Məhkəmə qərarları › İş №2(060)-3812/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3812/2023

18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3812/2023 18.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən hər ay iddiaçının xeyrinə bir uşağın saxlanması üçün 220 manat olmaqla, iki uşağın saxlanması üçün cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013cü il təvəllüdlü X3 adlı iki övladları olmuşdur. Nikahlarının ilk illərində münasibətləri normal olsa da, sonradan cavabdehin təqsiri üzündən ailədəki münasibətlər gərginləşmiş və dözülməz həddə çatmışdır. Hal-hazırda tərəflər ayrı yaşayırlar. Cavabdeh övladlarına heç bir maddi yardım göstərmir. İddiaçı övladlarını təkbaşına böyüdür. Lakin, uşaqlar böyüdükcə onun problemləri də böyüyür, cavabdeh isə bir valideyn kimi öz məsuliyyətini dərk etmir. İddiaçı övladları ilə birlikdə maddi sıxıntı içində yaşayır. Cavabdeh kifayət qədər gəlir əldə etməsinə baxmayaraq, könüllü şəkildə aliment verməkdən yayınır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, iki ildir ki, cavabdehlə ayrı yaşayırlar. Hər iki uşaq onun yanındadır. Cavabdeh ona heç bir maddi köməklik göstərmir. O, Sumqayıt şəhərində 2 saylı xəstəxanada tibb bacısı işləyir və 450 manat məbləğində maaş alır. Qeyd olunanlar əsasında iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddia tələbi ilə razı deyil. Uşaqların maddi ehtiyaclarını qarşılayır. O, işləyir və 880 manat məbləğində maaş alır. Qeyd olunanlar əsasında cavabdeh iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1985-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1980-ci ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən tərəflər arasında nikah xx.xx.2011-ci tarixində, Sumqayıt şəhər nikah evində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Şixəliyev, arvada isə Şixəliyeva soyadları verilmişdir. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərinə əsasən X2 xx.xx.2012-ci ildə, X3 xx.xx.2013-cü ildə anadan olmuşlar. Uşaqların anası İddiaçı, atası isə Cavabdehdur. Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin 547 saylı, xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçı ünvan 3 ünvanında qeydiyyatsız yaşamış, 2022-ci ilin mart ayından atası evinə köçüb. Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin 547 saylı, xx.xx.2023-cü il tarixli arayışına əsasən cavabdeh ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (100.2.). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınmaqla, uşaq yetkinlik yaşına çatana qədər sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların saxlanması və onların maddi ehtiyaclarının ödənilməsi onların hər iki valideyninin vəzifəsidir. Valideynlər uşaqların saxlanmasında eyni dərəcədə məsuliyyət daşıyırlar. Bu məsələ ilə əlaqədar onların birinin üzərinə az digərinin üzərinə çox məsuliyyət qoyula bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, valideyinlərin maddi vəziyyətlərində əhəmiyyətli dərəcədə fərq olarsa, onların üzərlərinə uşaqların maddi təminatı ilə bağlı fərqli öhdəliklər qoyula bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində yetkinlik yaşına çatmayan uşaqların yetkin yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 220 manat alimentin tutulmasını xahiş etsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin təmin edilməsi üçün cavabdehin zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. Bu səbəbdən iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 manat aliment tutulmalıdır. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət etdiyi üçün alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay, hər uşağa görə 190 (yüz doxsan) manat olmaqla, ümumilikdə 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixindən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar