Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3776/2024 13.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8758/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2024-cü ildən başlayıb xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8758/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında boşanmışdır. Sözügedən qətnaməyə əsasən övladı xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün onun qazancının 4/1 hissəsi məbləğində aliment tutularaq X4 verilməsi qət edilmişdir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8758/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi qəbul edilən vaxt ilə indiki şərait tamamilə dəyişilmişdir və bu səbəbdən cavabdehə verilən aliment məbləğinin azaldılması zərurəti yaranmışdır. Belə ki, X8 ilə nikahı pozulduqdan sonra X10 ilə ailə həyatı qurmuş və həmin nikahdan xx.xx.2024-cü il təvəllüdlü X11 adlı bir övladı vardır. Eyni zamanda himayəsində onkoloji xəstə anası vardır, onun xəstəliyi ağır olduğundan dərman xərcləri həddindən artıq pul edir. Anası sosial müavinət alır, heç bir yerdə də işləmir. Belə olan halda ailəsinin qayğısına təkbaşına baxmalı olur və bu da həyat şəraitinin çətinləşməsinə səbəb olur. Hesab edir ki, indiki halda qətnamə qəbul edilərkən, bir uşağa görə dövlət tərəfindən təyin olunan minimum aliment məbləğini ödəmək iqtidarındadır. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək , iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, qanunvericilik sabit pul məbləğində aliment müəyyən etmişdir. Lakin uşağın saxlanması üçün aliment məbləği nə qədər çox olsa da o qədər yaxşıdır. Hazırda sabit pul məbləği 235 manatdır. Mübahisə üzrə isə alimentin məbləği şəxsin gəlirinin 1/4-i olaraq müəyyən olunmuşdur. Bu məbləğdə qalması uşağın saxlanması üçün daha məqsədəmüvafiqdir. İddiaçı bu valideyn kimi vəzifəsi yalnız övladının yemək xərcini ödəməkdən ibarət deyildir. İddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
Tədqiq olunan sübutlar: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8758/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X6 arasında 06 iyun 2015-ci ildə Sumqayıt Asan Xidmət mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və 1325 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər anası İsmayılova (Bayramova) Günel Vilayət qızının yanında qalması, 15 may 2017-ci ildən etibarən xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı qazancının 1/4 hissəsi məbləğində alimentin tutularaq X2 verilməsi qət edilmişdir.
5. AZ-İ 270057 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 arasında olan nikah ləğv edilmiş, bu barədə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 269 nömrə ilə qeyd edilmişdir.
6. AZ-İİ 436172 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X12 arasında 12 aprel 2021-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 663 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “İsmayılov”, arvada “İsmayılova” soyadı verilmişdir.
7. AZ-İV 970975 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı X11 adlı övladı da vardır və o, xx.xx.2024-cü ildə anadan olmuşdur. Uşağın anası X7r.
8. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş, İddiaçı və Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :
76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.
11. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçını dinləyərək, işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.
13. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8758/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X6 arasında 06 iyun 2015-ci ildə Sumqayıt Asan Xidmət mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və 1325 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər anası İsmayılova (Bayramova) Günel Vilayət qızının yanında qalması, 15 may 2017-ci ildən etibarən xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı qazancının 1/4 hissəsi məbləğində alimentin tutularaq X2 verilməsi qət edilmişdir. 12 aprel 2021-ci il tarixdə İddiaçı ilə X12 arasında rəsmi nikah bağlanmışdır və bu nikahdan onların xx.xx.2024-cü ildə X11 adlı övladları anadan olmuşdur. İddiaçı hal-hazırda başqa nikahdan övladının olmasını və eyni zamanda anasının onkoloji xəstə olduğunu əsas gətirərək alimentin miqdarının dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməsini məhkəmədən xahiş edir.
14. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçı AR DNŞ-nin "Kompleks qazma işləri" Trestində işləməklə 1411,20 manat əmək haqqı və İİ qrup əlil olaraq 363,84 manat pensiya alır.
15. Məhkəmə ilk növbədə qeyd edir ki, Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində.
16. Hazırki işin materiallarından da göründüyü kimi yuxarıda adı qeyd edilən məhkəmə qətnaməsi ilə iddiaçıdan sabit pul məbləğində deyil, qazancının 1/4 hissəsi məbləğində alimentin tutularaq cavabdehə verilməsi qət edilmişdir. Lakin hazırda iddiaçı alimentin 235 manat olmaqla sabit pul məbləğində tutulmasını məhkəmədən xahiş edir.
17. Ailə Məcəlləsinin 78.1-ci maddəsində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsası müəyyən edilmişdir: - aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda.
18. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.
19. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarındakı mövqeyindən çıxış edərək qeyd edir ki, qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.
20. Göründüyü kimi, Ailə Məcəlləsinin qeyd olunan normaları alimentin tutulması qaydasını imperativ formada müəyyən etmişdir.
21. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulmasını tələb edən şəxsin tələbi olmadan, eyni zamanda alimentin sabit pul məbləğində tutulması üçün Ailə Məcəlləsinin 78.1-ci maddəsində qeyd olunan əsaslardan hər hansı biri olmadan iddiaçının gəlirinin müəyyən hissəsi miqdarında tutulan alimentin dəyişdirilərək sabit pul məbləğində tutulması qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə ziddir.
22. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8758/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2024-cü ildən başlayıb xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsinə dair tələbi əsassız olduğundan təmin edilməməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
24. İddiaçıya izah olunur ki, yuxarıda adı qeyd edilən məhkəmə qənaməsi əsasında qazancının ¼ hissəsi miqdarında tutulan alimentin miqdarının azaldılması ilə bağlı iddia ilə məhkəməyə müraciət edə bilər. Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8758/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2024-cü ildən başlayıb xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva