da qeyd edir ki, uşaq təhsilini yüksəltmək və ali məktəbə yüksək qiymətlərlə daxil olmaq üçün təhsil kursuna gedir. 2021-ci ilin sentyabrından 8-ci sinif üçün 1-ci ixtisas qrupu üzrə təhsil kursuna həftədə 3 gün kursa görə ayda 230 manat pul ödəmişdir. Bu 9 ay ərzində təhsil haqqı olaraq kursa 2070 manat pul ödəmişdir və bu xərc cavabdehdən alınaraq ona verilməlidir. Çünki cavabdeh bir ata kimi uşağın əlavə xərclərində də iştirak etməlidir. Bundan əlavə, 2020-ci ilin sentyabrından başlayaraq ondan uşağın təhsil haqqı olaraq 230 manat alınıb ona verilməlidir. Eləcə də mediasiya prosesi üçün ödədiyi 50 manat da cavadehdən alınaraq ona ödənilməlidir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, tərəflər arasında nikah ləğv olunmuş və həmin vaxtdan etibarən uşaq iddiaçının himayəsindədir. Cavabdeh uşağın saxlanmasında heç vaxt əsaslı şəkildə iştirak etməmiş, sadəcə bayramlarda hədiyyələr almış, daha sonra onu da dayandırmışdır. Son illər cavabdeh ümumiyyətlə uşağa baxmır. Qeyd edir ki, iddiaçı hazırda heç bir yerdə işləmir. Himayəsində xəstə anası var. Uşağını saxlamağa iddiaçının maddi gücü çatmır. Əlavə olaraq bildirir ki, onlarda olan dəqiq və rəsmi məlumata görə cavabdeh ikinci dəfə ailə qurmamışdır. Bundan əlavə hamıya məlumdur ki, hazırda ali məktəbə qəbul olmaq üçün bütün şagirdlər kursa və ya müəllim yanında hazırlığa gedirlər. Bu səbəbdən iddiaçı hesab edir ki, təhsil kursuna xərclədiyi pul övladının saxlanılması üçün zəruri xərcdir. Ona görə uşağın atası da həmin xərclərdə iştirak etməlidir. Vəkil qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(060)- 3956/2009 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması barədə iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2007-ci ildə Sumqayıt şəhər Nikah evində nikahın bağlanması haqqıda akt qeydləri kitabında, 547 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan AZ İ-109560 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş və bu bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2010cu ildə 229 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X2 adlı bir övladları doğulmuşdur. (İş materiallarına əlavə olunmuş AZ-İİ 176783 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən) İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil X5 tərəfindən ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 01 nömrəli arayışdan görünür ki, X3 fiziki şəxs X4 məxsus hazırlıq kurslarında 2021-ci ilin sentyabr ayından etibarən həftənin İ,İİİ, V günləri saat 15:00-19:00 aralığında Vİİİ sinif-1 ixtisas qrupu üzrə tədris alır. Hazırlıq üzrə aylıq ödəniş 230 AZN təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında» Qanunun 1-ci bəndinə əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyən edilmişdir. Məhkəmə hazırda uşaqları saxlamaq üçün 2022-ci il üçün yaşayış minumumunu nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddiaçı cavabdehdən hər ay 300 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etsə də, cavabdehin maddi vəziyyəti, gəlirləri və s. barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2022-ci il tarixdən tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi sentyabr 2021-ci ildən may 2022-ci il tarixədək təhsil kursuna ödədiyi 2070 manatın və 2022-ci ilin sentyabr ayından başlayaraq 2025-ci il may ayına qədər (11-ci sinfi bitirənə qədər) hər ay Hüseynli Firəngizin təhsil haqqı olaraq 230 manatın cavabdehdən tutularaq iddiaçıya verilməsi hissəsində təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Uşağın təhsil alması ilə bağlı valideynin əlavə xərclərə cəlb edilməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında nümayiş etdirdiyi hüquqi mövqeyini analoji qaydada hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, icbari ümumi orta təhsildən başqa uşağın əlavə təhsil (məktəbdənkənar kurslarda və s.) almasına görə uşaqla ayrı yaşayan valideynin əlavə xərclərə cəlb edilməsi əsassızdır. Belə ki, bu formada təhsil icbari və zəruri olmamaqla uşaqla yaşayan valideynin könüllülük prinsipi həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbinin sentyabr 2021-ci ildən may 2022-ci il tarixədək təhsil kursuna ödədiyi 2070 manatın tutulması və 2022-ci ilin sentyabr ayından başlayaraq 2025-ci il may ayına qədər (11-ci sinfi bitirənə qədər) hər ay Hüseynli Firəngizin təhsil haqqı olaraq 230 manatın cavabdehdən tutularaq iddiaçıya verilməsi hissəsində iddianın təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil və həmin hissələrdə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən 300 manat aliment tutulmasını xahiş etmişdir. Beləliklə iddianın qiyməti ən çoxu 3600 (300x12 ay) manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 56 manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh 56 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil X5 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci (50 manat) Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar